Uşaq infeksion xəstəlikləri çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək əlilik və hətta ölümlə də nəticələnə bilərlər.
Uşaq infeksion xəstəliklərinin ən əsas profilaktik üsulu uzun illər ərzində vaksinasiya olub. Soruşa bilərsiniz – niyə “olub”? Məsələ ondadır ki, yaxın illər ərzində bir qrup valideynlərdə (əsasən KİV təsiri nəticəsində) belə bir fikir yaranıb ki, peyvəndlər böyük bir “bəladır” və uşağın sağlamlığı naminə onlardan mütləq imtina etmək lazımdır. Bu valideynlər (nəzərinizə çatdıraq ki, onların 99,9 % uşaqlıqda peyvənd olunublar və sağ salamatdırlar) yazılı surətdə peyvəndlərdən imtina edir və digər “ağılsız” valideynlərə bunu etməyi məsləhət görürlər. Peyvənd əleyhdarları belə bir dəlil gətirirlər ki, peyvənd uşağın əliliyinə və hətta ölümünə səbəb ola bilər.
Biz heç bir halda valideynləri peyvənd etməyə və ya etməməyə məcbur etmirik. Hər bir valideyn özü onun uşağı üçün nəyinin yaxşı nəyinin isə pis olmağını düşünməlidir. Biz oxucularımıza sadəcə bir neçə fakt çatdırmaq istərdik. Nəticəni isə hər kəs özü çıxarmalıdır.
- Beləliklə, peyvənd əleyhdarları israr edirlər ki, peyvəndlər uşaqların əliliyinə və hətta ölümünə səbəb ola bilər. Təəssüf ki, buna nadir hallarda olsa da, rast gəlmək olur. Lakin uşaqlar tək peyvəndlərdən yox – antibiotiklərə və s. dərmanlara olan ağır allergik reaksiyalardan da ölürlər. Və bu peyvəndlərlə müqayisədə daha tez-tez hallarda baş verir. Onda belə çıxır ki, bütün dərmanları də ləğv etmək lazımdır? Hər bir həkim sizə deyə bilər ki, dərmanların, demək olar, əksəriyyətinin istifadə edilməsi nadir hallarda olsa da ağır fəsadlar verə bilər. Bu fəsadların mümkün olub-olmadığını heç bir həkim qabaqcadan bilə bilməz. Bu dərmanların arasında, misal üçün, uşaq hərarətsalan dərmanlar da var. Belə ki, olduqca tez-tez istifadə olunan “panadol” uşaqda ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar, dəridə səpgilər və qaşınma, Kvinke ödemi (fəsadlar – asfiksiya (nəfəs tutulması) və vaxtında tibbi yardım edilmədiyi halda – ölüm), anemiya (qanazlığı) və s. ağır fəsadlar verə bilər. Lakin buna baxmayaraq uşaqda hərarət qalxdıqda biz ilk növbədə məhz bu dərmandan istifadə edirik.
- Həkimlərin hesablamalarına görə, peyvənddən olan ölüm ehtimalı 1:1 000 000 olduqda, məsələn, qızılcadan ölüm ehtimalı isə 1:1000-dir. Qızılca xəstəliyinə peyvənd olunmadığı vaxtlarda məhz bu xəstəlik uşaq infeksiyaları arasında ölüm və əliliyə (korluq, ciddi nevroloji xəstəliklər və s.) görə qorxunc 1-ci yer tuturdu. Hal-hazırda məhz vaksinasiya sayəsində milyonlarla uşaqlar sağ və sağlamdırlar.
Qızılca, difteriya, göyöskürək, tetanus – əfsanə deyil, bunlar real təhlükədir. İndiyə qədər bu infeksiyalar mövcuddur və hər zaman peyvənd olunmamış uşaq bu xəstəliklərə yoluxa bilər. Bu xəstəliklərin fəsadları (ölüm və əlillik) peyvəndlərin fəsadları ilə müqayisədə yüz və hətta min dəfələrlə çoxdur.
- Müasir vaksinlər daha təhlükəsizdirlər və daha az hallarda fəsadlar verirlər. Belə ki, “AKDS” kimi (göyöskürək, difteriya, tetanusa qarşı) tanıdığımız vaksin fəsadlarına görə (təbii ki, peyvəndlərin arasında) hər zaman 1-ci yerdə olub. Hal-hazırda bu xəstəliklərə qarşı yeni “infanriks” adlanan təhlükəsiz və daha təsirli peyvənd hazırlanıb ki, bu peyvəndin fəsadlar vermə ehtimalı olduqca azdır. “Diri” virus əsasında hazırlanan köhnə poliomielitə qarşı olan peyvəndin (damcılar şəklində) yerinə yeni “öldürülmüş” virus əsasında hazırlanan vaksin (inyeksiya şəklində) gəldi ki, nəticədə fəsadların ehtimalı, demək olar, heçə endi. Təəssüf ki, bu yeni vaksinləri hələ ki yalnız özəl klinikalar istifadə edir.
- Peyvənddən sonra mümkün olan fəsadlarda peyvənd yox, uşaq orqanizminin xüsusiyyətləri və çox vaxt bu uşağa olan düzgün olmayan baxım “taqsırkardır”. Həkimlərin fikirinə görə, peyvəndlərdən sonra mümkün ola bilən fəsadları minimuma çatdırmaq üçün bir neçə asan qaydalara əməl etmək lazımdır:
- İlk növbədə peyvənd yalnız tam sağlam uşaq oluna bilər. Əgər uşaq vaksinasiyaya yaxın bir ay ərzində heç bir ciddi xəstəlik keçirməyibsə, vaksinasiya günü uşaqda hər hansı bir xəstəlik, zökəm, öskürək, səpgilər, hərarət, ishal, qəbizlik yoxdursa uşaq peyvənd oluna bilər. Lakin hər halda peyvənddən əvvəl uşaq mütləq həkim tərəfindən müayinə olunmalı və lazım olduqda sidik və qan analizlərini verməlidir.
- Peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən 1 gün sonra uşağı həddən artıq yedizdirməyin. Bağırsaq nə qədər az yüklənərsə peyvənd də o qədər asan keçiriləcək. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və bir neçə gün sonra (1 həftəyə qədər) uşağa yüksək allergiya xüsusiyyətlərinə malik olan qida məhsulları (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) vermək olmaz.
- Peyvənd olunduqdan sonra uşağı infeksiyalara yoluxmaqdan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşaqları dükana, uşaq baxçasına, teatra və s. yerlərə aparmayın.
Bütün peyvəndlər üçün müəyyən əks-göstərişlər mövcuddur: əvvəlki peyvəndə qarşı güclü reaksiya və ya postvaksinal fəsadlar, ilkin immunodefisitlər, onkoloji, autoimmun, proqressivləşən sinir sistemi xəstəlikləri, allerqik xəstəliklər.
Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyaları da öyrənməli və lazım olduqda dərhal həkimə müraciət etməlidirlər.
Uca Allah uşaqlarınızı qorusun!
Saglamolun.Az