Oğurluq etmə uşaqların davranış pozuntularından biridir. Davranış pozuntuları kimi oğurluq etmənin də bir səbəbi olur. Çünki bütün bunlar səbəbsiz olmur. Əslində uşaqlar arasında oğurluq halları çox olur lakin, bir çox valideynlər uşaqlarının bu davranışına görə ( pul oğurlamaq, kiminsə əşyasını evə gətirmək və s.) psixoloqa müraciət etməkdə utanırlar. Məktəbəqədərki yaş dövrü 3-6 yaş arasını əhatə edir. Uşaqlar öz şəxsiyyətini 3 yaşında hələ yeni dərk etməyi öyrəndiyindən “mənim”, “sənin”, “başqasının” anlayışlarını tam mənimsəyə bilmir. İnsanların özlərinə məxsus əşyalarının olduğunu və onlara icazəsiz şəkildə toxunmamasını qavraya bilmir. Ona görə də uşaqlarınıza 3 yaşından ona aid olan və olmayan əşyaları öyrədin. Yaxşı olar ki, ilk öncə onun əşyalarını göstərin və uşaqlarınızın əşyalarından istifadə etdikdə icazə alın. Məsələn : “Olar sənin oyuncağını götürüm? Və ya icazə verirsən qələmindən istifadə edim?” Belə etdikcə zamanla uşağınız da sizin əşyalarınızdan istifadə etmək istədikdə eyni davranışı göstərəcək. Bu yaş aralığında müşahidə olunan oğurluq hadisələrinin özünəməxsus səbəbləri vardır. Uşaqlarda oğurluq hallarının olması yeniyetmələrdən fərqlənir. Yəni onlarda qrup halında oğurluq etmək, öz həmyaşıdları arasında özlərini sübut etmək üçün edilən oğurluq və ya kiminləsə şərt kəsib oğurluq etmək – bütün bunlar məktəbəqədər yaş dövründə uşaqlarda müşahidə olunmur. Əgər ailədə uşaq yetərincə diqqət görmürsə ( valideynlər həmişə məşğuldurlar, uşaqlarının problemləri, maraqları ilə yaxından məşğul olmurlarsa), ailədə daxili münaqişələr, şiddət varsa, bu zaman uşaq təsəllini ailədən kənarda axtarmağa başlayacaqdır. Ətrafdakıların diqqətini öz üzərinə çəkmək üçün belə uşaqlar hər şeyə əl atırlar. Uşaqlarda oğurluq hallarının baş vermə səbəbləri müxtəlif ola bilər :
Nəyəsə sahib olma istəyi ( bu əsasən oyuncaqlar ola bilər) ;
Yaxınlarından, dostlarından kiməsə hədiyyə vermək arzusu ;
Hər hansısa bir əşyaya sahib olduğu üçün ətrafdakıların ( əsasən yaşıdlarının) diqqətini özünə çəkmə arzusu ;
Iradəsizlik ;
Kimdənsə acıq alma duyğusu və s.
Uşaqları oğurluğa sövq edən motivlərdən biri də kiməsə məxsus olan əşyanın onun olması istəyidir. Məsələn çoxdan arzusunda olduğu oyuncağı başqa birin də görür, heç düşünmədən onu götürür və evə gətirir. Bunun başlıca səbəbi məktəbəqədər yaşlı uşaqların “mənim”, “sənin”, “özgənin” anlayışlarının mənalarından bixəbər olmalarıdır. Bu cür anlayışlar böyüklər, valideynlər tərəfindən uşaqlara izah edilməlidir ki, belə hallarla qarşılaşmasınlar. Digər səbəblərdən biri də kiməsə ( yaxınlarından, dostlarından) hədiyyə vermək arzusudur. Bu yaş dövründə uşaqlar bu və digər yollarla sevdiyi insanlara hədiyyə vermək istəyir. Uşaq heç düşünmədən başqasında gördüyü, bəyəndiyi əşyanı götürüb istədiyi insana verə bilər və bu da “oğurluq” sayılır. Bunun qarşısını almaq üçün valideynlər uşaqlarla bir yerdə hədiyyəni düzəldə bilərlər. Bununla həm oğurluq hallarının qarşısı alınacaqdır, həm də uşaqların təxəyyülü güclənir, özünə inamı daha da artır. Məktəbəqədər yaşlı olmasına baxmayaraq valideyn uşaq ilə şəxsiyyət kimi davranmalıdır, onlara gördükləri hər işdə seçim hüququ verilməlidir. Bu dövrdə uşaqlar böyüklərin etdiklərin təqlid edir. Buna görə də valideynlər də öz davranışlarına diqqət yetirməlidirlər. Valideyn uşağa hər mənada oğurluğun pis bir davranış olduğunu anlatmalıdır, belə hallarla tez-tez qarşılaşırsa bu zaman peşəkara müraciət edə bilər.
Qeyd : Əziz valideynlər, uşağınızda biraz da olsa oğurluğa meyl hiss edirsinizsə, bu onun diqqət və ya sevgiyə ehtiyacı olduğunu göstərir. Uşaqlarınızdan diqqət, qayğı və sevgini əsirgəməyin. J
Afaq Məmmədova – ADPU Təhsildə sosial-psixoloji xidmət