Abituriyentlərin, ümumən imtahan verənlərin fənn hazırlığı ilə yanaşı paralel olaraq psixoloji hazırlığı məsələsi hər zaman cəmiyyətin gündəmində olan məsələlərdəndir. İmtahana psixoloji hazırlıq, imtahan prosesində imtahan verən şəxslərin psixo-emosional sferası, bütün bunların onların imtahan nəticələrinə təsiri və ümumən imtahan psixologiyası haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova sia.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik
“Günümüzdə geniş yayılan, daima ətrafında müzakirələr gedən mövzulardan biri də abitruyentlərin, tələbələrin ümumən imtahan verən şəxslərin imtahan prosesində həyəcan yaşaması və imtahana psixoloji hazırlığı məsələsidir. Qeyd etmək istərdim ki, uşaqların imtahan həyəcanı yaşaması, imtahandan öncə və imtahan prosesində gərginlik, narahatlıq keçirmələri mütəmadi olaraq psixoloqlara sual ünvanlanan və hər zaman aktual olan mövzular sırasındadır. Valideynlər, müəllimlələr bu məsələdə həssas olur və narahatlıqlarını ifadə edirlər, bəzən isə uşaqlardan daha çox stess keçirirlər. Məsələn bildirirlər ki, və ya “ övladımda həyəcan var, imtahan zamanı bu özünü açıq şəkildə göstərir və nəticələrinə də təsir edir. Belə ki, yüksək nəticə əldə edəcək potensiala sahibdir, lakin bir çox hallarda nəticəsi aşağı olur.” Necə edək ki, onun psixologiyasına mənfi təsir etmədən bu problemləri düzəltməkdə ona kömək edək? və ya “Övladımın imtahan nəticəsi istədiyi kimi olmadı və bundan sonra onda depressiv əlamətlkər müşahidə edirəm. Bu məni çox narahat edir. Bu problemin düzgün çıxış yolu nədir?”
İlk öncə vurğulamaq istərdim ki, biz bir çox hallarda müşahidə edirik ki, imtahan verənlərin, xüsusilə abitruyentlərin real biliyi, potensialı ilə ortaya qoyduğu nəticə eyni olmaya bilir. Bu fərqi də analiz etdikdə, burada psixoloji faktorların nə qədər önəmli yerə sahib olduğunun şahidi oluruq. Burada ən böyük təsirlərdən biri, sözsüz ki, imtahan stessi, narahatlığı və həyəcandır. İmtahan verənlər, xüsusilə imtahan prosesindən bir neçə saat əvvəl ancaq bu barədə düşünür, “Görəsən yaza biləcəmmi? Valideynlərimin ümidini doğrulda bilcəmmi? Əziyyətimin bəhrəsini görə biləcəmmi?” və s. bu kimi fikirlər onları narahat edir və stess, həyəcan-təşviş yaradır. Həyəcan da sinir sisteminə təsir edir ki, bu getdikcə dərinləşə və baş ağrısı, ürək bulanması, l-ayaqların tərləməsi, ürək döyüntülərinin artması və s. hallar fonunda özünü biruzə verə bilər. Beləliklə, imtahan verən şəxsdə diqqət yayınmaları, diqqətini toplaya bilməmək kimi problemlər də yaranmağa başlayır. Bu proseslər də öz növbəsində həyacan-təşvişin ən pik həddi hesab olunur. Həmçinin bütün bunlar onun nəticələrinə də təsirsiz ötüşmür, və sonda istənilən, hədəf kimi qoyulan nəticənin alınmamasına səbəb olur. Təbii ki, bu da abituriyentin, tələbənin, ümumən imtahan verən şəxsin psixoloji vəziyyətinə mənfi təsir edir, motivasiyasını aşağı salır. Bu kimi halları aradan qaldırmaq üçün nəyə diqqət edilməlidir? Qeyd etmək istəyirəm ki, həyəcan-təşvişi yaşayan iki tip uşaqlar vardır:
- İmtahana qədər həyəcan keçirən uşaqlar
- İmtahan prosesində həyəcan keçirən uşaqlar
Birinci tip uşaqlar imtahana qədər həyəcan keçirsə də, imtahan prosesində bu həyəcan azalmağa başlayır və onlar istədikləri nəticəni əldə edə bilirlər. İkinci tip uşaqlarda isə, nəyinki imtahana hazırlıq dönəmində, həm də, imtahan prosesində və imtahan bitirib nəticələr elan olunana qədər bu hal yaşanırsa bu təbii hal hesab edilmir. Əslində bunu bildirmək də, yerinə düşər ki, imtahana hazırlaşarkən və ya imtahandan əvvəl həyəcanlı olmaq müəyyən dərəcədə normal qəbul edilir. Ancaq bu hal, əvvəldə vurğuladığım simptomlarla müşayiət olunursa, mənfi nəticələr verirsə belə hal psixoloji nöqteyi-nəzərdən qiymətləndirilməli və mütləq bir psixoloq dəstəyi alınmalıdır. Peşəkar psixoloqun dəstəyi ilə, belə problemlər korreksiya edilə və zamanla aradan qaldırıla bilər. Bunun üçün, psixoloq ilk öncə pasientlə doğru nəfəs gimnastikaları üzərində işləməli və həmin situasiyada hansı nəfəs texnikasını etməsi lazım olduğunu ona öyrətməlidir. Belə ki, bu nəfəs gimnastikaları həmin an həyəcanı, qan dövranını nəzarətdə saxlayaraq beyinin oksigen ilə zənginləşməsinə, imtahan verənin və ya abitruyentin sakitləşməsinə, rahat şəkildə konsentrasiya ola bilməsinə kömək edir. Əlavə olaraq onu da deyə bilərəm ki, nəfəs texnikaları, gimnastikaları standart və qəlibləşmiş formada deyil, müxtəlif olur. Belə ki, bu insanlara, onların yaşadığı stress və həyəcanın ağırlıq dərəcəsinə görə fərqlənir
Hər zaman çox çalışan, oxuyan, kiçik detallara belə nəzər yetirən uşaqlarda həyəcan-təşviş pozuntusu daha çox müşahidə edilir. Belə uşaqlar həmişə belə desək, hər şeyin ən yaxşısına nail olmaq istəyir və mükəmməliyyətçi olurlar. Ona görə də, işlər tərs getdikdə, istədikləri nəticəni əldə edə bilmədikdə panikaya düşür və stress yaşayırlar. Belə uşaqlar adətən, imtahan zamanı asan suallardan yox, daha çətin suallardan başlayırlar. Bu da nəticədə onların o suallarda ilişib qalmasına, vaxt itkisinə gətirib çıxarır ki, asan sualları yazmağa vaxtları qalmır. Ona görə də uşaqların imhana başlayarkən ilk əvvəl sevdiyi fənnin suallarından başlaması daha doğru addımdır. Bu zaman onlar sualları tapdıqca, həm imtahan həyəcanı azalacaq, həm də, özgüvənləri yüksələcək. Əksinə qorxduğu, çətinlik çəkdiyi fənni sona saxlaması daha uyğun və tövsiyə olunanadır.
Təssüflə vurğulayacağım bir məqam da var ki, bəzən valideynlər övladlarının akademik billiklərə tam yiyələnməklə imtahan prosesinə hazır olduqlarını vurğulayırlar. Ancaq, həm valideynlər, bəzi hallarda həm də müəllimlər psixoloji nüansı gözdən qaçırırlar. Bəli, doğrudur akademik biliklər önəmlidir, ancaq şagird, abituriyent üçün akademik biliklərlə paralel olaraq psixoloji hazırlıq, onun psixo-emosional sferası da önəmli hissəni təşkil edir. İmtahan həyəcanı, ümumiyyətlə həyəcan-təşviş pozuntusu olan, motivasiyadan tez düşən, depressiyaya meyilli olan abituriyentlərin, imtahan verəcək şəxslərin psixoloq konsultasiyasından keçməsi, psixoloji dəstək alması tövsiyə olunur. Belə ki, bu onların imtahan nəticələrinə və ümümilikdə həyatlarına, insanlarla münasibətlərinə müsbət təsir edəcəkdir.
Diqqət yayınıqlığı və təşvişi olan uşaqların imtahanda qarışdırdığı hissələrdən biri də, suallarda “doğru deyi” “yanlış deyil” və ya “yalnışdır” tipli suallardır. Bu tip sualları qarışdırmamaq üçün ən sadə yollarından biri həmin hissənin qələmlə ya altından qalın bir xətt çəkmək, ya da dairəyə almaqdır. Belə olduqda bu hissə onların diqqətlərindən qaçmayacaq və fokuslana biləcəklər. Cavab variantlarını oxuduqda isə səhvliyinə əmin olduqlarının üzərindən xətt çəkə bilərlər. Bu hissələrin onlarda vərdiş kimi formalaşması uşaqlara müsbət təsir edəcək.
İmtahan prosesində uşaqların saatdan istifadə etməsi də vacib nanslardan birini təşkil edir. Bilirik ki, imtahan zamanı vaxtını düzgün bölə bilməyən və bu səbəbdən də sualların hamısına nəzər yetirə bilməyən uşaqlar da var. Saatdan istifadə etmək onlarda vaxt bölgüsünü düzgün qurmağa kömək edəcəkdir. Vaxt bölgüsünü əvvəlcədən müəllim ilə də məsləhətləşə və bu şəkildə hərəkət edə bilərlər. Hətta yaxşı olar ki, belə uşaqlar imtahandan bir neçə gün əvvəl müəllimlə və ya evdə valideynlərin nəzarəti altında bu prosesi təcrübədən keçirsinlər. İmtahan prosesindən 1-2 gün əvvələ qədər uşaqların sevdiyi musiqini dinləməsi, ailəsi ilə daha sıx vaxt keçirməsi, pozitiv insanlarla ünsiyyətdə olması, ailəlikcə onun sevdiyi məkana getmələri və s. faktorlar da onun motivasiyasına, özgüvəninə müsbət təsir edəcək nüanslardır. Ümumiyyətlə imtahan gününə 1-2 gün qalmış abituriyentin, tələbələrin dərs oxuması, saatlarla test etməsi tövsiyə olunmur. Bu onlarda zehni yorğunluğun yaranmasına, suallarda səhvliklər etdikdə motivasiyadan düşmələrinə və stress, həyəcanın daha da çoxalmasına səbəb ola bilər. Eyni zamanda abituriyentlər yuxu saatlarına da diqqət etməli və vaxtında yatmalıdırlar. Düzgün yuxu rejimi gün ərzindəki yorğunluğu, həmçinin zehni yorğunluğu aradan qaldıran, beynin yenidən “enerji yığmasına” kömək edən əsas faktorlardan biridir.
Son olaraq bunu qeyd etmək istərdim ki, imtahan sonrası yüksək nəticə əldə edə bilməyən, valideynlərinin gözləntilərini qarşılaya bilməyən uşaqlarda depressiv vəziyyətlər yarana bilir. Bütün bunların üzərinə valideyn təzyiqi, “başqaları nə deyər?” fikri də əlavə olunduqda heç kimə sirr deyil ki, çox təəssüflər olsun ki, xoşagəlməz hallar baş verir və intihar xəbərləri eşidirik. Belə hallar son dövrlər cəmiyyətdə, xüsuilə abituriyentlərdə təsadüf olunur. Bu da öz növbəsində çox acınacaqlı haldır, hətta bir ailənin faciəsidir. Bu zaman valideynlər uşağın psixoloji vəziyyətini nəzərə alıb, aqressiyalarını bir kənara qoyub səbirlə davranmalı və bu çətin dönəmdə övladına dəstək olmalı, onun həyatı, gələcəyi ilə bağlı gözəl şeylərdən bəhs etməlidirlər. Doğrudur, burada valideynlərin niyyəti safdır, ancaq yanaşma üsulları düzgün deyil. Vurğulamaq istərdim ki, valideyn övladını nə qədər özgüvənli böyüdəcəksə, yanında olub dəstək olacaqsa uşaq da ruh yüksəkliyi yaşayacaq bu da təbii ki, bilavasitə onun nəticələrinə yaxşı mənada təsir edəcək. “