“Yeniyetmələrdə aqressiya”

“Yeniyetmələrdə aqressiya”

Yeniyetməlik çağlarında uşaqlarda, xüsusən daxili aqressiya, əsəbilik və aqressiv davranışlar tez-tez müşahidə edilir. Valideynlər də bu zaman narahat olurlar, belə ki, mütəmadi olaraq psixoloqlara belə suallar ünvanlayırlar: “Yeniyetmə uşağım var, çox əsəbidir. Buna nə səbəb ola bilər?” və ya “Övladım yeniyetməlik dönəmindədir və çox aqressivləşib, əvvəllər belə deyildi. Bu problemi necə aradan qaldıra bilərik”

Əvvəlcə qeyd edək ki, 9 yaşdan sonra cinsi yetişkənlik yaşı başlayır və istər hormonların, istərsə də yeniyetməlik dönəminin verdiyi təsirlər sayəsində onlar kiçik bir şeydən belə qıcıqlana və aqressiv reaksiya göstərə bilərlər. Bu dönəmlərdə çevrəsinə, ailəsinə qarşı etiraz etmə, qarşı çıxma, onların fikrinə əks getmə kimi davranışlar da sərgiləməyə başlayırlar. Belə halda isə valideynlər səbirli davranıb, müəyyən mənada güzəştə gedə bilər. Xüsusən bildirmək lazımdır ki, 14-16 yaş arası bu problemlər demək olar ki, ən pik həddə qədər yüksələ bilir. Nəticədə valideyn-övlad münasibətləri mənfiyə doğru gedir. Bu dönəm, artıq “böhran dönəmi” adlanır. Bəs hansı uşaqlar bu dönəmi belə keçirir?  Əgər uşaq yeniyetməlik dönəmində çox aqressiv, əsəbidirsə o zaman valideynlər onu ya çox sıxıb, avtoritar olub, ya da, çox yumuşaq davranıb. Qaydalar və onun bərabərində qadağalar çox qoyulan ailələrdə böyüyən uşaqlarda aqressiya daha çox müşahidə edilir. Qeyd etdiyimiz kimi, belə dönəmlərdə valideynlər digər vaxtlara nəzərən övladlarına anlayış göstərməyi və səbirli davranmağı bacarmalıdırlar. Qaydaların bir az yumuşaldılması uşaqlarda da aqressiyaların azalmasına gətirib çıxara bilər. Əks halda uşaqlar ətrafındakılara və özlərindən fikizin cəhətdən zəif həmyaşıdlarına, hətta özlərinə də xətər yetirə bilərlər.

Yeniyetməlik dönəmində uşaqlar öz yaşıdlarına daha çox maraq göstərir və onlarla vaxt keçirmək istəyir. Belə halda valideynlər israrla onu dostlarından ayırsalar və ya evdə olmasını, onlarla vaxt keçirməsini tələb etsələr uşaqlarda ailələrinə qarşı aqressiya daha da şiddətlənəcək. Yaşıdları ilə vaxt keçirməsinə şərait yaratmaq və mane olmamaq da onlarda aqressiyanın azalmasına səbəb ola bilər. Aqressiv dönəmdə valideynlər qeyd etdiyimiz kimi güzəştə getməyi, susmağı və lazım gələrsə məkanı dəyişməyi, kənardan nəzarət şəklində övladını bir az yalnız buraxmağı bacarmalıdırlar.

Bundan əlavə valideyn və uşağın film, musiqi, geyim və s. zövqləri eyni olmaya bilər bu zaman da valideyn onun seçimlərinə hörmətlə yanaşmağı və onu öz istəklərinə uyğun davranması üçün zorlamamalıdır.  Bu şəkildə onları çox sıxdıqca, güzəştə getmədikcə vəziyyət daha da pisləşə bilər, hətta bu zamanla uşaqların evdən uzaqlaşmasına gətirib çıxara bilər. Nəticədə onlar özünə yeni dünya qurmağa və problemlərdən qaçmağa başlayacaq. Belə vaxtlarda valideynlər ehtiyac olarsa mütləq psixoloq dəstəyi almalı və psixoloq-valideyn-övlad üçbucağı qurulmalıdır.

Yeniyetməlik dönəmində hədsiz qadağalar və cəzalar vermilməsi də doğru deyildir. Çünki, uşaq bu cəzanı artıq şəxsiyyətinə hörmətsizlik, təcavüz, alçaldılma kimi başa düşür. Bu da valideyn-övlad münasibətlərinin mənfiyə doğru yönəlməsinə gətirib çıxarır. Valideynlər bu hallarda bəzən dözə bilmir, səbrsiz davranır və övladına həm fiziki, həm də psixoloji şiddət tətbiq etməyə başlayırlar. Bu da təbii ki, doğru yanaşma üsulu deyil. Valideyn nə qədər çox zorakı davranarsa, qarşılığında uşaqdan bir o qədər çox aqressiv reaksiya görəcəkdir. Bunun əksinə aqressiv davranışlar zamanı ailənin bu halı çox yumuşaq qarşılaması, uşağı əzizləməsi də düzgün deyil. Belə halda valideyn növbəti aqressiyaya şərait yaratmış olur, məsələn: 15-20 dəqiqə sonra uşaq başqa bir şeyə və əvvəlkindən də sərt şəkildə reaksiya göstərməyə başlayacaqdır. Yəni, nə qəddar, nə də çox yumuşaq davranmaq lazım deyil. Az əvvəl qeyd etdiyimiz kimi, bu dönəmi ancaq güzəştə getməklə və səbrlə aşmaq olar. Əgər bununla da düzəlmirsə və uşağın aqressiv, əsəbi davranışları daha da şiddətlənirsə bu zaman valideynlər mütləq psixoloqa müraciət etməli və ixtisaslaşmış mütəxəssis dəstəyi almalıdırlar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!