Valideynlərdən gələn suallardan biri də övladlarının sol əli ilə yazı yazması, sol əlini istifadə etməsi və solaxay uşaqlar haqqındadır. Hətta bəzi valideynlər övladlarını sol əli ilə yox sağ əli yazı yazmağa məcbur etdiyini də bildirir. Ancaq bildirmək lazımdır ki, bu doğru bir üsul deyil. Bu hal uşaqların psixologiyasına, psixo-emosional vəziyyətinə mənfi təsir göstərir. Solaxaylıq anormallıq deyil, təbii bir haldır, sadecə belə desək fərqlilikdir. Solaxaylığın uşağın inkişafına, şəxsiyyət kimi formalaşmasına heç bir mənfi təsiri yoxdur. Biz dünya praktikasına nəzər salsaq bir çox alimlərin, dünyada elm sahəsində tanınmış insanların içərisində solaxay olanlara da rast gələrik.
İlk öncə vurğulamaq lazımdır ki, hər insan özünəməxsusdur. İnsan beyni iki yarımkürədən ibarətdir. Bunlar sağ və sol yarımkürələr adlanır. Beyninin sağ yarımkürəsi aktiv olan insanlar daha çox solaxay olurlar.Əksinə yəni, sol yarımkürəsi aktiv olan insanlar isə sağ əlindən daha çox istifadə edirlər. Kiçik yaşlarından da uşaqlarda bunu təyin etmək olar. Məsələn, kiçik yaşlı bir uşağa hər hansı bir oyuncaq uzatsaq və ya nəyisə gətirməsini istəsək o zaman o oyuncağı sağ əli ilə alırsa və ya əşyanı bizə sağ əli ilə təqdim edirsə demək ki, ən çox sağ əlindən istifadə edir, əksinə davamlı sol əli ilə icra edirsə demək uşaq solaxaydır. Solaxay uşaqlarda yaradıcı təfəkkür daha yaxşı inkişaf edir. Ümumiyyətlə, təsadüfi deyil ki, solaxay insanların çox hissəsi incəsənətə və onun müxtəlif növlərinə eləcə də ədəbiyyata maraqlı olurlar. Valideynlər solaxay övladları varsa, yaxşı olar ki, onları musiqiyə, rəsm kursuna və ya müxtəlif yaradıcı dərnəklərə yönləndirsinlər.
Valideynlərin bu mövzuda etdikləri növbəti səhvlərdən biri də, solaxay uşaqlara sol əlindən istifadə etməməsini bildirməklə bunu əskiklik kimi göstərmələridir. Bu zaman valideyn uşağa sanki “sən anormalsan” mesajını vermiş olur ki, belə hallar da nəticədə uşaqlarda özgüvən əskikliyinin meydana çıxmasına səbəb olur. Belə uşaqlar gələcəkdə özünü aktivləşdiriə bilmir və təhsil, kariera həyatında uğur qazana bilmir.Əksinə valideynlər ona “sən fərqlisən,özünəməxsus bacarığın var” və ya “hər kəs bir-birindən fərqlənir, heç kəs eyni deyil” və s. kimi ifadələrlə motivasiya verməli və solaxay olmağın heç də pis və utanılacaq bir şey olmadığını uşaqlarına aşılamalıdırlar.
Bundan əlavə disleksiyası, yəni öyrənmə çətinliyi olan uşaqlar da çox zaman solaxay olurlar. Solaxay uşaqlarda bu kimi yanaşı çətinliklər yoxdursa narahat olmaq lazım deyil, qeyd etdiyimiz kimi burda anormal heç nə yoxdur. Ancaq, paralel olaraq disleksiya da mövcuddursa bu zaman mütləq bir psixoloq dəstəyi alınmalıdır. Bunun üçün xüsusi hazırlanmış proqramlar mövcuddur ki, 6 aya müəyyən qədər irəliləyiş əldə etmək mümkündür. Ancaq disleksiya ilə solaxaylığı qarışdırmaq da olmaz. Hər solaxay uşaqda disleksiya, yəni öyrənmə çətinliyi var demək, düzgün deyil.
Övladınızın fərqli xüsusiyyətlərini özgüvənini aşağı salmaq üçün yox, əksinə yüksəltmək üçün istifadə edin.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova