“Ünsiyyətdən qaçan yeniyetmələr”

“Ünsiyyətdən qaçan yeniyetmələr”

Müəyyən yaşdan sonra, xüsusilə yeniyetməlik dönəmində uşaqlarda ünsiyyət problemi, düzgün münasibət qura bilməmək və s. hər zaman rast gəlinən və valideynlərin narahatlıqla qarşıladıqları problemlər sırasındadır. Davamlı olaraq valideynlərdən bu tip şikayətlər alırıq: “ Yeniyetmə övladım bir müddətdir ki, özünə qapanıb və ünsiyyət problemi yaşayır” və ya “ Övladım yeniyetməlik dönəmindədir, evdən çıxmaq, kimləsə danışmaq istəmir. Bu vəziyyətdən narahatam.Çıxış yolu necədir?”

Bildirmək lazımdır ki, 9 yaşdan sonra cinsi yetişkənlik yaşı başlayır və bu bir növ növbəti yaşlarda yeniyetməlik dönəminə keçid sayılır. Ən çox kritik və ya “böhran yaş dönəmi” deyəcəyimiz aralıq 14-16 yaş dönəmidir. Belə ki, bu dönəmdə uşaqlarda aqressiya, əsəbilik, təhlükəli şeylərə maraq etmək, evdən qaçma istəyi və hətta qaçmalar, cinayət törətmək, pessimistlik, özünə qapanma halları və s. müşahidə edilir. Əvvəl yaşıdları ilə vaxt keçirməyi sevən, parkda oynayan uşaqlar bu dönəmdə davamlı evə qapanır, öz otaqlarından çıxmaq istəmirlər. Həmçinin belə uşaqlarda yuxu pozulmaları, gecə gec saatda yatmaq və dərslərinə marağın azalması, dərs oxumaq istəməməsi kimi hallara da rast gəlinir. Əgər yeniyetmə özünə qapanırsa və ünsiyyətə girmək istəmirsə valideynlər bu halın nə vaxtdan baş verdiyinə diqqət etməlidir. Belə ki, əgər uşaqda bu xarakterik cəhətdirsə, yəni kiçik yaşlarından, məsələn: bağça və ya məktəb yaşından varsa bu yaşı irəlilədikcə onlarda arta bilər. Bu hal belə uşaqlar yeniyetməlik dönəminə gəlib çatdıqda daha da arta və onun virtual aləmə, sosial şəbəkələrə yönəlməsinə gətirib çıxara bilər. Bu tip uşaqlar qeyri-verbal ünsiyyətə, internet oyunlarına və sosial şəbəkələrə daha çox maraq göstərirlər və zamanla özlərinə virtual bir dünya yaradırlar. Çünki, onlar daxilindəki fikirləri, sözləri real həyatda ifadə edə bilmədiyi üçün, bunları virtual dünyada virtual söhbətlər, oyunlar və digərləri vasitəsilə etməyə çalışırlar. Burada onlar virtual oyunlar vasitəsilə özlərinə  xəyallarındakı, olmaq istədikləri kimi bir obraz yaradır, ona ad qoyur və bu şəkildə hərəkət edir. Belə desək, reallaşdırmaq istədiyi obrazı, şəxsiyyəti orada virtual da olsa yaradır və sanki real həyatdaymış kimi davranır.

Ancaq bu hal, yəni ünsiyyətdən qaçma uşaqlarda sonradan, irəli yaş dönəmlərində müşahidə edilirsə, əvvəllər belə bir problemi yox idisə, deməli bunun arxasında mütləq ki bir səbəb vardır. Valideynlər bu məsələyə xüsusi diqqət yetirməli və övladı ilə söhbət aparmalıdır. Belə proseslərin bir çox travmaya bağlı səbəbi ola bilər. Yaxın, sevdiyi birini itirməsindən, hər hansısa hadisədən, mühit dəyişimindən, hansısa heyvandan qorxudan və s. sosial faktorlardan sonra onda bu vəziyyət yarana və travma halında qala bilər. Bu da onlarda dəyərsizlik, sanki heç kimə lazım deyilmiş kimi fikirlərin yaranması və nəticədə özünə qapanma, heç kimlə danışmaq istəməmək kimi proseslərin yaşanmasına gətirib çıxarır. Ona görə də, valideyn onunla söhbət etməli və lazım gələrsə gecikmədən övladını psixoloqa yönləndirməlidir.

Ümumiyyətlə, özünə qapanma, ünsiyyətdən qaçma kimi hallar özgüvəni aşağı olan, ailədə psixoloji, hətta fiziki şiddət görən, xroniki xəstəliyi, həyəcan-təşviş pozuntusu, nitq qüsuru olan, daim qorunan ailələrdə böyüyən və s. uşaqlarda müşahidə edilir. Çünki bu sadaladıqlarımız ünsiyyətə əsas təsir göstərən faktorlar sırasındadır. Eyni zamanda paralel olaraq belə uşaqlarla psixoloq məşğul olmalı və onlarda bu problemləri yaradan səbəbləri aşkarlamalıdır. Məsələn, əgər bu özgüvənlə bağlı problemdirsə, psixoloq ilk növbədə uşağın özgüvəni üzərində işləməli və onu müəyyən edilmiş səviyyəyə çatdırmalıdır.

Valideynlər də öz növbəsində onlara sosial şəbəkələri, virtual oyunları müəyyən qədər məhdudlaşdırmalıdır, yaxşı olar ki, günün müəyyən bir zaman dilimində uşaqlara bu oyunları oynamağa, sosial şəbəkələrdə vaxt keçirməyə icazə versinlər. Bunun əvəzində onları cəmiyyətə, sosial mühitə daha çox yönəltsinlər, məsələn: aktiv fəaliyyətlərə məşğul ola, hansısa rəm dərnəyinə gedə, idman növü ilə məşğul ola bilmələri üçün şərait yarada və ya övladlarının marağında olan sahələrə yönəldə bilərlər.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!