Uşaqlar dünyaya göz açdıqda xarici aləmin təhlükələrinə qarşı müdafiəsiz olurlar. Onların hər ehtiyacını qarşılayan, qoruyucuları ana-atalarıdır. Yeni doğulan uşaq qəfil, ona məlum olmayan yeni mühitə düşür ki, nəticədə fizioloji və psixoloji şok yaşamalı olur. Uşaq dünyaya gəldiyi andan üzünü gördüyü anasının səsinə reaksiya verməyə başlayır. Nəticədə ilk sosial reaksiya ana ilə duyğusal bir bağlılıq yaranır. Təxminən bir ay sonra uşaq anasını gördükdə, əlini qaldırır, yüksək səslər çıxarır, ayaqlarını hərəkət etdirərək oynadır və gülümsəməyə başlayır. Bu şiddətli duyğusal reaksiyanı “canlanma kompleksi” adlandırırlar. Əgər uşaqlar bu dövrdə anadan ayrı düşür, uşaq evində və ya doğum evində qalırlarsa, uşaqlarda psixoloji inkişaf ləngiməyə başlayır. Bu vəziyyətə “qospitalizm” deyilir.
Uşaqlarda Qorxunun Yaranması və Natamamlıq Hissi
Uşaqlar istənilməyən bir davranış sərgilədikdə, ana və ya ata onları tərk etməklə təhdid edə bilər. Məsələn, “yaramazlıq etsən polislər atanı aparacaq” kimi ifadələr işlətmək uşaqların özlərini natamam hiss etmələrinə və tək qalmaqdan qorxmalarına səbəb olur. Bu kimi qorxular uşağın gələcək həyatında fobiya və ciddi təsirlərə çevrilə bilər. Belə hallarda mütəxəssisdən kömək almaq vacibdir.
Ən Çox Rast Gəlinən Psixoloji Problemlər
Uşaqlar arasında ən çox rast gəlinən psixoloji problemlər bunlardır:
- Gecə qorxuları
- Məktəb qorxusu
- Tiklər
- Kəkələmə
- Diqqət əksikliyi və hiperaktivlik
- Yalan danışma
- Alt islatma (enurez)
- Nəcis qaçırma (diariya)
Gecə Qorxuları və Onlarla Mübarizə
Gecə qorxuları əsasən 3-6 yaşlarında müşahidə olunur. Bu, uşağın qorxulu yuxular görüb qışqırma və tərləmə ilə oyanması ilə müşayiət olunur. Uşaqlar bəzən mövcud olmayan şeylərdən qorxduqlarını deyə bilərlər. Bu zaman valideynlər uşağa yanında olduqlarını və təhlükəsiz olduğunu uyğun dildə başa salmalıdır. Gecə qorxuları tez-tez yaranırsa, ailədaxili münaqişələr, ana-atanın mübahisələri və ya uşağın şahid olduğu digər hadisələr səbəb ola bilər. Bu hallarda uşağın yuxuya gedənə qədər yanında qalmaq tövsiyə olunur.
Məktəb Qorxusu və Emosional Bağlılıq
Məktəb qorxusu, uşağın anasından ayrılmaq istəməməsi ilə ortaya çıxır. Bu, güclü ana-uşaq bağlılığından irəli gəlir və bəzən qarın ağrısı, ürək bulanma kimi psixosomatik əlamətlərlə müşayiət olunur. Məktəb qorxusunun həlli üçün psixoloq, müəllim və ailənin birgə əməkdaşlığı vacibdir.
Tiklər: Qayğının Fiziki Təzahürü
Tiklər, uşaqlarda iradə xaricində yaranan əzələ sıxılmalarıdır və əsasən 6-7 yaşlarında ortaya çıxır. Tiklərin səbəbi qayğı və travmatik hadisələrdir. Bu hallarda uşağın yaşadığı qayğını aradan qaldırmaq vacibdir.
Kəkələmə: Bioloji və Psixoloji Səbəblər
Kəkələmə, danışıqda tutuqluq, hərf, səs və ya kəlimə təkrarı ilə xarakterizə olunur. Kəkələmə bioloji, genetik və ya psixoloji səbəblərdən qaynaqlana bilər. Mükəmməliyyətçi ailələrdə uşağın nitqində kəkələmə daha çox müşahidə olunur.
Diqqət Əksikliyi və Hiperaktivlik
Diqqət əksikliyi, beyində diqqət mərkəzindəki problemlərdən qaynaqlanır. Uşaqlar dərs zamanı diqqətlərini toplamaqda çətinlik çəkir və bu səbəbdən öyrənmə prosesi yavaşlaya bilər. Müəllim və valideynlərin birgə fəaliyyəti bu problemin aradan qaldırılmasına kömək edə bilər.
Yalan Danışma: Uşaqların Etibar Qazanmaq Cəhdi
Uşaqlar diqqət çəkmək və ya valideynlərinin gözləntilərini qarşılamaq üçün yalan danışa bilərlər. Valideynlərin yanlış nümunə olması da bu davranışın yaranmasına səbəb ola bilər.
Tualet Vərdişləri və Alt Islatma
Uşaqların tualet vərdişlərini mənimsəmə dövründə valideynlərin münasibəti əhəmiyyətlidir. Həm aşırı sərbəst buraxmaq, həm də təzyiq göstərmək uşağın vərdişlərini mənfi təsirləyə bilər.
Uşaqlarda psixoloji problemlər vaxtında müəyyən edilməli və düzgün şəkildə müdaxilə edilməlidir. Valideynlərin dəstəyi və mütəxəssis yardımı ilə bu problemləri həll etmək və uşağın sağlam psixoloji inkişafını təmin etmək mümkündür.
Ədəbiyyat:
1. M.Vəliyev, A.Mustafayev İnkişaf və Yaş Psixologiyası 2013.
2.E.İ.Şəfiyeva Anomal İnkişafın Psixologiyası2012
3.https://scholar.google.com/scholar?q=psychological+problems+in+childhood&hl=tr&as_sdt=0&as_vis=1&oi=scholart&sa=X&ved=0ahUKEwiE2sakx
Məqalə müəllifi: Gülnarə Muxtarova (Bakı Dövlət Universitetinin, Sosial Elmlər Psixologiya Fakültəsinin IV kurs tələbəsi)