Yeniyetməlik yaşının ümumi xarakteristikası

Yeniyetməlik yaşının ümumi xarakteristikası

Yeniyetmə yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec başlaya və qurtara bilər. Bu dövrdə həmyaşıdları ilə intim-şəxsi ünsiy­­yət yeniyetmələrin aparıcı fəaliyyəti olur.
Bu dövrdə aparıcı fəaliyyətlə yanaşı olaraq təlim, ictimai-təşkilati, idman, bədii, əmək fəaliyyəti də özünə xüsusi yer tutur. Həmin ictimai-faydalı fəaliyyət növlə­rindən istifadə etməklə yeniyetmələrdə sosial cəhətdən əhəmiyyətli işlərdə şüurlu şəkildə iştirak etmək meyli baş qaldırır. Onlar müxtəlif qruplarda qəbul olunmuş qarşılıqlı münasibət normalarına uyğun ünsiyyət yaratmağı öyrənir, öz «mən»lərini qiymətləndirmək bacarığına yiyələnirlər.

Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”, “dö­nüş” və s. dövrü də adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və psixi inkişafında müxtəlif keyfiyyət dəyişmələri baş verir.
Bununla əlaqədar olaraq uşaqlıqdan yaşlılığa keçid həmin dövrün əsasını təşkil edir.

Bu yaş dövründə uşaq orqanizminin bioloji yetkin­ləşməsi yolunda əsaslı dəyişiklik baş verir. Bədənin yuxarı və aşağı ətraf sahələrində sümüklər əzələlərə nisbətən uzununa daha sürətlə inkişaf edir. Ona görə də yeni­yetmənin xarici görkəmi çox qəribə olur. Bədənin ətraf hissələri gövdəyə nisbətən mütənasibliyini itirir, daha uzun görünür. Boy artımı çox sürətlə gedir, bəzən bir il ərzində 8-10 sm artır.
Məlum olduğu kimi kiçik yaşlı məktəblilərdə boyun və çəkinin artması əsasən uyğun şəkildə gedir. Düzgün həyat və qidalanma şəraitində yaşayan kiçik məktəbli nə kök, nə də arıq görünmür. Lakin yeniyetməlik yaşının başlanğıcından (10-11yaş) bu mütənasiblik kəskin şəkildə dəyişir. Yeniyetmənin çəkisinin və boyunun artmasında sıçrayış baş verir.
Mövcud ədəbiyyatdan məlum olduğu kimi, 9-10 yaş arasında oğlanlarda boy artımı təxminən 4,4 sm olduğu halda, 11 yaşında bu artım 5,3 sm, 12 yaşında – 6,1 sm-ə, 13 yaşında — 4,7 sm-ə, 14 yaşında – 7,2 sm-ə, 15 yaşında – 6,2 sm-ə çatır. Rəqəmlərdən göründüyü kimi, oğlanlarda ən yüksək boy artımı 13-14 yaş arasında baş verir.
Qızlarda isə boyun artımı daha tez başlayır və həmin artım tez də aşağı düşür. 9 yaşlı qızlarda boy artımı 3,8 sm, 10 yaşda – 6,21 sm, 11 yaşda – 7,17 sm, 12 yaşda – 5,43 sm, 13 yaşında təxminən 6 sm-ə çatır. Bu zaman artım əvvəlki illərə nisbətən az olsa da qənaətbəxşdir. 14 yaşında boy artımı 3,7 sm-ə, 15 yaşında isə 2,3 sm-ə enir. Rəqəmlərdən göründüyü kimi, boy artımı qızlarda oğlanlara nisbətən tez başlasa da, sonradan əsaslı şəkildə aşağı düşür.
Çəkinin artmasına gəldikdə bu dövrdə o boyun artmasından geri qalır. 9 yaşlı oğlanların çəkisi orta hesabla 26,3 kq, 10 yaşda – 29,0 kq (artım 2,7 kq), 11 yaşda – 32,1 kq (artım 3,1 kq), 12 yaşda – 36,0 kq (artım – 3,9 kq), 13 yaşda – 39,2 kq (artım – 3,2 kq), 14 yaşda – 45,5 kq (artım – 6,3 kq), 15 yaşda – 51,9 kq (artım – 5,4 kq) olur. Rəqəmlərdən göründüyü kimi, yeniyetməlik dövründə oğlanlarda çəkinin artması qeyri-bərabər şəkildə gedir. 13 yaşında çəkinin artımı aşağı düşür.
Qızlarda da çəkinin artması təxminən eyni şəkildə gedir. 9 yaşlı qızların çəkisi təxminən 25,28 kq, 10 yaşda – 28,3 kq, 11 yaşda – 32,0 kq, 12 yaşda – 36,97 kq, 13 yaşda – 41,9 kq, 14 yaşda – 47,5 kq, 15 yaşda – 50,6 kq-a bərabər olur. Qızlarda çəkinin ən az artımı 10 və 11 yaşda özünü göstərir.
Bu dəyişiklik xüsusilə cinsi yetişmənin baş­lanmasında özünü göstərir. Uşaqlara nisbətən yeniyet­mələrin siması dəyişir, böyüklərə yaxınlaşmış olur.
Əzələ kütləsi və əzələ gücü artır, nəticədə yeniyet­­mənin fiziki imkanı da artır. Yeniyetməyə elə gəlir ki, onun hər bir şeyə gücü çatar.
Yeniyetmənin psixoseksual inkişafında xüsusi dəyişiklik baş verir. Bu dövrdə cinsi yetişmənin başlanması bir növ cinsi yetkinlik üçün başlanğıc rolunu oynayır. Bununla yanaşı olaraq psixoloji yetkinliyin, eləcə də sosial yetkinliyin baş verməsi üçün müvafiq şərait yaratmış olur. Yeniyetmələrdə sərvət sistemi dəyişir: ailə, məktəb, həm­yaşıdları yeni məna və əhəmiyyət kəsb etməyə başlayır.

kayzen.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!