Şəkərli diabet (uşaqlarda)

Şəkərli diabet (uşaqlarda)

Şəkərli diabet nədir? 

Qısa məlumat

Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalanır. İnsan orqanizmi bu maddədən enerji əldə etmək üçün istifadə edir. İnsulin adlı hormon qlükozanı orqanizmin hüceyrələrinə daşıyır. Şəkərli diabet zamanı insanlarda insulin çatışmazlığı səbəbindən şəkər hüceyrələrə daşınmır və qanda qlükozanın səviyyəsi artır.

 1-ci tip diabet uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinən auto- immun xəstəlikdir. Bu zaman orqanizmdə insulin istehsalı dayanır. 1-ci tip diabetin səbəbi dəqiq bilinmir, genetik faktorun və ətraf mühitin təsirinin olduğu ehtimal edilir.

 2-ci tip diabetdə isə orqanizm yetərincə insulin hormonu ifraz edə bilmir və ya onun hüceyrələrə təsiri azalır. Artıq çəki, hərəkətsizlik və genetik faktor 2-ci tip diabetin səbəbi kimi qeyd edilir.

Uşaqlarda diabet ən çox 10-14 yaş arasında müşahidə olunur. Bununla bərabər 1-3 yaşlarında diabetli uşaqlara da rast gəlinir. Diabeti vaxtında aşkar etmək üçün onun əlamətlərini bilmək lazımdır.

Uşaqlarda diabetin əlamətləri hansılardır?    

Çox su içmək.  Diqqət olun: uşağın sidik ifrazı alışqanlığında dəyişiklik yaranıbsa, məsələn gecə sidik qaçırması olmayan uşaq sidik qaçırmaya başlayırsa və ya gecə tez-tez sidiyə gedirsə, bu bir bildiriş ola bilər.

Çəki.  Orqanizmdə yağların deposunu, enerjini tənzimləyən hormon olmadığı halda piy toxuması və sonra da əzələ toxuması çox sərf olunur, uşaq zəifləyir, 3-4 həftə ərzində təxminən 8-10 kq-ya qədər çəkisini itirə bilir. Bundan əlavə məktəb tapşırıqlarının yerinə yetirilməsi işində keyfiyyət aşağı düşür, halsızlıq, yorğunluq, görmə qabiliyyətinin zəifləməsi və s. əlamətlər yaranır.

Qanda şəkərin (qlükozanın) miqdarı nə qədər olmalıdır?

Uşaqlar üçün karbohidratların qəbulu çox vacibdir. Çünki orqanizm karbohidratı mənimsəyib qlükozaya çevirib və bundan enerji mənbəyi kimi istifadə edir. Buna görə də qanda qlükozanın normal miqdarını bilmək lazımdır.

Test 6-12 yaş13-19 yaş
Qlükoza yeməkdən əvvəl100-180 mq/dl90-180 mq/dl90-130 mq/dl
Qlükoza yatmazdan əvvəl(gecə)110-200 mq/dl 100-180 mq/dl90-150 mq/dl

Diabeti olan uşaqlar necə qidalanmalıdırlar?

Şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün öz yaş və inkişaf mərhələlərinə müvafiq miqdar və proporsiyalara riayət etməklə sağlam pəhriz saxlanmaları zəruridir. Diabetli uşaqların yaşam tərzində oluna biləcək dəyişiklik mövcud qidalanma alışqanlıqlarını sağlam qidalanma alışqanlığı ilə dəyişməkdən ibarətdir. Diabetli uşağın gün ərzində qidalanması və qida rejimi diabetin tipinə, aldığı tibbi müalicəyə, fiziki aktivlik dərəcəsinə və həmin vaxt üçün qan şəkərinin miqdarına bağlı olaraq dəyişir.

Diabetli insanlara  

  • səhər, günorta və axşam yeməyi olmaqla üç əsas yemək
  • yeməklər arasında və gecə yatmazdan əvvəl 2-3 ara yeməyi olaraq 2,5-3 saat ara verməklə 5-6 yemək vaxtı məsləhət görülür. Bir gün ərzində qəbul olunması vacib qidaları düzgün bölmək qan şəkərinin yüksəlməsinin, artıq kalorinin və çəkinin artmasının qarşısını alır.

Qida məhsullarını necə qəbul etmək lazımdır?

Bu məqsədlə çörək vahidindən (ÇV) istifadə olunur.

1 ÇV- 15 qr karbohidrat deməkdir.

Yaşa görə karbohidratların miqdarı:

 <5yaş5-12 yaş Yeniyetmələr
oğlanlarHər yeməkdə 30-45 qr karbohidratHər yeməkdə 45-60 qr karbohidratHər yeməkdə 60-75 qr karbohidrat
qızlarHər yeməkdə 30-45 qr karbohidratHər yeməkdə 45-60 qr karbohidratHər yeməkdə 45-75 qr karbohidrat

45 qr təşkil edən karbohidrat üçün nümunə:

½ fincan kartof püresi

½ fincan konservləşdirilmiş şaftalı

1fincan süd

Bu menyuya 2-3 tikə toyuq əti, 1 hissə yaşıl salat da əlavə etmək olar.

İnsulin istifadə edən uşaqda ara yeməyinin qəbulu və ya yeməyin çeşidinin və miqdarının azaldılması qanda şəkərin düşməsinə səbəb olur ki, bu da böyümə mərhələsində olan uşaq üçün ciddi nəticələr verə bilər.

Diabetli uşaqlar üçün xüsusi qida tələb olunmasa da müəyyən qaydaları bilmək məsləhətdir:

  • uşaq mütəmadi olaraq qidalanmalıdır!
  • tərkibində zəngin sellüloza olan qidalar qəbul edilməlidir ( ələnməmiş undan hazırlanmış çörək, lobya, noxud və mərci). Sellüloza qlükozanın qana sorulmasını ləngidir.
  • təzə meyvə və tərəvəzlərdən tez-tez istifadə edilməlidir ( çünki bunlar sellüloza və vitamin mənbəyidir).  Şirin meyvələrdən çox yemək məsləhət deyil ( üzüm, manqo və s.). Bu meyvələr qanda qlükozanın səviyyəsini yüksəldə bilər.
  • yağların qəbul edilməsinə nəzarət edin! Yağlar bir sıra xəstəliklərin ( şəkərli diabet zamanı ürək qan-damar sistemi xəstəliklərinin) yaranmasına şərait yaradır.
  • şirniyyat məmulatlarını qida rasionundan çıxardın.
  • duzun qəbuluna məhdudiyyət qoyun! (duzun normadan artıq qəbulu arterial  təzyiqin yüksəlməsinə səbəb ola bilər)

Yadda saxlayın:

  • Gəzintiyə çıxarkən çantanızda təcili tibbi yardım ləvazimatlarını saxlayın!
  • Düşərgələrdə olarkən insulin preparatlarını düz düşən günəş şüalarından qoruyun
  • İnsulini xüsusi çantalarda sərin və quru yerdə saxlayın.
  • Uzun sürən gəzinti zamanı özünüzlə qida, insulin, insulin şprisləri, qanda və sidikdə  şəkəri yoxlamaq üçün test zolaqları götürün.

Diabetli uşaq idmanla məşğul ola bilərmi?

Diabeti olan uşaq digər yaşıdları kimi idmanla məşğul ola bilər. Fiziki aktivlik, idmanla məşğul olmaq insan orqanizmində  insulinə qarşı həssaslığı artırır. Buna görə də diabeti olan insanlar fiziki işlə məşğul olduqları zaman onların orqanizmi insulini az miqdarda və 1-2 çörək vahidi qida qəbulu tələb edir. Çünki fiziki məşğuliyyət qanda şəkərin miqdarını azaldır.

İdmanla məşğul olarkən bunları bilmək lazımdır:

Məktəb idman müəllimi uşaqda diabet olduğunu bilməlidir. Uşaqda sadə hipoqlikemiya vəziyyəti yarana biləcəyi halda (uşaq bunu hiss etməyə bilər) müəllim ona ilk yardım göstərməyi bacarmalıdır.

İdmanla məşğul olan zaman çoxlu enerji sərf edilir və qida qəbuluna tələbat artır. Buna görə də idman dərsindən əvvəl uşaq 1-2 çörək vahidi (1-2 meyvə və ya 1 tikə çörək) qəbul etməlidir. Əgər məşq uzun sürərsə, yenə də həmin ərzaqlardan qəbul etmək lazımdır.

İdmanın bir sıra növləri ilə məşğul olmaq olar. Lakin üzgüçülük və ağır atletika ilə məşğul olarkən əvvəlcə qida qəbul edilməlidir. Üzərkən suda hipoqlikemiya vəziyyətinin yarana biləcəyi səbəbindən uzaq məsafəyə getmək olmaz. Bu təhlükəlidir!

Məktəbdə uşağa necə nəzarət olunmalıdır?

Valideynlər və nəzarətçilər, uşağın sağlıq vəziyyəti və xəstəliyin tənzimlənməsi ilə əlaqədar təfsilatlı olaraq ehtiyacları barədə məktəb rəhbərliyini xəbərdar etməli, müəllimlər ilə aydın şəkildə əlaqə yaratmalıdırlar.

Məktəbdə çalışan  işçilərin və müəllimlərin hər zaman hipoqlikemiya riski, simptomları, qlükoza səviyyəsinin aşağı düşməsinə dərhal təsir edə biləcək hərəkətlər barədə məlumatlı olmaları vacibdir.

Uşaqlarda fiziki məşğələdən əvvəl, məşğələ zamanı və sonra qanda qlükozanın səviyyəsinin yoxlanılmasına ehtiyac yarana bilər. Həmçinin uşağın məktəbdə insulin qəbul etməsinə və bununla bağlı müvafiq yardım almağa ehtiyacı ola bilər. Məktəb işçilərinin uşağa yardım göstərmə bacarığı vacibdir!  

Məktəbdə imtahan keçiriləcək otaqlarda ölçü cihazının, test çubuqlarının, qlükogen və suyun qabaqcadan qoyulması vacibdir!

Diabetlə yaşamağı qəbul etmək və  öyrənmək lazımdır.

Diabetli uşaqlara  daim nəzarət və qayğı olmalıdır.

Həkimlərin tövsiyələri yerinə yetirilərək diabet xəstəliyi daim nəzarətdə saxlanılarsa diabetlə yaşam daha asan və sağlam olar.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!