UŞAQLARDA QİDALANMA VƏRDİŞİNİN FORMALAŞDIRILMASI

UŞAQLARDA QİDALANMA VƏRDİŞİNİN FORMALAŞDIRILMASI

Məlumdur ki, qidalanma həm fiziki, həm də zehni inkişafa təsir göstərir. Düzgün qidalanma vərdişi uşağın inkişafı üçün lazım olan enerjini alması və xəstəliklərə qarşı dözümlü, sağlam olması üçün çox vacibdir. Uşaqlar, adətən, 1 yaşdan etibarən özləri yemək yeməyə səy göstərir, 3 yaşda isə artıq sərbəst şəkildə yemək yeməyi bacarmalıdırlar. Uşaqların qidalanması ilə bağlı valideynlər bəzi problemlərlə qarşılaşırlar. Bunlara yemək miqdarında azalma, iştahsızlıq, yavaş yemək, yeməklərdə seçici olmaq və s. aiddir. Valideynlər daim övladlarının qidalanmasından şikayətlənsələr də, əslində, bu uşaqların normal boy və çəkidə olduğu müşahidə edilir.

Uşaqlarda qidalanma ilə bağlı problemlərin müxtəlif səbəbləri ola bilər. Nəzərə almaq lazımdır ki, böyüklərdə olduğu kimi uşaqların da psixi vəziyyəti onların qidalanmasına təsir göstərir. Az yemək yeyən, iştahsız uşaqların vəziyyətinə diqqət yetirməli, onu narahat edən, darıxdıran amillərin olub-olmaması müəyyənləşdirilməlidir. Məsələn, bacı-qardaşını qısqanan, gün içində hər iki valideyni işdə olan, əvvəlki kimi sevilmədiyini düşünən uşaqlarda iştahsızlıq müşahidə oluna bilər. Bu isə iki səbəblə əlaqəli olur. Birincisi, uşaq həqiqətən artıq sevilmədiyini, valideynlərinin onunla maraqlanmadığını düşünə bilər. Bu isə onda depressiv vəziyyət yaradır ki, bu da qidalanmasına təsir göstərir. İkincisi, ola bilər ki, uşaq valideynlərinin diqqətini öz üzərinə çəkmək üçün bilərəkdən az yesin.

Bütün bunlar uşağın rejiminə, yemək yemə müddətinə təsir göstərir. Buna görə də ailənin hər bir üzvü bəzi qaydalara əməl etməlidir:

Yemək sadəcə süfrə arxasında yeyilməlidir və bu zaman hərkəsi sadəcə öz yeməyi maraqlandırmalıdır. Yemək zamanı uşağa “bunu da ye, tez bitir” və s. demək olmaz. Yemək yedikdən sonra hərkəs öz qabını mətbəxə aparmalıdır.
Yemək yemə müddəti ən çox 30 dəqiqə olmalıdır. Əgər, bu müddət ərzində uşaq yemək yemirsə onu məcbur etmək düzgün deyil. Uşaq az yedikdə valideynlərin həddən artıq narahatlığı, bunu tez-tez dilə gətirməsi, yeməyə məcbur etməsi uşağı yeməkdən daha da uzaqlaşdırır. Bunun yerinə süfrəni yığışdırmaq və uşağın digər yeməyə kimi gözləməsi lazımdır.
Oyun oynayaraq, televizora baxaraq və ya arxasından qaçaraq zorla yemək yedirmək düzgün deyil. Bu zaman uşaq yediyinin fərqində olmur və özü sərbəst şəkildə qidalanmağı öyrənə bilmir.
Yemək hazırlanarkən uşağın da iştirakı onun yeməyə qarşı daha həvəsli olmağına kömək edə bilər.
Yaxşı olar ki, uşaq nə qədər yeyəcəyinə özü qərar versin. Yeməyini bitirdikdən sonra isə biraz daha istəyib istəmədiyi soruşula bilər.
Bəzən valideynlər uşaqları yemək yemədiyinə görə cəzalandırırlar. Lakin, bu əksinə onları yeməkdən daha da soyudur. Uşağı hər dəfə yemək yediyinə görə mükafatlandırmaq da olmaz, bu uşaqda yeməyin xoşagəlməz bir şey olduğu fikrini yaradır. Çünki, uşaqlar, əsasən, çətin və xoşagəlməz bir iş gördükdən sonra mükafatlandırılırlar. Bu zaman uşaq yeməyi mükafat almaq üçün keçdiyi çətin bir mərhələ kimi görəcək. Sadəcə uşaq ilk dəfə sərbəst şəkildə yemək yedikdə və ya heç sevmədiyi bir yeməyi bitirdikdə onu mükafatlandırmaq olar.
Nəzərə almaq lazımdır ki, uşaqlar hər şeydə olduğu kimi qidalanmada da valideynlərini nümunə götürürlər. Valideynlər ilk növbədə özləri vaxtı-vaxtında süfrə arxasında əyləşməli, düzgün qidalanmalı, yemək haqqında mənfi fikirlər söyləməlidirlər.

Fatimə Qəhrəmanova (BDU – Təhsildə sosial psixoloji xidmət)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!