“İllər sonra onları qarşımda görəndə içimdə qəribə hisslər yaşamışam”
Bu dəfəki həmsöhbətim klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmovadır. Onunla çox maraqlı mövzular ətrafında söhbət apardıq. Elə isə çox uzatmadan müsahibəmizi təqdim edirəm.
– Narınc xanım xoş gördük. İlk sualı belə ünvanlamaq istəyərdim ki, nə zamansa Elnur bəylə birlikdə ailə terapeyalarına başlamaq kimi bir fikriniz varmı?
– Salam. Xoş gününüz olsun. Yəqin ki, yox. Biz ta əvvəldən Elnur müəllimlə istiqamətlərimi seçmişik. O böyük, yetkin yaşlı insanlarla, ailələrlə mən isə daha çox uşaq və yeniyetmələrlə məşğul oluram.
– Ən çox hansı problemlərlə bağlı müraciətlər alırsınız?
– Uşaq və yeniyetmələrdə Hər zaman ən çox müraciətlər danışmayan, düşüncə və davranış baxımından yaşıdlarından geri qalan uşaqlar üzərində olur. Öyrənmə çətinliyi, davranış pozuntuları, hiperaktivlik, diqqət dağıntısı, ünsiyyət çətinliyi, autizm spektr pozuntusu yönümündə müracətlər də kifayət qədərdir.
Yetkin insanlarda isə müraciətlər daha çox həyəcan təşviş, depressiya, obsessiv kompulsiv pozuntu, sosial fobiya, ünsiyyət çətinliyi, ailə daxili münasibətlərdə pozulmalar istiqamətində olur.
– Pasiyentlərin hər birinə zaman ayırırsınız ya mərkəzdə fəaliyyət göstərən digər psixoloqlara yönləndirirsiniz?
– Əlbəttə! Ümumiyyətlə mərkəzlərimdə vahid bir sistem yaratmışam. Mən və birbaşa mənim tərəfimdən təyin olunan baş psixoloqlarım da bu sistem əsasında fəaliyyət göstəririk. Mənim qəbuluma yazılan pasient mənə qədər uşağın inkişaf göstəricilərini təyin edən bir sıra psixoloji, loqopedik, rekleksoloji müayinələrdə keçir və cavabı ilə yanıma gəlir. Bütün bu yoxlanışlar hamısı beynəlxalq testlər əsasında aparılır. Balalarım yanıma gələndə mən artıq onun problemləri haqqında məlumatlı olmuş oluram. Sonra valideynlə müsahibə və özümün müşahidələrim də əlavə olunaraq ilkin dəqiq psixoloji diaqnostikamız aparılır. Problem müəyyənləşir və bu problemlə ən yaxşı işləyən mütəxəssislərimə proqram yazib verirəm.hər ay balalarımı ödənişşiz təkrar yoxlanışlara salıram nəticəsini izləyirəm ki, görüm bir aylıq terapiyanın sonunda nə qədər irəliləyiş əldə etmişik. Hər şey protokola əsasən xüsusi ölçmələrlə aparılır. Və təyin etdiyim zamanda özüm təkrar pasientimlə görüşürəm və yeni həyatına yola salıram. Bu sistemi qurmaq, yaratmaq elə də asan olmayıb. 14 illik təcrübənin əsasında qurulub və bundan kənara sapmalar ola bilməz. Bu cür istər mənim qəbulumda olan, istərsə də baş psixoloqlarımın qəbulunda olan bütün pasientləri, təyin olunmuş terapiya proqramlarını, gedişatları, təkrar müayinə və nəticələri şəxsən özüm nəzarətimdə saxlaya bilirəm. Yoxsa 7 filialı eyni keyfiyyətlə idarə etmək çox çətin olardı.
– Olubmu ki, hansısa pasiyentinizdə müalicənizdən sonra psixologiyaya həvəs yaransın və bu sahədə çalışsın?
– Ooo… Çox olub belə hallar. Hətta həmin pasientlərim sonradan bizim mərkəzlərdə çalışmağa başlayıb həmkar olmuşuq. İllər sonra onları qarşımda görəndə içimdə qəribə hisslər yaşamışam. Demək ki, bu qədər çəkilən əziyyətlər boşa getməyib. İnsanların həyatına toxuna bilmək çox gözəldir.
– Narınc xanım, mövzunu bir az evliliyə aparaq, maraqlıdır, gənc valideyinlər evlilik öncəsi psixoloqa hansı səbəblərə görə müraciət etməlidir?
– Artıq cəmiyyətimizdə xeyli irələyişlər var. 10 il bundan əvvəl insanların nigahdan öncə həkim müayinəsinə getməsi axmaqlıq sayılırdısa, indi bu kifayət qədər müsbət baxılan, hətta alqışlanan hərəkət kimi qəbul edilir. Necə ki cütlüklər evlənməmişdən qabaq həkim müayinəsi ilə bir-birlərinin bədənlərini tanıyıb, yaranmış problemləri birlikdə həll edirlər, psixoloji görüşdə də bir-birlərinin psixoloji vəziyyətini, sadə sözlə desək beyinlərini tanıyırlar. Belə bir fikir formalaşa bilər “elə beynini tanımışam ki, evlənirəm”. Xasiyyətinə bələdəm, psixoloji konsultasiya nəyimə lazım? Yaxşı, psixoloq mənə desə ki, sizin xasiyyətiniz tutmur ayrılacam bəyəm?”. Bu kimi fikirlərlə çox rastlaşırıq. Cütlüklərin çoxu ilk görüşdə bunu deyirlər. Nə yaxşı ki, bu kimi fikirlər elə ilk görüşdə qalır.
İnsanlar bir-birlərini tanıyıb müəyyən xüsusiyyətlərini bəyənib evlənirlər. Çox vaxt eşidərsiz “O, çox qayğıkeşdir” , “O, çox səmimidir”, “O, çox diqqətcildir” və s. Amma bunlar onun xasiyyətinin hamısının olması demək deyil. Evlənməmişdən öncə psixoloqla söhbət çox vacib xüsuslardandır.
Yeni evliliklərdə əsasən qadınlar ilk vaxtlarda ailə həyatına öyrəşməkdə çətinlik çəkirlər. Bu anadan qızına keçən bir problemdir. Analar qızlarını evliliyə hazırlayırlar. Təbii bu olmalıdır. Amma bəzən analar çox himayəkarlıq göstərir. Bu halda qızlar evliliyi çox ideallaşdırır, evləndiyi andan etibarən gözləntiləri çox olur. Artıq qarşı tərəflə mübahisələr başlayır. Kişilər nə baş verdiyini anlamır. Qadın evlənəndə istər seksual, istər maddi, istər sosial həyatı dəyişir. Bu dövrdə kişilərimiz daha anlayışlı olmalı və bunun qısa müddət davam edəcəyini bilməlidilər.
Belə vaxtda onlara ancaq xanımına daha çox diqqət yetirmək gərəkdir. Əgər bu hal xroniki hala keçirsə cütlüklərin psixoloqa müraciət etmələri tövsiyyə olunur. Qadınlar əsasən problemi intim həyatında axtarmağa başlayır və sekspatoloqa müraciət edirlər. Onlardan aldığı yalnış psixoloji məlumatlara “Sizdə fiziki uyğunsuzluq var və ya bədənləriniz bir birinə öyrəşə bilmir” kimi fikirlərə zaman keçdikcə inanmağa başlayırlar. Münasibətlərdə soyuqluq başlayır. Bəzən tədbir görülməzsə, bu hallar evliliklərin bitməsinə səbəb olur.
– Bir neçə il öncə müsahibələrinizin birində “Pula qənaət etmək üçün uşağı nənə-baba himayəsinə verirlərsə, gələcəkdə bu pulun üç qatını uşağın müalicəsinə xərcləyəcəklər” söyləmişdiniz. Aydınlıq gətirərdiniz.
– Bu barədə daha öncə də açıqlama vermişdim. Ümumiyyətlə çox gələn suallardan biridir. Bizə böyük ailə daxilində yaşayan çox uşaq müraciət edir. Hətta çox vaxt nənə və babalar müayinədə olurlar. Nənə-baba 9 yaşından sonra uşağı gətirir. Çünki bu yaşa qədər “uşaqdı, yazıqdı”, “uşaqda heç nə yoxdur, özünüzdən problem yaratmayın” deyə düşünürlər. Ancaq artıq 9 yaşdan sonra cinsi yetişkənlik dövrü başlayanda uşaq nənə və babayla da toqquşmağa başlayır. Onlar öz əlləriylə necə bir “canavar” böyütdüklərinin fərqində olurlar. Bu zaman artıq psixoloqa müraciət etməli olurlar. Ancaq erkən yaşda müraciət edən analar da olur.
Ümumiyyətlə, nənə-babanın, yaxud gec ailə qurub 35 yaşdan sonra uşaq sahibi olan, sonsuzluq problemi yaşayıb müalicələrlə uşaq sahibi olan valideynlərdə ərköyünlük müşahidə etmək mümkündür. Uşaq sahibi olmaq və uşaq tərbiyə etmək 25-26 yaşdan sonra başlayır. Burada insanın özünün psixoloji durumu və nə dərəcədə yetkin insan olması da önəmlidir. Ana-ata həmişə uşağının gələcək həyatını planlaşdırdığı üçün qaydaları rahat formalaşdıra bilir, qaydaları pozanda onların düz etmədiyini izah edə bilir. Bir sözlə, ana-ata daha qəddar olur və uşağın tərbiyəsiylə daha ciddi məşğul olurlar. Ancaq nənə-babalar adətən 50-60 yaşlarında olur və bu zaman onlar uşaq üçün gələcək planlaşdırmırlar. Yəni fikirləşmirlər ki, nəvələri 19 yaşında necə olacaq, nə edəcək? Buna görə də onların düşüncəsi fərqli olur. Vaxtilə öz övladlarının tərbiyəsi, gigiyenası, dərsləri ilə daha ciddi məşğul olan nənə-baba bunu nəvələri üçün edə bilmir. Bu da yaşdan asılıdır. Ancaq bu günə köklənirlər: uşaq məni sevsin, desin ” Nənə-baba yaxşıdır, mən onları çox sevirəm”, bu, mənə bəs edir. Bunu bütün nənə-babalara şamil etmək olmaz, ancaq əksəriyyəti belədir.
– Uşaqlar hansı halda psioxoloqa gətirilməlidir. Və müşahidə olan hansı davranışlardan valideyn hiss etməlidir problem olduğunu?
– Burda əslində qeyd edilməli o qədər məqamlar var ki. Amma ümumən suala cavab verəsi olsam demək istərdim ki, burda ən vacib müşahidəçi ana özüdür. Konkret adı çəkiləsi problemlər n qədərdir. Amma analıq instikti, analıq hissiyatı dediyimiz bir hiss var. Valideyn müşahidə edir, özlüyündə baxır, parka gedəndə, baxçaya gedəndə, məktəbə gedəndə, görür ki, digər yaşıdları ilə müqayisədə onun övladında fərqli olan nələrsə var. Ana hiss edirki uşağımda nəsə yolunda deyil. Bax bunu hiss edən zaman ana psixoloqa getməkdən qorxmamalıdır.
– Son olaraq nə demək istəyərsiniz valideynlərə?
– İlk növbədə yaxşı nümunə olsunlar! Bunu bir psixoloq kimi valideynlərə hər zaman dönə-dönə deyirəm və eləcə də bir ana kimi dilimdə dediklərimi əməllərimdə göstərirəm övladıma. Övladımızdan tələb etdiyimizi ilk öncə öz simamızda göstərməliyik ki, o bizdən baxıb öyrənsin. Məsələn, əgər mən evdə bütün günü kompyuterdən istifadə edirəmsə və oğluma deyirəmsə ki, komputerdən istifadə etmə, bu biraz gülünc olar. İlk olaraq mən kitab oxuma vərdişini övladıma aşılamalıyam ki, ondan bunu gözləyə bilim və s. Əgər ata – ana özləri arasında sağlam bir münasibət qurarlarsa inanın hər şeyə vaxt çatır,hər bir işinizi də görə bilirsiniz. Yəni, sağlam və xöşbəxt övlad böyütmək üçün ona ən əsası sağlam bir ailə bəxş etməlisiniz!
Söhbətləşdi: Şəlalə Camal
(AJB – nin üzvü)
Mənbə: