Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Kəkələmə nədir?”

Uşaqların nitqində müəyyən qüsurların, yəni hərfləri uzadaraq tələffüz etmələri, hər hansı bir hərifi deyə bilməmələri və s. kimi hallar son dövrlər çox müşahidə edilir. Bu da valideynləri narahat edən və loqopedə, psixoloqa üz tutmalarına səbəb olan məsələlərdən biridir. Hətta bəzi valideynlər bildirir ki, bu hal əvvəllər övladında yaşanmamışdı, sonradan qorxunun və digər halların nəticəsi olaraq ortaya çıxıb.

İlk öncə bildirmək lazımdır ki, kəkələmə qorxu mənşəli olsa da qorxu sadecə təkanverici qüvvə rolunu oynayır. Ancaq, qorxunu yaradıcı faktor kimi qiymətləndirmək doğru yanaşma deyil. Belə ki, yaradıcı və təkanverici faktorlar arasında böyük fərq var. Məsələn: hər hansı hadisədən və ya heyvandan 10 uşaq qorxa bilər, amma onlardan 3 nəfərində kəkələmə yarana bilər. Yəni, hər qorxan uşaqda kəkələmə aşkarlanmır. Burada ən önəmli hissələrdən biri genetik faktordur. Digər vacib hissə isə evdə, ailədə kəkələyən birinin olmasıdır. Məsələn: ata-anadan biri, və ya bacı-qardaşdan biri kəkələyirsə uşağın da kəkələmə ehtimalının olması böyükdür. Əgər, kəkələmə uşağı narahat etmirsə, seanslara getmək istəmirsə, bu zaman onu uyğun bir dillə psixoloq qəbuluna aparmaq və psixoloqun onunla işləməsinə, onda bu motivasiyanı yaratmasına kömək etmək lazımdır.

5 yaşa qədər olan uşaqlarda kəkələmə daha çox təsadüf olunur. Kiçik yaşlı uşaqlarda kəkələmənin korreksiya edilməsi daha çətindir. Əksinə irəli yaşlarda məsələn, 8-9 yaşında kəkələyən bir uşaqla loqopedin və psixoloqun işləməsi, 3-5 yaşındakı uşaqlara nəzərən daha asandır. Həmçinin yeniyetməlik dönəmini də qeyd edə bilərik ki, bu zaman da kəkələmənin korreksiya edilməsi prosesi çətinləşir. Belə ki, bu uşaqlarla işləyən istər loqoped, istərsə də psixoloq daha çox səbirli və əzmkar olmalıdırlar. Həmçinin bu prosesdə yeniyetmənin də köməyi, seanslara vaxtında gəlməsi və tapşırıqları yerinə yetirməsi vacib hissələri təşkil edir.

Kəkələmə probleminə nəinki uşaq və yeniyetmələrdə, həmçinin böyüklərdə də təsadüf olunur. Belə insanlarda da kəkələmənin düzəldilməsi və bu problemdən zamanla qurtulmaq olar, ancaq bildirdiyimiz kimi burada istək önəmli nüansdır.

Kəkələməni yaradan digər faktorlardan biri də stress, həyandır. Bu zaman psixoloq buna köklənməli və problemi korreksiya etməlidir. Belə olduqda, həmin şəxs irəlidə və ya müəyyən vaxtdan sonra yenidən stress yaşasa kəkələmə problemi onda yaranmayacaq. Bildirmək lazımdır ki, xüsusən qız uşaqlarında kəkələmənin korreksiya edilməsi ehtimalı daha çoxdur.

Əlavə olaraq qeyd edə bilərik ki, uşaqlarda kəkələmə müşahidə edən valideynlər 1-3 ay gözləməlidir. Həmin an həyəcana qapılıb, uşağı həkim müayinəsinə aparmaq düzgün deyil. Çünki, bu vaxt aralığında bədən, uşağın orqanizmi ona müqavimət göstərə və güc gəlib öz-özünə düzələ bilər. Yəni, kənardan heç bir dəstək olmadan bu problem onun orqanizması sayəsində düzələ bilər. Amma, bəzi nevroloji qüsurlar var ki, məsələn: şizofreniyada, bərabərində nitq qüsurlarında, nitqi gec açılıb daha sonra kəkələyən uşaqlarda və s. mütləq şəkildə nervpatoloqla birlikdə dəstək alınaraq kəkələməni aradan qaldırmaq olar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!