Uşaqlarda kiçik qusmalar

7 ayınadək olan uşaqlarda qidanın bir hissəsinin geri qaytarılması (“kiçik qusma”) fizioloji, yəni normal hal hesab olunur.

Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması (kiçik qusma) qəflətən başlayır və qarın əzələlərinin cüzi dərəcədə iştirakı ilə baş verir. Bu zaman qidanın hissəvi olaraq geri qaytarılması qida qəbulundan sonra 1 saatadək olan müddət ərzində baş verə bilər, qusma “fontan” şəklində (yəni təzyiq altında, axar şırnaq şəklində kənara atılmaqla) olmamalıdır.

Uşağı yedizdirdikdən sonra onu 20 dəqiqə şaquli vəziyyətdə saxlamaq lazımdır. Bu zaman hava tıxacı gəyirmə ilə xaric olur və ağızın kənarlarından isə az miqdarda süd də xaric ola bilər. Qidanın hissəvi olaraq geri qaytarılması (kiçik qusma) uşağın bədəninin vəziyyətinin dəyişməsi zamanı və ya hər hansı bir nəzərəçarpacaq səbəb olmadan da təkrar oluna bilər. Bəzi hallarda elə görünə bilər ki, geri qaytarılan qidanın miqdarı çoxdur. Ancaq onun əlamətləri yuxarıda qeyd edilən fizioloji “kiçik qusmalara” uyğun gələrsə, uşağın çəkisinin artması da normal olarsa – bu, normal hesab olunmalıdır. Təxminən uşağın 7-ci ayına yaxın olan müddətdə, qidanın hissəvi olaraq geri qaytarılması (“kiçik qusma”) keçib getmiş olur. Valideynlər aşağıdakı hallara diqqət yetirməlidirlər:

  • qəbul edilən qidanın “fontan” şəklində geri qaytarılması uşaqda olan nevroloji pozulmaların əlaməti ola bilər. Buna görə də uşağı ilk növbədə nevropatoloqa göstərmək lazımdır. Nadir hallarda, bunun səbəbi həzm sistemində olan spazmlar da ola bilər ki, bu halda həkim-qastroenteroloqa müraciət etmək lazımdır;
  • gecikmiş kiçik qusma – qida qəbulundan 1 saat və daha gec, bəzi hallarda isə növbəti qida qəbulundan bir qədər əvvəl baş verir. Bu halda da qastroenteroloq həkiminə müraciət etmək tələb olunur;
  • tez-tez baş verən kiçik qusmalar – əgər uşaqda hər 5-10 dəqiqədən bir kiçik qusmalar baş verirsə, bu, qeyri normal hal hesab olunur. Uşaqda belə bir problem qeyd edilərsə, qastroenteroloq həkiminə müraciət etmək məsləhət görülür;
  • narahatlıq və ağlama ilə müşayiət olunan kiçik qusma – spastik sancıların olmasının əlamətidir. Həkim-pediatr və ya qastroenteroloq uşağa sancı əleyhinə olan vasitələr təyin edə bilər;
  • maye qəbulundan, az miqdarda qida qəbulundan sonra baş verən və narahatlıq, çəkinin az artması və ya hətta heç artmaması ilə müşayiət olunan kiçik qusmalar. Belə bir hal anatomik qüsur olan “pilorostenoz” ilə əlaqədar ola bilər. Pilorostenoz – qida borusunun kəskin daralmasıdır ki, bu zaman qida praktiki olaraq mədəyə daxil ola bilmir. Belə qüsur əksər hallarda uşağın doğulduğu ilk günlərdən etibarən aşkar edilir və cərrahi üsulla düzəldilir. Bəzi hallarda isə pilorostenoz bir qədər sonra (uşağın 1-3 aylığında) aşkar olunur.

Fizioloji olmayan, tez-tez baş verən kiçik qusmalara meylli olan uşaqlar üçün həkimlər xüsusi müalicəvi süni qida qarışığı təyin edə bilərlər. Belə süni qidaların qutusunun üzərində, adətən, “antireflyuks” sözü də yazılır. Belə qidaları yalnız həkimin məsləhəti ilə uşağa vermək olar. Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması zamanı belə qidaların qəbul edilməsinə ehtiyac olmur. Ana südünü, əlbəttə ki, tamamilə belə süni qida ilə əvəz etmək olmaz.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!