Şəkidə ailə faciəsi yaşanıb belə ki, rayonun Suçma kəndində Nuray Abdurrahmanova adlı şəxs özünü yaşadığı evin sanitar qovşağında asaraq intihar edib. Bildirilən məlumatlara görə, onun 7 aylıq körpəsi var və 22 yaşı olub. 7 aylıq körpəsi olan gənc ananın intihar səbəbi və bu hadisənin psixoloji tərəfləri barəsində Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
“ Ümumiyyətlə doğuş sonrası depressiya, başqa sözlə ifadə etsək postpartum depressiya adi depressiyanın bir növüdür və bir çox qadınlarda rast gəlinən hallar sırasındadır. Depressiya kifayət qədər ciddi bir xəstəlikdir və bundan əziyyət çəkən insanlar psixoloqun, psixoterapevtin və psixiatrın nəzarəti altında müalicə prosesi keçməlidir. Bildirmək lazımdır ki, qadın orqanizmində baş verən proseslər, yəni hamiləlik və doğuşdan sonrakı müddət mövcud depressiyaya meyilliliyi artırır və çox zaman bunu üzə çıxarır. Əsasən bu tip depressiyalar doğumdan sonra ilk 3 ay ərzində ananın əhvali-ruhiyyəsində, istər psixoloji vəziyyətində, istər davranışlarında, istərsə də fiziki vəziyyətində bu və ya digər şəkildə özünü göstərməyə, biruzə verməyə başlayır. Bu hallar məsələn: uşaqdan uzaqlaşma, qaçma, hətta bəzi hallarda uşağa qarşı laqeyidlik, istəksizlik kimi faktorlarda öz əksini tapır, yəni bunları depressiyanın ilkin əlamətləri kimi götürə bilərik. Xüsusilə belə hallar gənc yaşında ana olan, ilk uşağını dünyaya gətirən, evin tək uşağı kimi böyüdülən və ya evin tək uşağı olan, stessə davamsız, özgüvəni aşağı olan, hamiləlik müddəti, həmçinin doğumu ağır keçən qadınlarda daha çox müşahidə olunur. Belə zamanda bu kimi hallara müdaxilə olunmadıqda, gözardı edildikdə təəssüf ki, belə acınacaqlı və xoşagəlməz hadisələr yaşanır. Hətta bəzən ailələr daha böyük facilələrlə üzləşə bilir. Məsələn, ana özünə xətər yetirməklə bərabər övladına da zərər verə bilir ki, bu da son nəticədə böyük ailə faciəsinə gətirib çıxarır. Ona görə də hamiləlik müddəti ərzində ana olacaq qadının qorxuları, uşaqla bağlı fikirləri, doğum qorxusu, həyəcanı və s. kimi nüanslar mütləq nəzərə alınmalı və ehtiyac yaranarsa psixoloq dəstəyi alması vacibdir. Həmçinin yaxşı olar ki, bu müddət ərzində bəylər də xanımları yalnız qoymasın və cütlük şəklində psixoloq dəstəyi alsınlar.
Hamiləlikdən və doğumdan sonrakı period da yenicə ana olmuş qadınların psixoloji vəziyyəti üçün önəmli faktordur. Belə ki, burada qayğı və böyüklərin, məsələn: ananın, nənənin yardımları, yeni doğulmuş körpənin və ananın yalnız buraxılmaması diqqət edilməsi gərəkən nüanslardandır. Qeyd etdiyimiz kimi doğumdan sonrakı depressiya ilk övladını dünyaya gətirən və ilk analıq duyğusunu yaşayan qadınlarda sıx şəkildə müşahidə edilir. Çünki bu onların ilk təcrübəsi olduğu üçün, onlar uşaqla necə bacaracaqlarını, rəftar edəcəklərini, ona necə baxacaqlarını bilmirlər. Bu xüsusda da vurğuladığımız kimi böyüklərin dəstəyi, uşağa necə baxılmasını ona öyrətmələri ən vacib fator sayılır. Belə ki, bu zaman yeni ana olan qadında özgüvən hissi artır və bir müddət sonra böyüklərin köməyi olmadan da özü körpəsinin bütün ehtiyaclarını qarşılaya və ona baxa bilir. Bunlarla birlikdə ilk analıq təcrübəsi yaşayan qadınların psixoloq dəstəyi alması da onların psixoloji vəziyyətinə müsbət təsir edə və əgər depressiya əlamətləri varsa psixoloqun köməyi ilə zamanında korreksiya edilə bilər.
Ətrafımızda yeni doğum prosesini keçən qadınlarda nümunə gətirəcəyim əlamətlər müşahidə etsək bilməliyik ki, bunlar doğum sonrası depressiyanın əlamətləridir və həmin qadınlar bu problemdən əziyyət çəkirlər. Postpartum depressiyada görülə biləcək duyğusal dəyişikliklər bunlardır:
- Kədərli və bədbəxt hiss etmək
- Çarəsizlik hissi
- Dəyərsizlik hissi
- Depressiv, daim dəyişən əhvali-ruhiyyə
- Gərginlik və narahatlıq hissi
- Maraq və istəklərin azalması və əvvəlki kimi olmaması
Bundan əlavə postpartum depressiya fiziki simptomlarla da özünü göstərə bilir. Bu simptomları sadalaya bilərəm:
- Həddindən artıq yorğun hiss etmək, enerjinin azalması
- Yata bilməmək və ya hər zaman yuxulu olmaq, bir sözlə yuxu pozunuqluğu yaşamaq
- Libidonun azalması və cinsi əlaqədən uzaqlaşma
- Yemək pozunuqluğu-çox və ya az yemək
Postpartum depressiya zamanı qadınlarda düşüncədə də müxtəlif dəyişikliklər müşahidə edilir. Nümunə kimi bunları göstərə bilərəm:
- Körpəyə baxa bilmədiyini, bacara bilmədiyini düşünmək
- Özünü davamlı tənqid etmək
- Özünü günahlandırmaq
- Başqalarından daha uğursuz olduğu düşüncəsi
- Konsentrasiya pozunuqluğu
- Hər şeyin ən pis olacağından qorxmaq düşüncəsi
- Ölüm və intihar düşüncələri
Son olaraq qeyd etmək istərdim ki, doğum sonrası, yəni postpartum depressiya qadınlarda davranışlarında da öz əksini tapa bilir. Buna misal olaraq qeyd edə bilərəm:
- İnsanlardan uzaq durmaq
- Evdən çıxmamaq
- Özünə baxmamaq, qulluq etməmək
- Əvvəllər həzz aldığı şeyləri edə bilməmək
- Ətrafı ilə mübahisə etmək, davamlı anlaçılmazlıq yaşaması
- Gündəlik həyat ehtiyaclarını yerinə yetirə bilməmək və ya həddindən artıq yüklənmək “
- Müəllif-Səbinə Hüseyinova