“Uşaq özünə qapalıdırsa, bu valideynlərə bir siqnal olmalıdır“ – Psixoloq açıqladı

“Yəqin ki, bir çoxumuzun ətrafında çəkingən, ünsiyyət qurmayan, özünə qapanan uşaqlar var. Bu məsələ ilə bağlı biz psixoloqlar da son zamanlar çox müraciətlər alırıq. Valideynlər bu vəziyyətdən şikayət edirlər, xüsusən yeniyetmələrdə bu kimi hallarla tez-tez qarşılaşırıq. “Bunu depressiya adlandırmaq olarmı? və ya Uşaqlar depresiyyaya düşə bilərmi? Valideynlər bunu uşaqlarının hansı davranışlarından anlamalıdırlar?” tipli suallar ünvanlanır. Özgüvəni aşağı olan, ünsiyyət çətinliyi, mutizmi olan, özünəqapanmaları olan uşaqlarda depressiv hallar müşahidə oluna bilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, xüsusilə burada mutizmi vurğulamaq lazımdır: “Uşaq stress yaşadıqda, müxtəlif travmalar keçirdikdə və sosiallaşa bilmədikdə bu problem daha çox müşahidə olunur. Həmçinin nitq inkişafında gerilik olan uşaqlarda, xroniki xəstəlikləri və bir neçə dəfə əməliyyat keçirmiş uşaqlarda da mutizm çox görülən haldır. Belə uşaqlar cəmiyyətə adaptasiya ola bilmir və özlərini ifadə edə bilmirlər. Bu zaman onlar “özünü kilidləməklə” heç kimlə kontakta girməməklə çıxış yolu tapırlar. Ona görə də zamanla bu vəziyyət depressiv hala keçə bilir. Vəziyyətin korreksiya edilməsi üçün mütləq zamanında psixoloji terapiya lazımdır. Psixoloq uşağın özgüvənini qaldırmalı, yaşadığı travmanı məsələn: ailədaxili şiddət ola bilər və ya məktəbdə, bağçada yaşadığı hansısa hadisə ola bilər ki, bunu aşkar etməli və etablı şəkildə bu problemlərin üzərində işləyib korreksiya etməlidir. Mutizimin daha çox görüldüyü yaşlar 6-7 yaş dönəmidir. Əgər övadınız ətrafında çox az insanla kontakta girirsə, bildiyi şeylərə də cavab vermək istəmirsə, çəkinirsə, özünə qapanıqdırsa bu valideynlərə bir siqnal olmalıdır. Bu halda zamanında psixoloqa müraciət olunarsa effektiv nəticə alına bilər. Əks halda belə vəziyyət irəlilədikcə, daha da ağırlaşdıqca və zamanında müdaxilə olunmadıqca xüsusilə yeniyetmələrdə özünə xətər yetirmə, evdən qaçma və s kimi yanlış hadisələrin yaşanmasına gətirib çıxara bilir. Bu da müdaxiləsi gecikdirilmiş depressiv hallarda müşahidə oluna bilir.

Eyni zamanda praktikada bir çox hallarda yeniyetmələrin aqressivlik nümayiş etdirdiyini və psixoloqa gəlmək istəməmələrini müşahidə edirik. Belə olan halda ən optimal çıxış yolu ailə terapiyasıdır. Yəni ilk öncə bir neçə dəfə valideynlər özləri seanslara gəlməli və bunun çox normal bir şey olduğunu övladına izah etməlidir. Beləcə artıq bir müddət sonra yeniyetmə heç bir kənar müdaxilə olmadan ailəsi ilə birlikdə özü psixoloq qəbuluna getmək istəyəcək. Psixolji dəstək, psixoloqun və ailənin yardımları ilə yeniyetmələr bir müddət sonra bu kimi hallardan azad ola, qurtula bilər.”

Müəllif: Səbinə Hüseynli

https://sia.az/az/news/social/1115588.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!