Psixoloji çətinliklər fiziki reaksiyalarda özünü necə göstərir? Panik atakın əsas səbəbləri nələrdir?-kimi suallara Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi,Psixologiya Elmi-Tədqiqat İnstitunun elmi işçisi,Uzman-Klinik psixoloq Narınc Rüstəmova Telejurnal.az -a açıqlamasında bildirib.
“Bildiyiniz kimi, kifayət qədər psixosomatik xəstəliklər mövcuddur. Ruhumuzda hansısa “çatlar” yarandıqda o özünü fiziki simptomlarla biruzə verir. Hər bir psixosomatik problemlərdə həm psixoloji nüanslarla, həm də, somatik simptomlarla işləmək lazımdır. Xüsusilə panik atak son dövrlər demək olar ki, ən çox rast gəlinənlər psixosomatik xəstəliklər sırasındadır. Panik atak insanlar davamlı stess keçirdikdə, əsəbiləşdikdə, ətrafı ilə mütəmadi problemlər yaşadıqda,çox böyük travma aldıqda və bunun korreksiyası üçün psixoloqa vaxtında müraciət olunmadıqda və ya hər hansı bir təbii fəlakət nəticəsində yaranan şiddətli qorxu halından sonra üzə çıxa bilər. Panik atak tutmaları zamanı əl-ayaq tərləməsi, əsmə, ürək döyüntüsünün sürətlənməsi və s. simptomlar özünü göstərir. Hətta səbəbi olmayan, neyrodermik dediyimiz dəri qızartıları, dəri səpkiləri kimi problemlər də müşahidə edilir. Xüsusilə həyəcan-təşvişli insanlarda psixosomatik xəstəlilər özünü daha çox biruzə verir. Bəzən bu kimi hallarda insanlar bu problemlərin yalnız həkimin həll edə biləcəyini düşünür və həkimə yönəlirlər. Ancaq bu tam da doğru yanaşma deyil. Məsələn: panik atakı olan biri həkimin yazdığı sakitləşdirici dərmanı qəbul edib panik atakını azalda bilər. Ancaq bu yaşadığı stessin, həyəcanın onun psixologiyasına təsiri məsələsi gözardı edilməməlidir. Yaşadığı qorxunu və onda qalan travma izlərini mütləq şəkildə psixoloq işləməlidir. Hər tərəfli işlənmədiyi zaman həmin problem tamamilə aradan qalxmır. Buna görə də hər hansı travma və qorxularımız varsa, vaxtında psixoloji dəstək almalıyıq. Əks təqdirdə bu sonrakı dönəmlərdə psixosomatik xəstəliklərə keçid edə bilər.
Qeyd etdiyim kimi burada səbəb olaraq birinci yerdə həyəcan-təşviş, depressiya durursa ikinci yerdə konversiyon pozuntu dediyimiz, keçmiş adıyla desək isteriyalar dayanır. Epilepsiya ocaqları olmadığı halda ürək getmələr, qıcolmalar, hətta özündə olmayaraq sayıqlamalar edən insanlar var. Bu isterik tutmalar mütləq şəkildə psixoloqun nəzarət altında aradan qaldırılmalıdır. Bəzən həll edilməyən problemlər, insanın içində gizlətdiyi hiss və duyğuları bu şəkildə özünü biruzə verə bilir. Buna görə də kompleks dəstək görmək vacibdir. Yəni paralel olaraq həkim və psixoloq, lazım gələrsə psixiatr dəstəyi də alınmalıdır. Belə ki, bir çox tibbi xəstəliklərin kökündə psixoloji sarsıntılar və travmalar dayanır. Ona görə də psixoloji yardım almaq vacib məsələdir.”