Mütəmadi olaraq valideynlərdən şikayət gələn və sual ünvanlanan mövzular sırasında uşaqlarda qida kaprizləri ilk sıralardadır desək, yəqin ki yanılmarıq. İlk öncə bildirmək lazımdır ki, yemək vərdişi uşaqlarda valideynlər tərəfindən, onlarla bir yerdə formalaşır. Məsələn: ana şorbanı və ya hər hansı başqa bir yeməyi necə bişirirsə artıq, bir müddət sonra bu uşağın ağız dadına uyğunlaşır və yeməyi elə xoşlayır; və ya ata-ana hansısa meyvəni xoşlamırs,evə alınmırsa, yeyilmirsə zamanla uşaq da xoşlamamağa başlayacaqdır. Yəni, doğru qidalanma rejimində uşağa ilk nümunə ailəsi, atası-anasıdır. Bəzən uşağın yemək istəmədiyi və ya heç yemədiyi qidaları valideynlər evə bazarlıq edən zaman almır. Bu da doğru hal deyil, davamlı şəkildə sevmədiyi qidaları, meyvələri və onların orqanizmə faydalarını valideynlər övladlarına davamlı təlqin etməlidir. Belə olduqda onlarda bir müddət sonra həmin qidalara qarşı yemə istəyi,sevgi və yemə vərdişi formalaşacaqdır.
Hər bir insanın xarakterinə xas ağız dadı var. Uşaqlar da hər qidanı sevməyə, yeməyə bilər bu tam normal bir haldır. Ancaq təməl qidalar var ki, uşaqlar onu yeməlidir, bu onların orqanizması, immuniteti üçün önəmlidir. Bu zaman da valideyn qida rasionunu doğru şəkildə tərtib etməyi bacarmalıdır və uşağa yedizdirdiyi yeməklərdən valideyn özü də dadmalıdır. Məsələn: meyvə və tərəvəz təməl qidalar sırasındadır. Uşaqlar bütün meyvə və tərəvəzləri sevməyə və yeməyə bilər. Meyvədən dadamasına onlara kömək etmək, hətta onlarla bərabər yemək lazımdır. Ancaq kiçik yaşlardan valideyn yaxşı olar ki, meyvələrin şirəsini çəkib onlara verməlidir. Bu şəkildə onu qəbul etmək uşaqlar üçün də rahat olacaqdır.
Bəzən isə müəyyən yaşa məsələn: 5-6 yaşına çatmasına baxmayaraq valideynlər övladına blenderdən keçirilmiş qidalar hazırlayıb verir. Bu zaman uşaqların nitq inkişafında gecikmələr yarana bilər, çünki çeynəmə əzələləri inkişaf etmir və formalaşmır.Ona görə də kiçik yaşlardan başlayaraq uşaqlara saqqız çeynəmək, nəfəs gimnastikaları, şam üfürmələr etdirmək lazımdır.Bütün bunlar çeynəmə əzələlərinin güclənməsinə müsbət təsir edir və onlarda yeməyə qarşı qorxunu korreksiya edir. Digər tərəfdən ancaq blenderdə hazırlanan həlim şəklində yeməklər qəbul edən uşaqlar sərt qidaları və ya bütöv bir almanı yeyə bilmirlər. Buna görə də ən gec 1 yaşdan sonra blender da qida hazırlayıb verməyi valideynlər dayandırmalıdır.
Yeməyi mükafat halına çevirən valideynlər də var. Bu vəziyyət də düzgün deyil. Çünki, uşaq artıq yeməyi nəyəsə çatmaq, nəyisə etmək üçün bir vasitə rolunda görür. Məsələn: valideyn bildirir ki, “ Yeməyinin hamısını bitirsən sevdiyin cizgi filminə 10 dəqiqə də artıq baxa bilərsən” Qeyd etdiyimiz kimi, uşaq artıq yeməyi istəklərinə çatmaq üçün vasitə kimi görməyə başlayır. Düşünür ki, yeməyimi yeyib bitirəcəm anam,atam məni tərifləyəcək və qarşılığında mükafatlandırılacam. Ancaq bu kimi təməl ehtiyaclarda nə cəza tətbiq etmək, nə də mükafatlandırmaq doğru yanaşma deyil. Təməl ehtiyaclara: qidalanma, baxım bacarıqları, yuxu rejimi və s. daxildir. Qida prosesində uşağa qidanın hər gün eyni saatda verilməsi də vacib hissələrdən biridir. Belə ki,onlarda acıma hissi yaranır ki, bu onlarda yemək vərdişinin formalaşmasına kömək edən vasitələrdəndir.
Yemək saatı zamanı ailənin hər bir fərdi süfrə başında olmalı və uşaqlarla birgə yemək yeyilməlidir. Bu da uşaqlarda istər yemək vərdişinin, istərsə də süfrə mədəniyyətinin formalaşmasında xüsusi rola malikdir.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova