Hər şey qədərində gözəldir

Bəzi valideynlər bilmədən, istəmədən övladlarına zərər vermiş olur

“Təcrübələrimizdə görürük ki, canına qəsd edən uşağın yaşının az olması və intihar cəhdi göstərir ki, onun güclü şəkildə planşet, oyun asılılığı olub”

  Son zamanlar demək olar ki, hər gün informasiyalar sırasında intihar xəbərlərinə də rast gəlirik. El arasında deyirlər ki, ölümün yaşı cavanlaşır. İndi bu ölümlər cərgəsinə intihar hadisələri də daxil olur. Hər bir insanın məişətdə, cəmiyyətdə problemləri ola bilir. Bəzən üzülürlər, inciyirlər, mübahisə edirlər. Amma bəziləri isə çıxış yolunu intiharda görür. 

Yaşadıqları həyat onlara canlarına qıymaqdan daha acımasız gəlir. Təbii ki, intihar etmənin heç bir haqlı tərəfi ola bilməz. Həyatda yaşadığımız əngəllərə, maneələrə rəğmən güclü olmağı bacarmalıyıq. İlk olaraq, özümüzlə, sonra isə cəmiyyətlə mübarizə aparmağa qadir olmalıyıq. Həyatın acı tərəfi ilə yanaşı, üzümüzə gülən yanının olduğunu da unutmamalıyıq. 

Bu dünyaya bir dəfə gəlirik, Allahın bizə bəxş etdiyi cana sahib çıxmalıyıq. Özünü öldürmək sadəcə acizlikdir. Qarşılaşdığımız çətinliklərə sinə gərərək, yaşamımızı daha asan, əyləncəli etmək biz insanların əlindədir. 

Bu gün təəssüf ki, hər yaş qrupunda olan, böyüyün də, kiçiyin də canına qəsd etdiyinin şahidi oluruq. Elə ötən günlərin birində baş verən 8 yaşlı uşağın intihar etməsi kimi. Azyaşlı hansı probleminə görə özünü öldürə edə bilər? Axı, o, hələ həyatının səkkizinci baharını yaşayırdı. 
Klinik-psixoloq, “Narınc” Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova “Şərq”ə açıqlamasında bildirib ki, hadisəyə nəzər saldıqda ailədə uşaqlar arasında yaş fərqinin hədsiz çox olduğunu görürük:

“Eyni zamanda valideynlərin  müəyyən bir yaş dönəmindən sonra dünyaya gətirdiyi uşaqlarına qarşı rəftarı da fərqli olur. Gec yaşlarda valideyn olan ata, analar övladına münasibətdə daha mülayim, bir çox yalnış hərəkətlərinə dözüb, göz yumur, yox deyə bilmir, hədsiz qayğıkeş davranış sərgiləyirlər. Bu, yaş psixologiyası ilə bağlı olan nüanslardır. Ona görə də yaxşı olar ki, uşaqlar arasında yaş fərqinin olmamasına diqqət etsinlər. Çox zaman düşünülür ki, insanlar sevgisizlikdən intihar edirlər. Amma yadda saxlamaq lazımdır ki, insanlar gərəksiz sevgi çoxluğu ilə qarşılaşdıqda da bu yola sürüklənə bilir. Bilmədən, istəmədən övladlarımıza zərər vermiş oluruq. Hər şey qədərində gözəldir”.

Psixoloq qeyd edib ki, anlaşıldığı qədərilə intihar edən azyaşlıda telefon, planşet asılılığı olub: “Ümumiyyətlə, dünyada aparılan araşdırmalara görə, telefon, televizor, internet, oyun aludəsi narkotik, siqaret, qumardan sonra dördüncü yerdə dayanır. Nəticə etibarilə beyinə eyni təsiri göstərir. 

Əgər bir uşaq gündə 8-10 saatdan artıq televizor, telefonda vaxt keçirirsə, burada artıq kəskin  asılılıqdan danışa bilərik. Oyunlar oynanılarkən, internetdən istifadə edilən zaman beyində dopamin ifrazı artır və uşaqlar özünü xoşbəxt, rahat, özgüvənli hiss edirlər. Real həyatda bu hissi dada bilməyən, qapalı, ünsiyyət çətinliyi, evində, ailəsində, məktəb həyatında problemlər yaşayan azyaşlılar xüsusilə oyunlara, telefona bağlı olurlar. Smartfonlardan kənarda qalan övladlar özünü çarəsiz, bədbəxt, lazımsız hiss edir, depressiyaya, böyük bir boşluğa düşürlər. Bu da təəssüf ki, intihara səbəb olur”.

N.Rüstəmova onu da əlavə edib ki, insanlar telefon əldə etmək üçün hər yola əl ata bilərlər: 

“Hətta təcrübəmizdə evi yandıran, anasını döyən, özünə və sevdiklərinə ölümcül zərbələr endirən uşaqlara rast gəlirik. Canına qəsd edən həmin uşağın yaşının az olması və intihar cəhdi göstərir ki, onun güclü şəkildə planşet, oyun asılılığı olub. Çünki anası iftar süfrəsi hazırlayarkən uşaqdan xəbər almayanda ağlına ilk olaraq, ondan gizli planşet oynatması gəlib. Çünki belə uşaqlara nə qədər qadağalar qoyulsa da, fürsət tapdıqca oyun oynamaq istəyirlər”.

Müsahibimiz valideynləri diqqətli olmağa çağırıb: 

“İndi elə bir dövrdür ki, uşaqları internetden, smartfonlardan tamamilə təcrid edə bilmərik və bu, doğru addım da deyil. Sadəcə, yaşlarına uyğun olaraq, istifadəni məhdudlaşdırmalı və nəzarətdə saxlamalıyıq.

 Yaxşı olar ki, övladlarımız ilə oyunlardan, internetdən istifadə qaydaları, oradan gələ biləcək təhlükələr barəsində öncədən danışaq, maarifləndirmə aparaq. 

Ən önəmli nüanslardan biri övladlarımıza çərçivələr qoyarkən öz davranışlarımıza da fikir verməliyik. Çünki onlar bizim sözlərimizdən çox hərəkətlərimizdən nümunə götürürlər. 

Əgər ana özü televizor, telefon aludəçisidirsə, ata evə gəldikdən sonra telefonu əlinə alıb, oyun oynayır, çatlaşırsa, gününün çox hissəsini telefonda keçirirsə, uşaqlarımızdan qaydalara riayət etməsini nə dərəcədə tələb edə bilərik?! Əgər valideynlər övladlarının öhdəsindən gəlməkdə çətinlik çəksələr, psixoloq  dəstəyi almaqdan çəkinməsinlər”.

Mənbə:

https://sherg.az/cemiyyet/195932

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });