Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 24-25 iyun 2022-ci il tarixlərində Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya Konfransı keçirildi. Psixologiya Elmi-Tədqiqat İnstitutunun ev sahibliyi etdiyi və 2 gün müddətində davam edən konfransda Türkiyədən, İrandan gəlmiş, öz sahəsi üzrə tanınmış peşəkar mütəxəssislər neyropsixoloji cihazların psixologiya, loqopediya və erqoterapiyada tətbiqindən danışdılar. Konfransda Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB), YAP Binəqədi rayon Təşkilatının nümayəndələri, həkimlər və bu sahə üzrə çalışan mütəxəssislər iştirak etdilər.
Tədbir Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Konfransı giriş sözüylə açan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov günümüzdə neyropsixoloji cihazların aktuallığından, tətbiqinin vacibliyindən, elmdə dinamik inkişafa yetişmək üçün yeniliklərin izlənməsindən danışdı.
Təhsil Nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək müasir aparatların psixologiyada tətbiqinin təqdirəlayiq olduğunu, vacibliyini vurğulayaraq konfransın işinə uğurlar dilədi.
TƏBİB, Tibbi Fəaliyyətin Təşkili Departamentinin mütəxəssisi Aygün Quluzadə də öz çıxışında tibbdə eləcə də psixologiyada yeniliklərin tətbiqi və təkmilləşdirilməsi kimi önəmli məsələlərə toxundu.
Konfransın açılış hissəsində spikerlərin hər biri öz qısa çıxışlarıyla fərqli sahələrdə neyropsixoloji cihazların istifadəsi və faydalarından danışdılar.
Daha sonra çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun Tədris və Elmi Metodiki Şöbəsinin müdiri, p.ü.f.d, dosent Hökümə Əliyeva konfrans iştirakçılarını salamladı və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Konfransın birinci günündə Koqnitiv nevrologiya üzrə f.e.d, Erqoterapiya üzrə mütəxəssis Nadir Əlirzalı “Neyrostimulyasiya və onun növləri” , İranda nevrologiyaya əsaslanan yeni terapevtik texnologiyaların banisi, Parand İxtisaslaşdırılmış Mərkəzin təsisçisi, Sağlamlıq Psixologiyası üzrə f.e.d Məsud Nüsrət Abadi “Sağlamlıqla əlaqəli sahələrdə neyromodulyasiya üsulları: keçmiş, cari və gələcək tendensiyalar”, Psixologiya üzrə fəlsəfə doktoru, Bilişsel Nörobilimçi Zeynep Küçük “ Beyin uyarımının epilepsi kliniğinde uyarımı” mövzularında çıxış etdilər.
Konfransın ikinci günü Koqnitiv Nevrologiya üzrə f.e.d, CYBER Nevroloji və Psixoloji Mərkəzin rəhbəri Amin Asadollahpourun “Loreta Neurofeedback – ən müqsir metod” adlı çıxışıyla başladı. Ardınca Narınc Psixologiya Mərkəzinin Sumqayıt, Salyan və Gəncə filialları üzrə baş defektoloq-loqopedi Səbinə Oruczadə “Forbrain aparatı ilə yaddaşın və səs tələffüzünün təkmilləşdirilməsi”ndən danışdı. Konfransın yekun çıxışı isə Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin Üzvü, Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “İnkişaf və Yaş Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova və Narınc Psixologiya Mərkəzinin aparatlar üzrə baş mütəxəssisi, həkim, psixoloq Nuridə Məmmədovanın birgə təqdimatında səsləndirilən “BETA ONE cihazı və onun tətbiq olunduğu sahələr” mövzusunda oldu. Daha sonra açıq müzakirə baş tutdu, təkliflər dinlənildi, konfrans iştirakçılarını maraqlandıran suallar spikerlər tərəfindən cavablandırıldı.
Nəzəri və praktik əsaslı çıxışları özündə əks etdirən, ümumilikdə 85 nəfər iştirakçının qatıldığı konfransın yekununda hesabat nitqi səsləndirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov tədbirin sonunda qapanış nitqi ilə çıxış etdi. Öz bilik və bacarıqlarını auditoriya ilə bölüşən mütəxəssislərə plaketlər və milli-mənəvi dəyəri özündə əks etdirən hədiyyələr təqdim olundu.
Sonda iştirakçılara sertifikatlar təqdim olundu, xatirə fotosu çəkildi, tədbir yekunlaşdı.