Ailədəki uşaqların doğum sırasına görə ailənin onlara münasibətləri fərqli olur. Bununla bağlı bir çox alimlər tədqiqatlar aparmışlar. Adler bunu belə açıqlamışdır:
- Ən böyük övlad – ailənin maraq mərkəzidir. Daha çox çalışmağa, öndə olmağa meyllidir. Ailəyə yeni bir övlad gəldikdə öyrəşdiyi sevginin azaldığını, artıq sevilmədiyini düşünür.
- İkinci övlad – yarışdaymış kimi davranır. Ondan böyük bacı və qardaşının uğursuz olduğu mövzularda uğurlu olmaq üçün çox çalışır. İlk övladın xüsusiyyətinin tam əksinə malikdir.
- Ortancıl övlad – özünü arada əzilmiş kimi hiss edər, problemli uşaq ola bilər. Əgər, ailədə dördüncü uşaqda varsa, ikinci övlad özünü ortancıl kimi hiss edər və üçüncü övlad daha sosial ola bilər, ilk övladla eyni maraöı görə bilər.
- Ən kiçik övlad – ailənin hər zaman körpəsidir. Ailənin ən ərköyün övladıdır.
- Tək övlad – özünə aid problemləri var. Paylaşmaqla bağlı sıxıntıları olur, Bağımlıdırlar, həmişə maraq mərkəzində olmaq istəyirlər.
Bəzən ailədə uşaqların etdiyi hər hansı bir mənfi hərəkətə görə, kiçik uşağa nisbətən böyük uşağa daha çox cəza verilir. Lakin bu düzgün deyil. Əgər, uşaqlara cəza veriləcəksə, hər iki övlada eyni səviyyədə cəza verilməlidir. Uşaqlar həm əzizlənərkən, həm də cəzalanardırılarkən ayrıseçkiliyə yol verilməməlidir.
Uşaqlar arasında qısqanclıq ailədə adi haldır. Qısqanclıq hissini uşaqlar arasında sağlam ünsiyyətə çevirmək də olar. Burada valideynin üzərinə böyük yük düşür. Bəzən ailədə valideynlər özləri də fərqinə varmadan uşaqları bölüşürlər. “Bu mənim uşağım, bu sənin” deyə valiideynlər övladları arasında ayrımçılıq salırlar.
Valideynlər uşaqlarına “qardaşını və ya bacını qısqanma” deməmişdən öncə öz uşaqlıqları zamanı yaşadıqlarını gülərək övladlarına izah etmiş olsa, bu uşaqları daha çox rahatlatacaq. Uşaqlar arasında sıralama onların psixikasını zədələyir.
Bu sralamada həmişə ən kiçik övlad üstünlük təşkil edir. Çünki, ailə bu uşaqla nəyi, necə edəcəklərini bildikləri üçün onunla davranış qaydalarını daha yaxşı bilirlər. Belə bir vəziyyətdə isə kiçik uşaq digərləri tərəfindən qısqanılır. Bəzən uşaqlar arasında çox yaş fərqi olur. Bu zaman qısqanclıq daha da güclənir.
Uşaqlar bacı-qardaşlarını qısqandıqda iki davranış forması müşahidə edilir: “Onlar ya tənhalığa çəkilib sakitləşir, ya da tündxasiyyət və ya təcavüzkar davranışlar nümayiş etdirirlər”. Belə tündxasiyyət davranışlar onları ailədən daha çox soyudur. Bu zaman ailə ona qarşı sərt cəzalar tətbiq etməyə başlayırlar. Belə hal isə onların tündxasiyyət davranışlarını daha da artırmağa səbəb olur.
Uşaqlar arasındakı olan qısqanclığı aradan qaldırmaq üçün ikinci övlad dünyaya gəlməmişdən öncə böyük övladı buna hazırlamaq lazımdır. Birinci övladın yanında sonradan dünyaya gələn uşağa çox qayğı və sevgi göstərilməməlidir. Eyni dərəcədə sevildiyini valideynlər böyük övlada hiss etdirməlidirlər.
Uşaq şəxsiyyıətinin formalaşdırılmasında ailənin rolu əvəz edilməzdir. Valideynlərin ən mühüm vəzifələrindən biri gənc nəslin tərbiyəsidir.
Heç bir ailədə uşaq kortəbii tərbiyə edilmir. Hər bir ailədə uşaqların tərbiyəsində valideynlər müəyyən pedaqoji məqsədi rəhbər tuturlar. Lakin bu məqsədi yerinə yetirərkən müəyyən səhvlərə yol verirlər. Bu da uşaqların tərbiyəsi işinə çox ziyan vurur.
Valideynlər uşaqların qabiliyyətlərinin vaxtında aşkara çıxarılması sahəsində də səhvlərə yol verirlər. Valideynlər çox zaman heç bir əsas olmadan müəyyən sahəyə yönəldirlər. Bəzi valideynlər, hətta övladları üçün peşə seçərkən belə onun maddi cəhətdən gəlirli olmasına diqqət yetirirlər. Valideynlərin mənəvi kasadlığı uşaqların dünyagörüşündə, ailə haqqında təsəvvürlərində əks olunur.
Uşağın fiziki və psixoloji cəhətdən düzgün inkişaf etməsi üçün, hər şeydən əvvəl, valideyn sevgisi önəmlidir. Valideynlərin məhəbbəti uşağı daim inkişaf etdirməlidir.
Müasir ailələrdə uşağın əzizlənməsi zamanı bir çox səhvlərə yol verirər. Belə ki, uşağı əmək qayğılarından azad edirlər, adi çətinlikləri belə valideynlər onun üçün aradan qaldırırlar, uşağın istəklərini həmin an yerinə yetirilər.Valideynlərin bu cür hərəkətləri uşaqlarda öz qüvvələrinə qarşı inamsızlıq yaradır, gələcəkdə də müəyyən işlərin görülməsində daim valideynlərindən kömək istəyirlər. Belə uşaqlar böyüdükdə yalnız özləri haqqında fikirləşirlər.
Uşağı həddən artıq əzizləmək də olmaz. Nəvaziş və qayğının da həddi gözlənilməlidir. Uşağı tez-tez, yersiz tərifləmək, etdikləri səhvləri görməzdən gəlmək onların tərbiyəsinə mənfi təsir göstərir. Bəzi valideynlər övladının tutduğu xoşagəlməz hərəkətlərə görə heç bir cəza vermirlər. Bu zaman uşaqda belə bir düşüncə formalaşır: “Mənə hər şeyə icazə verilir, nə istəsəm edə bilərəm, qanunları da poza bilərəm”.
Bir çox ailələrdə isə bunun əksinə olaraq uşaqlara qarşı həddindən artıq tələbkar olurlar, hətta cəzanın ədalətli olmasını gözləmirlər. Bəzi ailələrdə uşaq nadinclik etdikdə, dərslərini öyrənmədikdə valideynlər yerli – yersiz uşağı döyürlər. Bu da uşaqlarda qorxu, inamsızlıq yaranmasına səbəb olur. Fiziki cəzaya əl atan zaman valideynlər uşalara təkcə fiziki zədə deyil, həm də psixi zədə yetirirlər. Bu yola əl atan valideynlər uşaqların gözündə nüfuzdan da düşürlər. Uşağı döymək, onu təhqir etmək şəxsiyyətini tapdalamaq deməkdir. Lakin, bu o demək deyildir ki, uşağı cəzalandırmaq olmaz. Cəza məqsəd deyil, vasitə olmalıdır. Həm də uşağı hər dəq danlamaq, hədələmək də düzgün deyildir.
Mustafayeva Sünbül Münasib qızı