Valideynləri narahat edən problemlərdən biri də uşaqlarda yemək kaprizləri və yemək yemə istəməməklə bağlıdır. Mövzunun psixoloji tərəfləri ilə bağlı Narınc Uşaq Psixologiya Mərkəzinin Həsən Əliyev filialının “Yaş və inkişaf psixologiya şöbəsinin” müdiri psixoloq Aygün Cəfərova narınc.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
“Qidaya olan tələbat bizim əsas ehtiyaclarımızdan biridir. Bu ehtiyac ödənilmədikdə gərginliyə səbəb olur. Yeni doğulan südəmər çağa belə ac olduqda dayanmadan ağlayır və ehtiyacı ödənildikdən sonra sakitləşir.
Heç bir bioloji narahatlığı olmayan insanın aclıq hissi yarandıqda, qidalanmağa ehtiyac hissi duyacaq, yəni ac olduğumuz zaman mədə yanması başlayacaq və biz o yanmanı aradan qaldırmaq üçün müxtəlif qidalar qəbul etməliyik. Digər bir halda isə dad hissinin də öz təsiri vardır. Dadını bildiyimiz, gördükdə belə aclıq hissi keçirdiyimiz bir qidanı qəbul etməmək mümkün deyil.
Uşaq ilk 6 ay ərzində sadecə ana südü ilə qidalanmalıdır. Ana südü olmadığı, uşağın tam doymadığı vaxtlarda isə süni qidalardan istifadə etmək olar. 6 aydan sonra isə digər qida növlərinə keçid başlamalıdır. Digər qidalara tərəvəzlərdən, meyvələrdən və müxtəlif sıyıqlardan istifadə uyğundur. Lakin əlavə qidalara keçid etdikdə belə çox diqqətli olmaq lazımdır. Erkən dönəmdə duzlu, şirin qidalarla tanış olan körpələrdə gələcəkdə yemə pozuntuları yarana bilər.
Artıq 7-ci aydan etibarən uşaqlara müxtəlif meyvə ,tərəvəz dilimlərindən az-az da olsa əllərinə verib dadlarına baxmaq üçün kömək etmək lazımdır. Burada məqsəd uşağın doymağı deyil, sadəcə qidaların dadları bilməsidir. Biz bununla uşaqlarda dadmaq zövqünü formalaşdırmalıyıq. 1.5-2 yaş dönəmində uşaqlar artıq öz-özünə yeməyi öyrənirlər.
Hər uşağın orqanizmi fərqlidir. Buna görə də uşaqları başqalarıyla müqayisə etmək olmaz. Bir uşaq gün ərzində daha çox qida qəbul edə bilər, digər bir uşaq isə daha az qida qəbul edə bilər. Əsas olan bunun onun orqanizmində hər hansı bir problem yaratmamasıdır.
Digər bir nüans isə uşağa saatla yemək vermək məsələsidir. Məsələn, səhər yuxudan duran bir uşağa oyanar-oyanmaz valideyn tez yemək yedizdirmək istəyir. Uşaq isə yuxudan yenicə oyandığı üçün kapriz göstərə bilər, yemək istəməyə bilər. Bu zaman analar çox narahat olur, zorla da olsa uşağa yemək yedizdirməyə çalışır. Bu da təbii ki, doğru bir hal deyil. Bəzən valideynlər səhər yeməyi və nahar saatına qədər uşağa əlavə qidalar verir ki, belə olduqda isə uşaqda aclıq hissi yaranmır və o nahar yeməyi yemək istəmir. Uşaqlara yemək aralığında çox qida vermək düzgün deyil, çünki bu zaman mədə yüklənir və həzm etmə prosesi çətinləşir.
Valideynlərin etdiyi digər bir yanlış uşaqlara televizor və ya telefon izlədərək yemək verməsidir. Bu zaman uşaqlar qidanın dadını bilmir, çünki beyinləri ancaq izlədiklərinə cəmlənir. Bəs uşaqlara yemək təlimi verərkən nələrə diqqət yetirməliyik?
İlk əvvəl bildirməliyik ki, uşaqlar sevmədikləri qidaları zorla yedizdirtmək olmaz. Eyni zamanda uşaqlara cəza və mükafatlandırma ilə də yemək vermək olmaz. Məsələn; “ Yeməyini yesən səni parka aparacam” və s. Uşaq artıq mükafata çatmaq üçün bu qidanı bir maneə olaraq görəcək və qidanı elə qəbul edəcək.
Unutmaq olmaz ki uşaq şəxsiyyətinin inkşafında 0-6 yaş aralığı çox vacibdir. Biz valideynlər isə şəxsiyyətin formalaşmasının ən önəmli rol modelləriyik.”