“Montessori Təlimi və Tətbiqinin faydaları”

Təlim uşaqlar və gənclərin sosial mühitdə yerlərini almaları üçün müvafiq istiqamətlər üzrə bilik,bacarıq və vərdişlərə yiyələnmə prosesidir. Təlim prosesi sayəsində uşaqlar müəllim və tərbiyəçilərin köməkliyi ilə keçmişin bilik və təcrübələrini dinləyərək öz yaşadıqları sosial mühitdə istifadə etməyə başlayırlar.

Bu gün Narınc Psixologiya Mərkəzinin Gənclik filialının uşaq psixoloqu Rzayeva Turanə “Montessori təlimi və tətbiqinin faydaları” haqqında narıc.az saytına müsahibə verib. Turanə xanımın müsahibəsini təqdim edirik.

“İlk növbədə bildirmək istərdim ki, təlimin 3 əsas elementi var: məqsəd, öyrənmə və dəyərləndirmə. Bu gün dünyanın demək olar bütün ölkələrində “standart”təlim və təhsil metodları istifadə edilməkdədir. Bu məktəbəqədər yazı və oxumağı öyrənmək, kiçik məktəb artıq mükəmməl oxumaq və hesablamaq qabiliyyətinə malik olmaq, orta və yuxarı siniflərdə isə sayları onlarla olan müxtəlif fənnlərin tədris edilməsidir.

Lakin bir çox ölkələr artıq bir neçə onilliklərdir ki, yeni təlim və təhsil metodları yoxlayır və hətta sayı onları keçmiş yeni tədris məktəbləri yaradır.

Belə məktəblərdən biri ABŞ-da fəaliyyət göstərən Sudbury Valley məktəbidir.Bu məktəbdə dərs proqramı və imtahanlar yoxdur. Şagirdlər hər gün məktəbə gedərkən nə öyrənmək istədiklərini özləri seçir və buda onlara böyük motivasiya verir.

Bu məktəblərdə ibtidai siniflərdə uşaqlara hərf və rəqəmlər sadəcə  tanıdılır,3 və 4-cü siniflərdə riyaziyyatdan qismən əməllər edilir,oxu və yazı taöşırıqları yerinə yetirilir.İbtidai siniflərdə test kitabları olmur və yuxarı sinifdə şagirdlər arasında rəqabət yaradılmır.Hər dərs ilinin sonunda müəllimlər sadəcə şagirdlər haqqında xarakteristikalar yazırlar.

Bu məktəblərlə yanaşı bu gün bir çox ölkələrdə sürətlə inkişaf etməyə başlayan Montessori təlim sistemi və bu təlimə əsaslanan məktəblər yaradılmaqdadır.

Montessori təlimi sərhədlər içərisində sərbəst olan uşaqların psixoloji,fizioloji və sosial inkişaflarına önəm verən bir sistemdir. Association Montessori İnternationale(AMİ) və Amerika Montessori Cəmiyyəti(AMS) aşağıdakı əlamətləri qeyd etmişdilər. Əsasən 2.5 və 3 yaşından 6 yaşına qədər uşaqlar üçün hazırlanmış siniflər, var olan seçimlər içərisindən şagirdin öz seçimlərini istifadə etməsi, məşğuliyyət vaxtı bölünməyən 3 saatlıq bloklardan ibarət olması, birbaşa kömək əvəzinə ilk öncə özlərinin material ilə tanış olması,daha sonra müəllim tərəfindən yönləndirilməsi, sinif daxilində hərəkət sərbəstliyi, sinifdə Montessori tərəfindən hazırlanmış vəsaitlərin olması, Montessori metodu üçün təlim almış bir müəllim.

Bu gün fəaliyyət göstərən Montessori məktəbləri bu təlimatlara əməl etməlidirlər.

Montessori təlimi məktəbəqədər, kiçik və böyük məktəb, eləcə də sonrakı mərhələləri əhatə etməkdədir. Lakin bu gün Montessori təlimi əsasən məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuş hesab edilir. Məktəbəqədər təhsilin ən önəmli şərtlərindən biri uşaqların cəmiyyətdə yaşamaq üçün vacib bacarıqları qazanmasıdır.Buna görədə zəngin təhsil proqramı ilə uşaqların sosial, duyğusal, fiziki və zəka inkişafına dəstək olmaq əsas hədəflərdən biridir.

Məktəbəqədər dönəm uşaqların ilk dəfə ailədən uzaq qaldıqları dönəmdir. Bu 3-6 yaşı əhatə etmiş olur. 3 yaşa qədər uzaqlar ana və atalarından model davranışları öyrəndikdən sonra psixo-sosial yetkinliyə çatmış olur. Ancaq uşaqlar ailələrindən hər şeyi öyrənə bilməzlər. Onlar bu yaşlarda sosial inkişafları üçün ailə üzvlərindən başqa digər yetişkinlər və öz yaşıdları ilə vaxt keçirib ünsiyyət qabiliyyətlərini artırmalıdırlar.Uşaqlarda mən və başqası qavramı formalaşır. Digər insanlarla birgə işləməyə və onlara kömək etməyə başlayırlar.

Məktəbəqədər dönəmdə uşaqların fiziki inkişafınada xüsusi diqqət ayrilmalıdır.Bura həm böyük,həm də kiçik morikanı aid etmək olar.Onlar qayçıdan istifadə edərək kəsməyi öyrənir,boyamalar edir,kağızları yapışdırırlar.Həmçinin uşaqlar rəngləri,müxtəlif qavramları,rəqəmləri və s. öyrənirlər.

Hər uşağın şəxsiyyəti 6-7 yaşına qədər tamamlanır.Bu yaş hər şeyin başlanğıcı deyil,təxmini olaraq şəxsiyyət inkişafının tamamlandığı yaşdır. 7 yaşından sonra ediləcək çox şey olsada uşağın şəxsiyyət skeleti ilk yeddi ilin içində qurulmuş olur.Daha sonra öyrənilənlər isə bu skeletin bəzədilməsidir. Buna görədə bu dönəmdə uşaqların yanında olub, onlara lazımı dəstəyi vermək bütün valideyinlərin ən birinci vəzifəsidir.”

Turanə xanım Montessori təlimində müəllimlərin rolundan da söz açıb və əlavə edib ki, “Bu təlimdə müəllim hər kəs tərəfindən bilinən öyrədən rolundan fərqlidir. İlk öncə o ətrafı hazırlayan şəxsdir və “rəhbər” adlandırılır. Uşaqların ətraf ilə əlaqə qurmasından və təcrübə qazanmasından məsuldur. O, həmçinin bir rol modelidir. Rəhbərə düşən əsas rol uşağın davranışlarını müşahidə etmək və xarakterinə uyğun şəkildə dünyanı kəşf etməsində ona kömək etməkdir.Rəhbər uşağın səhvlər edə biləcəyini dərk edən və buna “səbrlə” yanaşan şəxsdir. Montessori müəllimi sakit və səssizdir.İnsan övladı özü özünü inşa edən varlıqdır. Valideyin və müəllimlərin əsas vəzifəsi bu yolda uşağı müşayət etməkdir.”

Bundan başqa deyə bilərəm ki, “Montessoriyə görə uşaq böyüklər tərəfindən doldurulmağı gözləyən bir kasa deyil. Diqqətini cəmləyə bilən və uzun müddət bir işi görməyi bacaran, iradə dissiplini, müsbət sosial davranışları olan, davamlı düşünən, hiss edən və hərəkət edən şəxsiyyətdir. Montessoriyə görə uşağın “fərdiliyi”ön plandadır. Hər uşaq özünəməxsus inkişaf göstərir.

Heyvan balalarının böyüdükdə necə olacaqlarını qabaqcadan bilirik. Məs: fil ağır və çətin, dovşan ürkək, şir qorxmaz, tülkü hiyləgər. Amma insan övladının gələcəkdə necə biri olacağını öncədən bilmək mümkün deyil. Buna görədə insanların öz xarakterlərini inkişaf müddətləri  boyunca formalaşdırdıqlarını demək olar. Lakin heyvanların instinkləri o qədər sadədirki onlar özlərini rahatlıqla xaricə göstərərlər. İnsan ruhu dərinlərdə gizli qaldığı üçün onun əvvəlcədən nə edəcəyi bəlli olmaz. Bu səbəbdən uşaq bizim üçün tam bir müammadır. Onun haqqında bildiyimiz tək şey böyük sirrlərə sahib olmasıdır. Uşaq yalnız öz iradəsinin köməkliyi ilə formalaşacaq və sərhədsiz uyğunlaşma gücü ilə şəxsiyyətini formalaşdıracaqdır. Eyni zamanda, Montessori təlimində duyğuların inkişaf etdirilməsi ən önəmli məqsədlərdən biridir. O, duyğular oyandıqda beynində oyandığını və daha aktiv işlədiyini qeyd edirdi. Bir çox araşdırmalar təsdiq edir ki, uşaqlar eyni zamanda görmə,eşitmə,toxunma duyğularından istifadə etdikdə həm daha yaxşı öyrənirlər,həmdə öyrəndiklərini daha yaxşı yadda saxlayırlar.

Öyrənmənin 75%-ı görmə,13%-ı eşitmə -toxunma,12%-ı isə qoxu və dad vasitəsi ilə baş verir. Həmçinin, Montessori kiçik uşaqlara tualet təliminin verilməsinə xüsusi diqqət ayırırdı. O, uşağın altının ancaq hamam otağında dəyişilməsinin vacibliyini qeyd edirdi. Bu uşağa tualet ehtiyacının harada ödəməli olacağını öyrədəcək. Hündür stollardan istifadə edərək uşağın altını dəyişmək olmaz bu onun yıxılmağına və travma almağına səbəb ola bilər.”

Turanə xanım sonda fikirlərini elə Montessorinin sözləri olan, “Təhsildə metod deyil, insan şəxsiyyəti əsas götürülməlidir.” kəlamı ilə yekunlaştırdı.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!