Cavan valideynlər bəzən narahat olurlar ki, uşağın əmgəyini zədələyə bilərlər. Narahat olmağa dəyməz. Əmgək elastik və çox qalın toxuma qatı, üzərində isə dəri qatı ilə örtülmüşdür.
Uşağa adi baxım zamanı (saçların daranması, saçların yuyulması və s.) əmgəyi zədələmək, praktik olaraq, mümkün deyil.
Böyük əmgəyin ölçüsü uşaqlarda müxtəlif ola bilər (orta hesabla 2,2 sm-dən 3,5 sm-dək).
Uşağın başında saç az olduqda əmgəyin altında nəbz vurmasını görmək olur. Bu, tam normal haldır.
Əgər uşağın əmgəyi gərgin və qabarıqdırsa, və ya əmgəyin qıraqları artıq dərəcədə yumşaq və elastikdirsə, uşağı həkimə göstərin – bu, hər hansı bir xəstəliyin əlaməti ola bilər.
Batmış əmgək ishal və ya yüksək hərarət zamanı uşaqda inkişaf edən ağır susuzlaşdırmanın əlaməti ola bilər. Bu hal körpə uşaqların səhhəti üçün çox təhlükəlidir və hətta uşağın tələf olması ilə nəticələnə bilər.
Əmgəyin bağlanması çox fərdi və irsiyyətlə bağlı olan bir prosesdir. Bəzi uşaqlarda böyük əmgək hətta 3-4 ayında bağlana bilər. Lakin bu halda da (uşağın inkişafı normal getdikdə və digər nevroloji simptomlar olmadıqda) narahat olmağa dəyməz – bu uşağın beyninin normal böyüməsinə və inkişafına mane olmur (uşağın başı tək əmgəklər hesabına deyil, baş sümükləri arasında olan “tikişlərin” hesabına da böyüyür). Bundan əlavə yalnız böyük əmgəyin erkən bağlanması uşaqda kəllədaxili təzyiqinin artmasına səbəb ola bilməz.
Orta hesabla uşaqlarda böyük əmgək 6-18 aylarında tamamilə bağlanır (bəzən tam sağlam uşaqlarda əmgək hətta 2 yaşına qədər açıq qala bilər).
Vaxtında doğulmuş uşaqlarda kiçik əmgək adətən körpə doğularkən bağlı olur. Vaxtından tez doğulmuş körpələrdə isə kiçik əmgək təxminən 0,5 sm ölçüsündə olur və 2-3-cü aylarında bağlanır.