“Uşaqların yanında dava edən valideynlər”

“Uşaqların yanında dava edən valideynlər”

Bu mövzu həmişə suallar ünvanlanan və aktual olan mövzular sırasındadır. Ana-atanın evdə uşaqların yanında anlaşılmazlıq yaşaması və bunun nəticəsində dava etmələri tez-tez müşahidə olunan hallardandır. Son zamanlar bu mövzu ilə bağlı psixoloqlara müraciətlər olunur və valideynlər bildirir ki, “bu proses uşaqların psixologiyasına necə təsir edir?”

İlk öncə onu bildirmək lazımdır ki, ailədə cütlüklər və ya valideyn-övlad arasında anlaşılmazlığın olması, kiçik mübahisələrin olması normal bir haldır. Əgər bu davranışlar böyük davalar, fiziki, psixoloji şiddət məcrasına keçmirsə anormal hal hesab edilmir, əks halda mütəmadi anlaşılmazlıqlar və ağır şiddət vəziyyəti varsa bu normal deyil və burada peşəkar ailə psixoloq dəstəyi alınması vacibdir.

Belə kiçik mübahisələr zamanı valideynlər bu prosesi övladlarına uyğun bir dillə, onların anlayacağı cümlələrlə və yaşına uyğun bir şəkildə izah etsələr yaxşı olar. Əks halda bunu uşağa bildirməmək, uşağı başqa bir otağa göndərib digər tərəfdə mübahisə etmək onlara mənfi təsir edə, daha çox stress keçirmələrinə, həyəcanlanmalarına, qorxu yaşamalarına səbəb ola bilər. Nəticədə belə uşaqlar gələcəkdə itirmə qorxusundan əziyyət çəkə bilərlər. Ona görə də bu vəziyyətləri qeyd etdiyimiz kimi onlara uyğun bir dillə izah etmək, ailə daxilində belə proseslərin də yaşana biləcək olmasını bildirmək, ona başa salmaq daha düzgün addım hesab olunur. Belə olduqda uşaqlar gələcəkdə cəmiyyət içərisində və ya bağçaya, məktəbə getdikdə və özləri belə bir vəziyyətə düşdükdə stress, panika yaşamayacaq eyni zamanda bu situasiyadan çıxmağı bacaracaqlar.  Bildirdiyimiz kimi, anlaşılmazlıq, problem hər kəsin yaşa biləcəyi və hər bir evlilikdə yaşana biləcək bir haldır, ona görə də bunu həmişə uşaqlardan gizlətmək, onlara bildirməmək də doğru deyil. Vurğuladığımız kimi, müəyyən mənada onlara bunu izah etmək və belə proseslərin adi bir hal olduğunu bildirmək normaldır. Bunu izah edərkən onun özündən analogiyalar gətirmək də olar. Məsələn, “Ata ilə aramızda anlaşılmazlıq yarandı. Sən də necə ki, dünən bacınla oyuncağa görə anlaşılmazlıq yaşadın, onunla dava etdin və ata gəlib oyuncağı növbə ilə oynamağınızı bildirdi. Biz də indi atayla anlaşılmazlıq yaşadıq, mübahisə etdik, ancaq aramızda danışdıq , üzr istədik və mübahisəmizi dayandırdıq” 

Ancaq davalarda, mübahisələrdə fiziki olaraq zorakılıq, şiddət, nəyəsə zərər yetirmə və s. hallar varsa bu, təbii ki yolverilməzdir və buna şahid olan uşaqların psixologiyasında korreksiya edilməsi çətin olan zədələr yaranır. Belə uşaqlarda fobiyalar, ciddi nevroz əlamətləri, daxili aqressiya, özgüvənsizlik və digər problemlər müşahidə olunur. Eyni zamanda onlarda həyəcan-təşviz pozuntusu yaranır və bütün bunlar onların gələcək həyatına, cəmiyyətdəki yerlərinə, davranışlarına mənfi təsir göstərir.

Ailənin sağlam təməlli, uşaqların isə psixoloji cəhətdən sağlam olması üçün valideynlər,böyüklər ailə daxili problemləri və ya mübahisələri qarşılıqlı anlaşma və hörmət çərçivəsində həll etməyi bacarmalıdırlar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!