“Şiddət görən uşaq gələcəyin sosiopatıdır.”

Sosial şəbəkələrdə və müxtəlif xəbər saytlarında yayılan məlumata əsasən Qaraçuxurda 146 nömrəli  orta məktəbdə müəllim şagirdi döyüb. Məktəblinin şiddət görməsi, müəllim-şagird münasibətlərinin psixoloji tərəfləri barəsində Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik Psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib və fikirlərini bildirib. Həmin müsahibəni təqdim edirik.

“ İlk öncə qeyd etmək istərdim ki, əlbəttə şagirdin müəllim tərəfindən şiddətə uğraması xoşagəlməz haldır eyni zamanda məktəb etikası baxımından da düzgün deyil.

 Ancaq onu da vurğulamaq lazımdır ki, şiddət göstərən hər hansı müəllimdən biz bunu soruşsaq və ya hərəkətini izah etməyi tələb etsək o özünə “Biz də məktəbli olmuşuq və müəllim bizdə də hər hansı məktəbə uyğun olmayan davranış gördükdə bizi danlayıb hətta döyüb. O zaman nə biz nə də, valideynimiz həmin müəllimə heç nə deməyib” kimi cümlələrlə haqq qazandırmağa çalışacaq.Lakin, burda kiçik bir nüans var ki, 10 yaxud 20 il öncə doğulan uşaqların psixikası ilə hazırda belə desək “texnologiya əsrində” doğulan və böyüyən uşaqların psixikası eyni deyil. Əslində pedoqoqların özü də psixoloji və pedoqoji biliklərə dərindən yiyələnməli və daha sonra bu sahədə işləməyə başlamalıdır.

Dünya təhsil sisteminə nəzər yetirsək görərik ki, İQ səviyyəsi ən yüksək pedoqoqlar, müəllimlər məhz Finlandiyadadır. Əhalisi 5 milyon olsa da Finlandiya istər təhsil və təcrübə sisteminə görə, istərsə də üstün zəkalı insanların say çoxluğuna görə dünyada statistikaya görə ilk  yerlərdədir. Hətta, Finlandiyada bakalavr təhsilini tamamlayan ixtisaslı müəllim dövlət tərəfindən işlə təmin edilmir. O müəllim, magistr dərəcəsi qazanmalı və təcrübə proqramlarında iştirak etməli, həftədə 2 saat akademik olaraq özünü inkişaf etdirib daha da təkmilləşdikdən sonra məktəbdə dərs deyə bilər. Belə halda müəllim uşaqla daha asan şəkildə ünsiyyət qura və ona özgüvənli şəkildə böyüməsinin yollarını kəşf etməyi aşılaya bilər.

Xüsusən yeniyetməlik dönəmində uşaqlar aqressiv,gərgin və əsəbi olurlar. Bəzən evdə valideynlərə qarşı da aqressiya nümayiş etdirirlər. Belə hallar təbii ki, məktəb dönəmində, həmyaşıdları, sinif yoldaşları və hətta müəllimləri ilə münasibətində də müşahidə edilir. Dərsə hazırlıqsız gəlmək, dərs prosesində danışmaq, müəllimə aqressiv cavablar vermək, yoldaşlarına qarşı kobud hərəkətlər etmək və s. kimi hallar son dövrlər məktəb şagirdlərində də müşahidə edilir. Belə olduqda, yəni hörmətsizlik edildikdə müəllim də çıxılmaz vəziyyətdə qalır və bəzən səbirsiz davranıb uşağa qarşı şiddət göstərir. Nəzərə alsaq ki, o uşaqların 12-13 yaşı var, bu halda müəllimlər səbirli, təmkinli davranmağı bacarmalıdır. Çünki, müəllimlərin ən müsbət keyfiyyətlərindən biri də şagirdlərə qarşı anlayışla, səbrlə davranmaqdır, onlarla emosional bağ qurmaqdır. Belə olduqda uşaq da müəllimə hörmət etməklə bərabər, həm də, onu sevməyə başlayacaqdır. Əksinə müəllimlər ana-ata obrazı ilə çıxış edərsə, bu zaman onların yeniyetmə bir uşaqla dil tapması, bağ qurması çox çətin olacaq. Çünki, yeniyetmələr və onların o zamankı psixologiyası ana-atasını qəbul edə bilmir və onlarda davranışları ilə bağlı verilən məsləhətlər qıcıq hissi yaradır. Ona görə də müəllimlər elə münasibət qurmağa çalışmalıdır ki, sanki onların yaşıdı təəssüratı bağışlasın. Bəzən yaxşı olar ki, müəllim hətta dərsin 5-10 dəqiqəsini onların problemlərinə ayırsın. Çünki, yeniyetmənin birinci marağı nəyinki dərslə bağlı olur, həm də, sosial status qazanmaqla bağlı olur. Müəllim nə qədər aqressiv və sanki ana-ata rolunda çıxış edərsə, yeniyetmə şagird də ona əks davramağa, hərəkətlər etməyə bir o qədər meyilli olar. Artıq bu zaman anlaşılmazlıqlar meydana çıxacaq, şagird-müəllim münasibətləri pisləşməyə doğru yönələcək və müəllim şiddətə baş vuracaq. Müəllim bilməlidir ki, uşaq şiddət gördükcə daha da aqressiv davranışlar sərgiləməyə başlayacaq. Bu məsələnin həlli yolu deyil və qorxuyla tərbiyə etmək çox uzaq dövrdə qalıb.

Məktəb psixoloqları da bu zaman həssas davranmalıdır. Çətin tərbiyə olunan uşaqlar psixoloq tərəfindən aşkarlanmalı, onlarla fərdi şəkildə görüşməli və mütəmadi olaraq iş aparılmalıdır. Əgər psixoloqlar bu işdə çətinlik çəkirsə məktəb rəhbərliyinə bu haqda bildirməli və lazım gələrsə başqa psixoloq kolleqaları ilə vəziyyəti müzakirə etməli,məsləhətləşməlidir. Əgər bunlar da məsələnin həllində fayda vermirsə və ya fiziki cəhətdən məktəb psixoloqunun gücü həmin uşaqlara yetmirsə, zaman olaraq həmin uşaqlarla işləməyi çatdıra bilmirsə onlar xüsusi seçilərək başqa psixoloqa yönləndirilməlidir.

 Valideynlərin ibtidai sinifdə, yəni 1-4-cü siniflərdə uşaqlarla daha çox maraqlandığı, məktəbi ziyarət etdiyi tez-tez müşahidə edilir. Yuxarı sinifə keçdikdən sonra, xüsusən 5-ci sinifdən sonra valideynlərin daha çox öhdəliyi müəllimlərə yüklədiyi görünür. Ancaq, bu doğru deyil və müəllim-valideyn-şadird kontaktının yaradılması vacibdir.Valideyn  şagirdlərlə bağlı məktəb iclaslarında iştirak etməli və mütəmadi olaraq övladının məktəbdəki təlim-tərbiyəsi ilə maraqlanmalıdır. Uşaq “mən artıq böyümüşəm iclaslara gəlmə, mən utanıram” bu kimi cümlələr ifadə etsə də valideyn bunu etməməli və lazım gələrsə müəllimlə ayrıca kontaktda olub, onun şikayət və təkliflərini dinləməlidir. Hətta, ehtiyac olarsa professional psixoloq dəstəyi alaraq bu mərhələni keçməlidir.

Unutmaq olmaz ki, bu gün aqressivlik nümayiş etdirən, müəlliminə, sinif yoldaşına qarşı uyğunsuz davranışlar sərgiləyən, şiddət görən  uşaqlar gələcəyin davranış pozuntusu olan şəxsiyyəti olacaqdır. Biz psixoloqlar buna “sosiopat insanlar”deyirik. Yəni belə uşaqlarda, zərərli vərdişlər olur, davamlı problemlər yaşayırlar,həmçinin indi aldığı şiddəti gələcəkdə həyat yoldaşına, övladına qarşı nümayiş etdirən şəxsiyyətə çevrilirlər. Şiddət görən uşaq daxilindəki aqressiyanı bu gün müəllimə cavab verərək çıxara bilmirsə, gələcəkdə bu aqressiyasını ətrafındakılardan və ya özündən daha zəif insanlardan daha şiddətli çıxaracaq. Artıq belə davranış pozuntulu şəxslər bir müddət sonra insanlara zərər verməkdən zövq alacaq vəziyyətə gələ bilirlər. Eyni zamanda onu da bildirmək lazımdır ki, bu cür şəxslər insanlarla bərabər digər canlılara, məsələn: heyvanlara da zərər verə bilərlər.

Qeyd etmək istərdim ki, bu gün uşaqların psixikasına nə qədər zərər vurulursa, bu bununla bitmir və gələcəkdə belə insanlar bizim övladımızın da qarşısına çıxa bilər. Ona görə maksimum dərəcədə şiddətdən və şiddət göstərəcək davranışlar sərgiləməkdən qaçınmalıyıq. Lazım gələrsə bu kimi halları psixoloq dəstəyi ilə aşmaq şərtdir.

Sonda vurğulamaq istərdim ki, şiddət heç vaxt düzgün çıxış yolu deyil”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });