Uşaqlarda davranış pozuntusu

Uşaqlarda davranış pozuntusu

Valideynlərin psixoloqlara müraciət etmələrinin əsas səbəblərindən biri də uşaqlarda davranış pozuntusu ilə bağlıdır. Bu mövzu ilə əlaqədar tez-tez suallar verilir: “Övladımda davranış pozuntusu müşahidə etmişəm, bu məni çox narahat edir. Hansı çıxış yolu məsləhət görürsünüz?” və s.

Davranış Pozuntusunun Müxtəlif Forması və Təhlili

İlk öncə vurğulamaq lazımdır ki, psixoloq, davranış pozuntusu olan uşağı müayinə edərkən, onun pozuntusunun hansı səviyyədə olduğunu və ictimailəşmiş və ya ictimailəşməmiş olduğunu müəyyən etməlidir. İctimailəşməmiş davranış pozuntusu o deməkdir ki, valideyn uşaqdakı problemləri yalnız evdə müşahidə edir. Belə uşaqlar bağçada və ya məktəbdə özlərini sakit və nümunəvi aparırlar. İctimailəşmiş davranış pozuntusu isə əksinədir: evdə sözə baxan, sakit uşaq, ictimai yerlərdə, bağçada və ya məktəbdə aqressiv davranışlar göstərir və müəllimlər tərəfindən tez-tez danlanır. Qarışıq davranış pozuntusu isə hər iki vəziyyətin birləşməsidir və ən çətin formadır. Belə uşaqlarda problemlər çoxşaxəlidir və onların vaxtında psixoloqa aparılmaması gələcəkdə bu problemlərin korreksiya edilməsini çətinləşdirə bilər. Cəmiyyət içində özünü düzgün apara bilməyən uşaqlar çox zaman özgüvən problemləri yaşayırlar.

Davranış Pozuntusunun Səbəbləri və Korreksiyası

Davranış pozuntusunun yaranmasının bir səbəbi uşaqların evdə və cəmiyyətdə fərqli münasibət görməsidir. Evdə çox əzizlənən və istəkləri yerinə yetirilən uşaqlar, sosial mühitdə də bu diqqəti tələb edə bilər və əks reaksiyalarla qarşılaşdıqda aqressiv davranmağa başlaya bilərlər. Bunun əksi də mümkündür: evdə fiziki və psixoloji şiddətə məruz qalan uşaqlar, bağçada və ya məktəbdə xoş münasibət gördükdə, bu onlarda davranış pozuntusuna səbəb ola bilər.

Davranış pozuntusu nə zaman və hansı hallarda üzə çıxır? Əslində, davranış pozuntusu uşaqların özlərini ifadə etmə yollarından biridir. Digər uşaqlardan fərqli olaraq, bu uşaqlar yaxşı əməllərlə diqqət çəkmək əvəzinə, pis davranışlarla diqqət çəkməyə çalışırlar. Məsələn, aqressiya, sözə qulaq asmamaq, davamlı yalan danışmaq, hətta özünə xətər yetirmək kimi halları nümunə göstərə bilərik.

Ümumiyyətlə, davranış pozuntuları 2 yaşdan etibarən görünə bilər. Vaxtında peşəkar psixoloq dəstəyi alınmazsa, bu uşaqlarda gələcəkdə şəxsiyyət pozuntuları, anti-sosial şəxsiyyət və digər patoloji fəsadlar ortaya çıxa bilər.

Amerika Beynəlxalq Nevroregulyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!