“9 yaşdan sonra uşaqlarda cinsi yetişkənlik yaşı başlayır. Bu yaşdan etibarən uşaqların, özünü oğlan və ya qız kimi kəşf etmə dönəmi başlayır. Ancaq bunu da qeyd etmək lazımdır ki, cinsiyyət ayırımı və özünü dərk etməyə başlaması 3 yaş və bundan sonrakı mərhələni əhatə edir. Çünki, 3 yaşına qədər uşaqlar qadın və kişi ayırımını, cinsləri göstərə bilmirlər. Bu yaşda uşaqların çəkdiyi şəkillərə nəzər yetirsək dairə, baş göz, ağız tipli şəkillər görə bilərik. Bu yaşda uşaqlar adətən bədən üzvləri çəkmirlər. Həmçinin 3 yaşa qədər uşaqların bezlərdən çıxması da vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.
O bildirib ki, bir çox uşaqlarda özünün kəşf etmə, cinsi kimliyini kəşf etmə tualet təlimi ilə də başlaya bilir. Uşaqlar bezdən çıxıb, güvəcdə oturduqda cinsi kimliyini kəşf edə bilir: “Bu yaş dönəmində və sonra da uşaqların “Ana mən necə dünyaya gəlmişəm?” tipli suallar verməsi, orqanlarını tanımağa başlaması, cinsiyyət orqanı barədə suallar verməsi anormal hal deyil. Bəzən valideynlər bu suallar qarşısında susur, belə sullarından yayınır. Həmçinin bəzi valideynlərin bu suallar qarşısında aqressiv reaksiya verdiyini də görə bilərik. Ancaq bildirmək lazımdır ki, bu da doğru yanaşma üsulu deyil. Uşaqlara belə sualları onların anlayacağı, başa düşəcəyi şəkildə daha çox isə oyun şəklində, nağıl formasında izah etmək lazımdır. Digər məsələ, istər ana, istər ata uşağa ondan icazə almadan toxunmamalıdırlar. Eyni zamanda bildirmək lazımdır ki, ən gec 18 aya qədər uşağın yatağı ayrılmalıdır.
Həmçinin uşağın paltarını dəyişəndə, ona toxunanda, onu öpəndə ondan icazə alınmalıdır. Belə olmadıqda gələcəkdə ona toxunulduqda donub qalacaq, heç bir şey edə bilməyəcək. Bir sözlə, belə uşaqların özünü qoruması tanıma dönəmində çətinləşir. Çünki,belə uşaqlarda toxunulmazlıq anlayışı formalaşmır. Əksinə, az öncə qeyd etdiyim ki, icazə aldıqda uşaq onun məhrəm hissələrinin toxunulmaz olduğunu anlaycaq və yad insanların ona yaxınlaşmasına icazə verməyəcək, özünün qoruya biləcək. Ona görə də, bu fikirləri kiçik yaşdan etibarən uşaqlara aşılamaq, məhrəmiyyət anlayışını formalaşdırmaq lazımdır. Bu nüanslar cinsi tərbiyədə mühüm rol oynayır”.
Müəllif: Səbinə Hüseynli