Uşaqların aqressiv olmasının səbəbləri bəlli oldu - Psixoloq danışdı

Uşaqların aqressiv olmasının səbəbləri bəlli oldu – Psixoloq danışdı

“Uşaqlar bəzən kiçik bir şeydən belə qıcıqlana və aqressiv reaksiya göstərə bilərlər. Həmçinin qeyd etmək olar ki, 9 yaşdan sonra cinsi yetişkənlik yaşı başlayır və istər hormonların, istərsə də yeniyetməlik dönəminin verdiyi təsirlər sayəsində aqressiyaların ölçüsü arta bilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, bu dönəmlərdə çevrəsinə, ailəsinə qarşı etiraz etmə, qarşı çıxma, onların fikrinə əks getmə kimi davranışlar da sərgiləməyə başlayırlar: “Belə halda isə valideynlər səbirli davranıb, müəyyən mənada güzəştə gedə bilər. Xüsusən bildirmək lazımdır ki, 14-16 yaş arası bu problemlər demək olar ki, ən pik həddə qədər yüksələ bilir. Nəticədə valideyn-övlad münasibətləri mənfiyə doğru gedir. Bu dönəm, artıq “böhran dönəmi” adlanır.

Məktəb psixoloqları da bu zaman həssas davranmalıdır. Çətin tərbiyə olunan uşaqlar psixoloq tərəfindən aşkarlanmalı, onlarla fərdi şəkildə görüşməli və mütəmadi olaraq iş aparılmalıdır. Əgər psixoloqlar bu işdə çətinlik çəkirsə məktəb rəhbərliyinə bu haqda bildirməli və lazım gələrsə başqa psixoloq kolleqaları ilə vəziyyəti müzakirə etməlidirlər. Əgər bunlar da məsələnin həllində fayda vermirsə və ya fiziki cəhətdən məktəb psixoloqunun gücü həmin uşaqlara yetmirsə, zaman olaraq həmin uşaqlarla işləməyi çatdıra bilmirsə onlar xüsusi seçilərək başqa psixoloqa yönləndirilməlidir. Unutmaq olmaz ki, bu gün aqressivlik nümayiş etdirən, müəlliminə, sinif yoldaşına qarşı uyğunsuz davranışlar sərgiləyən, şiddət görən və şiddət göstərən uşaqlar gələcəyin davranış pozuntusu olan şəxsiyyəti olacaqdır.

Belə uşaqlarda, zərərli vərdişlər olur, davamlı problemlər yaşayırlar,həmçinin ailədə də şiddət görə bilirlər. Onlar da aldığı şiddəti gələcəkdə həyat yoldaşına, övladına qarşı nümayiş etdirən, aqressiv davranan şəxsiyyətə çevrilirlər. Şiddət görən uşaq daxilindəki aqressiyanı bu gün müəllimə cavab verərək çıxara bilmirsə, gələcəkdə bu aqressiyasını ətrafındakılardan və ya özündən daha zəif insanlardan daha şiddətli çıxaracaq. Artıq belə davranış pozuntulu şəxslər bir müddət sonra insanlara zərər verməkdən zövq alacaq vəziyyətə gələ bilirlər. Ona görə də bu kimi problemləri vaxtında aşkarlamalı və peşəkar psixoloq dəstəyi alınması lazımdır.”

Müəllif: Səbinə Hüseynli

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!