Son illər uşaqlara qarşı zorakılıq halları artmaqdadır. Valideynlərin, ümumiyyətlə, cəmiyyətin narahatlığı anlaşılandır. Evindən körpə səsi gələn hər kəs övladını qorumağa çalışır. Belə hadisələrə qarşı mübarizə aparılır, “bu son olsun” deyirlər, amma elə olmur…
Bir çox cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da pedofiliya – uşaq istismarı tabudur. “Bakıda pedofilin uşağı iddia edilir”. Bu xəbər iyunun 19-da mediada tirajlanmışdı. Şikayətçi də Binəqədi rayonu Rəsulzadə qəsəbəsi sakinidi idi. O, bildirib ki, pedofil onun qızını qorxudub. Kişinin dediyinə görə, naməlum şəxs qəsəbədəki evlərdən birinin həyətinə gələrək uşaqların oynamasını izləyib. Sonra uşağın qarşısını kəsərək cinsiyyət orqanını göstərməyə çalışıb.
Videoda 35-40 yaşlı kişinin velosiped sürən qızın arxasınca getdiyi, daha sonra qorxan uşağın cəld ondan qaçdığı əks olunub.
Pedofiliya 1968-ci ildən Amerika Psixiatriya Assosiasiyası tərəfindən digər parafiliyalarla (cinsi pozğunluqlar) psixi pozğunluqlar arasında təsnif edilib. Pedofilik pozğunluq, yetkinlik yaşına çatmamış uşaqları əhatə edən davamlı cinsi düşüncələr, fantaziyalar, çağırışlar və davranışlarla təzahür edən davamlı, diqqətli və intensiv cinsi oyanma modeli kimi xarakterizə olunur.
Bir çox insanlar pedofilləri; tənha yerlərdə gizlənən və küçələrdə uşaqları seyr edən eybəcər, qocalar kimi düşünür. Amma acı həqiqət budur ki; pedofillər bəzən qonşumuz, bəzən etibarlı dostlarımız, bəzən din xadimi, bəzən dayə, müəllim, həkim, siyasətçi, icma liderləri və hətta ailə üzvləri ola bilər. Daha çox kişilərdə müşahidə edilən uşaqbazlığa nadir hallarda qadınlarda da rast gəlmək mümkündür.
Mövzu haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova sherg.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
“Valideynin qorxmadan, çəkinmədən və uşağı danlamadan bu mövzunu onunla danışması, söhbət etməsi vacibdir. Əgər uşaq danışmaq istəmirsə, sıxılırsa və ya danışmaması üçün qorxudulubsa, o zaman valideyn qısa müddət də olsa ona zaman verməlidir. Valideyn uşağa güvən duyğusu aşılamalı və yalnız olmadığını hiss etdirməlidir. Uşaqların danışmamasının səbəbi bir çox hallarda zorakılıq edən şəxsin onu qorxutması və təhdid etməsi olur. Yəni bir çox hallarda uşaqlara, həmçinin yetkin insanlara da nəinki fiziki, həm də ağır dərəcədə psixoloji zərər yetirirlər.
Aparılan araşdırmalar onu göstərir ki, təcavüz və zorakılıq qurbanı olan insanlar, uşaqlar gələcəkdə parafiliyadan(cinsi meyl pozuntuları), sadomazoxizmdən(özünə və digər insanlara, yaxınlarına işgəncə verərək, əziyyət verərək seksual həzz almaq), sosial fobiya, nevroloji pozuntu,ünsiyyət problemi və sosial fobiyadan əziyyət çəkə bilirlər. Zorakılıq və təcavüz halı istər davamlı, istərsə də bir dəfə yaşansın. Hər iki halda insan psixologiyasında, xüsusən də uşaq psixikasında ciddi və gələcəkdə korreksiyası çətinləşən izlər qoyması mümkündür. Zamanında professional dəstək alınarsa, travma və qorxular korreksiya edilə bilər. Hətta psixoloqla paralel olaraq həkim müayinəsi başlanmalı və hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Psixoloq xüsusi metodla danışmaq istəməyən, ünsiyyətdən qaçan uşaqlarla terapiyalar sayəsində onların qorxularının səbəbini və hətta zorakılıq, təcavüz etmiş insanın kimliyini də ortaya çıxarmaq olar”.
Narınc Rüstəmova pedofiliya pozğunluğunun diaqnostik meyarlarını da açıqlayıb:
“Ən azı 6 ay davam edən, yetkinlik yaşına çatmamış uşaqla cinsi əlaqə ilə bağlı təkrarlanan, intensiv, cinsi uyğunlaşmalı fantaziyalar, çağırışlar və ya davranışlar; uşaqlara qarşı oyanma böyüklərə qarşı oyanış qədər güclüdür. Hətta bir çox hallarda ondan daha güclüdür. Şəxs bu impulslardan təsirlənir və ya impulsları, fantaziyaları klinik cəhətdən əhəmiyyətli sayılacaq sıxıntı və şəxsiyyətlərarası problemlər yaradır”.