Ata-ananın uşağına verə biləcəyi ən qiymətli hiss güvən hissidir. Əgər uşaq valideylərindən güvən hissini doya-doya ala bilirsə, öz kollektivindən güvən hissini ala bilirsə, şiddətə məruz qalmırsa, “dərsini niyə etməmisən? sənin kimi tənbəl uşaq heç görmədim”, “sənin kimi uşaqdansa heç uşağım olmayaydı kaş” valideynlər bu tipli uşağın duyğusuna xitab edilən cümlələr işlətmədikcə, şiddət görmədən, uşaq olduğu halı ilə evin içərsində qəbul edilirsə, o evin içərsində uşaq xoşbəxtdirsə, anasından əmindirsə o uşaqda güvən problemi olmaz. Uşaq nəyə görə anasından əmin olmalıdır? Anasının onu döyməyəcəyindən, onu söyməyəcəyindən, onu təhqir etməyəcəyindən əmin olmalıdır.
Çox təəssüflər olsun ki, bəzi anaların tez-tez istifadə etdikləri yol şiddətdir. Uşaq hər dəfə səhv etdikcə onu döyən, söyən, təhqir edən anası vardır. Məsələn, 30 yaşlı bir ana 4 yaşlı uşağına şiddət yaşadır. Nə üçün yaşadır bu şiddəti? Uşaq onun dediyinə əməl etmədi deyə. Halbuki uşaq 3 ildir ki, dünyaya gəlib. Uşağa imkan vermir ki, dünyanı tanısın. Ananın dediyi qaşığı sağa qoy, uşağın etdiyi qaşığı sola qoymaq, ana uşağa gəl deyir, uşaqsa gəlmir. Anaların “uşaq mənə qulaq asmır, sözümü uşağa keçirə bilmirəm” deyərək yumruqlarını sıxaraq uşağın üstünə gedərkən uşağın içində ata-anaya qarşı olan güvən hissi itib yox olur… Hələ uşaq nəyin yaxşı, nəyin pis olduğunu anlamağı dövrdə ata-ana dişlərini sıxmış halda uşağın üstünə gedib onu yiyəcəkmiş kimi təzyiq göstərirsə… Bu vəziyyətdə hansı uşaqdaki güvən hissinin olduğundan danışa bilərik… Halbuki sağlam ruha sahib olan bir uşağın içində daşıyacağı ən önəmli hissdir güvən hissi… Ata-analar içlərində olan bir eqoya sahib çıxa bilmədikləri üçün, uşaq onların sözünü yerinə yetirməməsi qarşısında öz aqressivliklərini uşağın üzərində çıxartmasından əlaqədar olaraq uşaqların onlara qarşı güvən hissi itmiş olur. Yaxud qonaqlıqda uşaq əlindəki stəkanı yerə salıb sındırdı deyə ana qışqırtı ilə “çolaqsan niyə əlindəkini yerə saldın” deməklə hamının yanında uşağın qürurunu sındırmış olur. Uşaq da içində deyir ki, “mənim anam budur, etdiyim hər səhvə görə həmişə məni əzdirən, Allah məni niyə bu anaya göndərmiş deyər”… Belə ananın əlində pərişan hisslər keçirər uşaq. Halbuki o, yeriməyi , oturmağı, danışmağı, əşyalarla necə rəftar edilməsini- stəkanı tutmağı yeni öyrənən dövrdə ona qarşı düzgün rəftar etməyi bilməyən bir ananın övladıdır. Səhv etməyə imkan verməyən bir ananın övladıdır. İnsanların içərsində onu alçaldan bir ananın övladıdır. Onun ruhunu görməyən bir ananın övladıdır. Bu vəziyyətdə uşaq nə edər? Özünü qorumağa çalışar. Ona qarşı bir söz deyənin cavabını verər, valideynləri ilə tərs danışar, onlara əsəbləşməyə başlayar. Bu da uşağın özünü qorumaq üçün istifadə etdiyi yollardır. Kimdən qorumaq üçün? Ata və anasından…
Əziz valideynlər, uşağınızı tərbiyə etməzdən əvvəl birinci özünüzü tərbiyə edin. Onsuzda uşağınız sizin açdığınız cığırın ardınca gedəcəkdir. Əvvəlcə, güzgüyə baxın, səhvlərinizi görməyə çalışın, özünüzü uşağın yerinə qoyun, sizə belə rəftar edəcək ata-anaya necə münasibət bəsləyərdiniz? Belə hərəkətlərinizlə uşağınızda dərin izlər, məsafələr buraxmayın. Uşaqlarınızı olduğu kimi qəbul edin, başqası olmasını istəməyin. Uşağınızın ruhuna diqqət edin. Uşaq böyütmək demək onun saçlarını daramaq, onun qarnını doyuzdurmaq demək deyildir… Uşağın ruhuna da arada baxın… O parçalanmış ruhuna çarə axtarın…
Əminə İsrafilzadə
ADPU-nun Pedaqogika və Psixologiya fakültəsinin magistrantı