Son zamanlar xüsusilə özgüvənlə bağlı sıxıntı yaşayanlar çoxdur və bu problemlə müraciət edənlər kifayət qədərdir. O səbəbdən də,16 oktyabr 2023-cü ildə Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova “Eqoterapiya.Uşaqlarda özgüvənin formalaşdırılması.Güvənli bağlanma.” mövzusnda supervizya təlimi keçib. Təlimdə Narınc Rüstəmova problemin kökündə duran səbəblərdən, uşaqlarda, yeniyetmələrdə, hətta yaşca daha böyük insanlarda problemi yarada biləcək səbəblərdən söz açıb. Mövzu ilə bağlı iştiraçılarla müzakirə edilib, sonda isə suallar tərtib edilib və cavablandırılması üçün iştirakçılara təqdim edilib. Hər bir iştirakçı sertifikatla təltif olunub. Superviziya təlimində müzakirə olunan mövzunun qısa şərhini təqdim edirik.
Özgüvən- insanın nə olduğu (real mən) ilə necə olmaq istədiyi (ideal mən) arasındakı məsafəni necə gördüyü və bu məsafəni necə dəyərləndirməsi ilə bağlı duyğuları və mühakimələridir. Real məni ilə ideal məni arasındakı məsafənin heç vaxt bağlanmaması sağlamlığa işarətdir. İnsanın özüylə əlaqədar ideallarının olması, davamlı ona doğru çabalaması yaxşıdır. Sağlam olmayan isə, aralarındakı məsafəyə görə qəhər çəkmək, bundan davamlı şikayətlənmək və buna görə hamını bədbinləşdirməkdir. Uşaqların qarşısına çətin hədəflər qoyulanda və burada uğursuz olduqda, uşaq ailəsinin və müəlliminin gözləntilərini doğrultmadığı üçün günahkarlıq hissi keçirməyə başlayır. Uşaqlarda özgüvən əsasən dünyaya gəldiyi gündən 9-10 yaşlarına kimi aktiv şəkildə inkişaf etməyə başlayır. Özgüvən üçün şəxsin özünə verdiyi əsas sual “ətrafdakılar məni necə görür?” olur. Hər etdiyimizin insanlar tərəfindən qəbul edilməsinə gərək duymadığımızda, istədiklərimiz baş tutmayanda öyrəndiyimiz, başqalarının istəklərini öz istəklərimizlə balanslaşdırdığımız bu dövr, sevməyi və sevilməyi öyrəndiyimiz zamandır. Hər uşağın ən böyük ehtiyacı güvənli bağ qurmaq və özünü güvəndə hiss etməsidir. Mənəvi ehtiyacları doğru şəkildə və doğru zamanda ödənilən uşaqda öz güvən və özünə hörmət formalaşır.
Mənəvi ehtiyaclar ödənən uşaqlarda aşağıdakılar mövcuddur
1. Özünə güvən
2. Özünü dəyərli hiss etmək
3. Həyatda onunda bir mövqeyi olduğuna inanması
4. Başqalarınan yerinə dəyər verməsi
5. Empatiya duyğusu.İnsanların düşüncələrini, davranışlarının səbəbini anlamaq bacarığı
6. Ətrafıyla doğru şəkildə ünsiyyətə girmək və davam etdirmək
0-18 ay aralığındakı uşaqlarda özgüvən
Qeyd etdiyim kimi, özgüvən çağalıq dövrünün xüsusilə ilk 3 ayında formalaşır. Sevgi, rahatlıq və yaxınlıq kimi təməl ehtiyaclarının ödənməsi ilə inşa edilir. Təməl güvən duyğusunun ilk addımı 0-3 ayındadır. Çağa altının təmizlənməsiylə, bəslənməsi və qayğı göstərilməsiylə böyüklərlə təmasda olur. Bu “pozitiv özünə hörmət” və sosial bacarıqların formalaşması, özgüvənin yaranmasının ilk tumurcuqlarıdır. Qayğı və hüzurlu mühit çağanın olduğu mühitin sabit və idarə edildiyini anlamasına kömək edir və bu da onlarda güvən yaradır. Bunu paralelində qabiliyyətlərininin üzə çıxmasına zəmin yaradır.
18 ay- 3 yaş aralığındakı uşaqlarda özgüvən
Körpəlik dönəmində uşaqlar nəyə bənzədiklərini, nələr bacardıqlarını və nəyə aid olduqlarını özünü və ətrafındakıları sınayaraq öyrənirlər. Bu yaş dönəmində paylaşmaq onlar üçün çox çətindir. 2-3 yaşındakı uşaqlar söylənilənlərə, tapşırılanların ziddinə getməyə meyillidirlər. İstəklərinə maneə olanda, danlanıldıqda əsəbləşir, hətta ağlayır və əksinə gedirlər. Öz iradəsini sübut edilməsinə şərait yaradılan, təzyiq göstərilməyən uşaqlarda bu dövrdə özünə güvənmə və iradə inkişaf edir. Uşaq bu dövrdə, həm də, qərar vermək və əməkdaşlıq etmək bacarığı qazanır. Sevilmədini hiss edən uşaqlarda özlərinə qarşı dəyər hissi formalaşmır. Bu dövrdə uşaqlara qaydaları başa salmaq və bu çərçivədə sərbəstlik vermək çox vacibdir. Qaydalar onların ətrafını kəşf etmələri üçün güvənli parametrlər formalaşdırır. Həmçinin qaydalar onlara etdiklərinin məsuliyyətini daşımalarını və seçimlərinə görə cavabdeh olmağı öyrədir. Qaydalar uşaqların özlərini güvəndə hiss etmələrinə şərait yaradır. Qaydaların səbəbini neqativ yox pozitiv yöndən anlatmaq ,uşaqlara izah etmək lazımdır.
Məktəbəqədər dövr (3-6 yaş) özgüvən
Bu dövrdə özgüvənə ən böyük təsir edən faktor uşağın oyun oynaya bilməsidir. Xüsusilə qrup içində rollu oyunlar öz güvəni artırır. Bu dövrdə sosiallaşmayan uşaqlar irəlilələyən zamanlarda güvənsiz və çəkingən olur. Uşağın özünə qarşı hörməti nə qədər inkişaf edibsə bir o qədər özünəgüvəni də yüksək olur. Özünə hörməti olan uşaq müsbət yöndən özünü qiymətləndirməyi bacarır. Həm də, məmnuniyyətli və həyata qarşı daha pozitiv ruhda olar. Özgüvəni aşağı uşaqlar isə öyrənmə çətinliyi, günahkarlıq hissi və depressiyaya meyilli olur. Özgüvən diqqətinin konsentrasiyasına da təsir edir. Buna görə öyrənməyə meyilli olur, lider ruhlu olurlar. Əksi olanda isə uğursuzluqla üzləşməsinlər deyə daim stiuasiyadan qaçırlar. Eləcə də, tənqidə açıq olmurlar, rəqabət duyğuları yüksək olur və saymazyana davranışlar sərgiləyirlər. Onlarda müəllimini məmnun etməyə çalışma, utancaqlıq, qapanma və ya üsyankarlıq davranışları müşahidə olunur. Səhvlərini düzəldəndə ya o insana qarşı kinlənir ya da susub küskünləşirlər. Buna görə kollektiv işlərdən qaçır hər şeyi tək etməyə yönəlirlər.
Uzman- klinik psixoloq Narınc Rüstəmova