Şiddətə meyilli olan uşaqların psixologiyası

 Şiddətə meyilli olan uşaqların psixologiyası

Uşaqlar bəzən ətrafına, yaşıdlarına və ailəsinə qarşı kodud, aqressiv davranışlar sərgiləyir, hətta zərər yetirir. Bir çox hallarda onlarda belə neqativ davranışlar tez-tez təkrarlanır və artıq etdikləri onlara normal bir davranış tərzi kimi görünməyə başlayır. Təbii ki, bu tip davranışlardan ən çox narahatlıq keçirən tərəf ailələr olur. Valideynlərdən bu məsələ ilə bağlı “Övladım çox aqressivdir, ətrafındakı insanlarla kobud rəftar edir. Bu halı necə düzəldə bilərik?” və ya “Övladımda şiddətə meyillilik var, bunu davranışlarından açıq şəkildə müşahidə etmək olur. Bu halı onun psixologiyasına mənfi təsir etmədən necə aradan qaldırmaq olar?” kimi müxtəlif suallar alırıq.

Ümumiyyətlə təcrübələr göstərir ki, impulsiv, hiperaktiv uşaqlarda şiddətə meyilliliyə daha çox təsadüf olunur. Çünki onlar düşündükləri şeyləri ölçmür, nəticəsini hesablamır duyğu və istəklərini kontrol edə bilmirlər, ona görə də belə hallar bu tip qrupdan olan uşaqlarda daha çox müşahidə olunur. Şiddətə meyillilik uşağın davranışında, həyat tərzində, çəkdiyi rəsmlərdə də özünü göstərə bilir. Belə ki, qan, zorakılıq əlamətləri, qorxulu heyvanlar və s. çəkən uşaqlarda şiddətə meyillilik ola bilər. Həmçinin şəkildə qırmızı rəngdən çox istifadə etmək, şəkil çəkərkən davamlı karandaşı sərt basmaq kimi hallar da misal kimi göstərilə bilər.

Eyni zamanda birbaşa və ya dolayı yolla psixoloji və ya fiziki şiddət görən uşaqlarda da şiddətə meyillilik yarana bilər. Uşağın hər hansısa bir zorakılıq, şiddət, dava və s. hallara şahidlik etməsi də onda şiddətə meyilliliyin meydana gəlməsinə səbəb ola bilər. Ailəsi tərəfindən davamlı danlanan, təqdir görməyən, mühafizəkar, mükəmməlliyyətçi və həmişə “daha yaxşısını” istəyən ailələrdə böyüyən, tərbiyə edilən uşaqlarda da şiddətə meyilliliyə rast gəlinir. Beləcə daxili aqressiyası toplanır və uşaqlarda nəhayətində şiddətə çevrilir. Şiddətin ən təhlükəli növlərindən biri psixoloji şiddətdir. Belə ki, əgər vaxtında aşkarlanıb korreksiya edilməzsə bu uşaqlarda daha pis formaya keçə və özü ilə bərabər bir neçə psixoloji problemlər də yarada bilər. Belə vaxtı valideynlər nə etməlidir?

İlk öncə bu davranış və hərəkətlərə şiddətlə, aqressiv şəkildə cavab verməkdən çəkinməlidirlər. Çünki şiddətə şiddətlə cavab vermək düzgün çıxış yolu deyil. Bu kimi hallar yeniyetməlik dönəmində daha dəhşətli formaya gələ bilər, hətta o hala gələ bilir ki, artıq uşaqlar da valideynlərə istər psixoloji, istərsə də fiziki şiddət göstərməyə başlaya bilirlər. Eyni zamanda bəzi tip uşaqlar nəinki valideyninə, hətta özünə də şiddət göstərə və zərər yetirə bilir. Ancaq bu kimi hallara müdaxilə etmək gərəklidir. Valideynlər, müəllimlər belə uşaqlara son dərəcə səbrlə və təmkinlə yanaşmağı bacarmalıdırlar.

Bu kimi halların yaşanmaması üçün valideynlər diqqətli olmalı və uşaqlarda hələ kiçik yaşlardan şiddətə meyillilik əlamətləri, davamlı şiddətlə bağlı nələrsə izləmək, çəkdiyi rəsmlərdə şiddətlə bağlı məqamların üstünlük təşkil etməsi və s. müşahidə etdikdə övladı ilə söhbət etməli, bunun səbəbini öyrənməlidir. Lazım gələrsə, mütləq peşəkar psixoloq dəstəyi alınmalı və bu problem zamanında korreksiya edilməlidir.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });