İnsan həyatında yaşanan və bəzən onun iradəsindən aslı olmayaraq baş verən hadisə və proseslər onun psixologiyasında müəyyən izlər buraxa bilir. Qorxular, travmalar bir çox səbəblərdən yarana bilər və korreksiya edilmədikdə daha da dərinləşə, özü ilə bərabər bir çox problemlərin yaranmasına gətirib çıxara bilər. Fobiyalar, xüsusilə də tarvma halları onun psixikamıza təsiri və korreksiyası haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova sia.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
“ İlk öncə onu bildirməliyəm ki, ümumiyyətlə hər bir travma insanda müəyyən təsirlər buraxır. İnsan həyatında bəzən elə hadisələr baş verir ki, insan ona mane ola bilmir və bunlar onun yaşam tərzinə bu və ya digər formada təsir göstərir. Bu təsirlər isə fiziki də ola bilər, psixoloji də ola bilər. Bunlardan psixoloji travama daha dərin ola bilir və korreksiyası uzun zaman ala bilir. Sevdiyin insanı itirmə, boşanmalar, ayrılma, davamlı stressli həyat şəraiti, uşaqlığın hər hansı dönəmində baş vermiş pis bir hadisə və s. travma yaradan faktorlar kimi göstərilə bilər. Adətən travma yaşanan zaman ilk olaraq insan bundan qaçır və psixoloji olaraq qəbul etmək istəmir. Ancaq bu da doğru çıxış yolu deyil, problemi korreksiya etmək üçün travmanı ilk öncə qəbullanmaq lazımdır. Belə olan halda psixoloq da travmanın yaradan faktoru, səbəbini daha tez aşkarlaya və korreksiya etməyə başlayacaqdır. Ayrıca onu da vurğulamalıyam ki, uzun müddət travmanı qəbul edə bilməmək və həzm edə bilməmək insanlarda həyəcan-təşviş, özgüvən əskikliyi, fobiya, panik atak kimi problemlərin meydana çıxmasına səbəb ola bilər. Ona görədə tarvma yaşadığımızda ilk öncə çətin də olsa onu qəbul etmək və bağışlamaqdır. Çünki bu hisslər travma yaşayan insana az da olsa rahatlıq verər və yalnız özünü günahkar görməkdən çəkindirər. Belə ki, insan travmanı qəbul etmədiyi və bağışlamadığı zaman həmin travmanı yaşadan hadisələrə və ya insanlara qarşı daima aqressiv mövqedə olacaqdır. Eyni zamanda beyni davamlı pis hadisəyə, insanlara fokuslandığı üçün enerji itirə bilər ki, bu da gündəlik yaşamında bir çox problemlərə, məsələn: yuxusuzluq, depressiya və s. səbəb ola bilər. Həmçinin vurğulamalıyam ki, bununla yanaşı peşəkar psixoloq dəstəyi alınmalı və terapiyalara başlamaq lazımdır.
Vacib nüanslardan biri də odur ki, insanlar hadisəni ümumiləşdirməsin. Yəni, hadisəni olduğu yerdə, olduğu vaxtda qoymalıyıq. Çünki, bir çox hallarda insan beyni bunu ümümiləşdirir. Məsələn: uşaq vaxtı yaşanılan hər hansı travmanı insanın “məni” özü üçün bir təhlükə kimi görür və qeyri-ixtiyari olaraq onu ümümiləşdirir. Başqa bir misal deyə bilərəm, məsələn: xəyənətlə qarşılaşan bir insan travma alıbsa artıq onun “məni” ümumiləşdirmə zamanı belə bir mexanizm formalaşdırır: insanlara bağlanan, sevən zaman xəyanətlə qarşılaşa bilərəm. Bu da travma yaşayan insanda ətrafına, xüsusilə də qarşı cinsə qarşı güvənsizlik yaradır. Həmçinin öz növbəsində münasibətlərdə də hədsiz qısqanclıq, davamlı konfliktli vəziyyət və s. kimi problemlərin meydana gəlməsinə səbəb olur. Hadisə və insanları ümümiləşdirən zaman bu təbii ki, duyğularımıza da təsir edir və onların da ümumiləşdirilməsi ilə nəticələnir. Belə insanlarda depressiv hallar tez-tez müşahidə olunur. Belə vəziyyət də travmanın daha da şiddətli hala keçməsinə və dərinləşməsinə gətirib çıxarır.
Eyni zamanda bildirmək lazımdır ki,uşaqlıq travmaları insan həyatına təsir edən ən önəmli faktorlardan biridir. Ailə daxili konfliktlər uşaqlarda travma yaradan faktorlar kimi ilk sırada qeyd edilir. Uşaqlarda yaranan travmalar sonrası onlarda yuxu pozunuqluğu, həyəcan və bununla yanaşı selektiv mutizm dediyimiz(“mutus” sözündən olub “səssiz”, “susqunluq” mənasını verir.) travma sonrası uşaqda nitq problemlərinin yaranması, nitqini unutması kimi hallar müşahidə olunur. Belə ki, qeyri-ixtiyari olaraq bu uşaqlarda “danışsam da insanlar məni qoruya bilməz” düşüncəsi yaranır və bir çox uşaqlarda travma sonra nitq problemlərinə rast gəlinir. Bu dönəmdən uşaqların ən az zədə ilə çıxması üçün mütləq şəkildə psixoloji dəstək lazımdır. Eyni zamanda bu dönəmdə psixoloq yardımı ilə bərabər uşaqları sağaldacaq bir şeydə var ki, o da təbii ki, sevgi və qayğıdır.”