Uşağı bağçaya qoyaqmı, qoymayaqmı?

“Bağça uşağın həyatında ilk sosial təcrübədir. Çalışan valideynlər üçün uşağı bağçaya qoymaq bir zərurətdir. Amma evdə olan analar çox zaman seçim qarşısında qalırlar uşağı bağçaya qoymaqmı daha yaxşıdır, qoymamaqmı? Xüsusən də, bağçanın ilkin dövrlərində uşaqlarda baş verən tez-tez xəstələnmə halları valideynləri daha da qərarsız halda qoyur”.

Bu sözləri Medianews.az-a  açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin Üzvü, Azərbaycan təmsilçisi, klinik psixoloq Narınc Rüstəmova bildirib. O, qeyd edib ki, uşaq bağçası olmadan təhsil sistemi natamamdır, ifadəsi tam doğrudur:

“Buna baxmayaraq deyə bilərik ki, bağçaya gedən uşaqların immun sistemi daha yaxşı inkişaf edir, gələcəkdə orqanizmin xəstəliklərə qarşı immunitetinin artması bu vəziyyəti üstünlüyə çevirir. Məktəb həyatına baxanda görürük ki, bağçaya gedən uşaqlar sonrakı yaşlarda yaşıdlarına nisbətən daha az xəstəlik yaşayır və onların immun sistemi daha çox inkişaf edir.

Bağçaya gedən uşaqlar daha çox paylaşmağa meyilli və sosial olurlar. Bu uşaqlar daha erkən yaşda dostlar qrupuna daxil olduqları üçün dostluq anlayışı çox yaxşı inkişaf edir və paylaşmağı öyrənirlər.

Bağçaya gedən uşaqların özünə inamı daha yüksək olur. Uşaq bağçasında valideynlərin dəstəyi olmadan “öz ayaqları üzərində” dayanmağı öyrənirlər. Ola bilsin ki, əvvəlcə çətinlik çəksələr də, gələcəkdə özlərini qorumağı öyrənəcəklər və cəmiyyətdə öz hüquqlarını daha asan əldə edə biləcəklər. İstədiklərini əldə etmədikdə düzgün şəkildə istəməyi və necə əldə etməyi öyrənirlər. Özlərini daha rahat ifadə edə bilirlər.

Onlar təlim həyatına daha yaxşı adaptasiya ola bilirlər. Məktəbəqədər təhsilin çox vacib olduğu bu günlərdə ailələr bəzən övladlarını bu mərhələyə hazırlamaqda yetərli ola bilmir, bəzən də gündəlik həyatın çətinliyindən çox vaxt ayıra bilmirlər. Ancaq bağçalarda uşaqlara müəyyən proqram çərçivəsində nizam-intizamlı təhsil verilir, bu təhsilin mütəxəssislər tərəfindən verilməsi uşağın daha asan və vaxtında öyrənməsinə şərait yaradır. Çox vaxt məktəb yaşına qədər ailəsinin yanında qalan, bağça mühiti görməyən uşaq məktəbə başlayanda ailədən ayrılma problemi yaşayır.

Bağçaya gedən uşaqlar daha intizamlıdır və qaydalara daha asan adaptasiya ola bilirlər.
Bütün günü evdə olan uşaqlar ümumiyyətlə sərbəstdirlər, istədikləri vaxt televizora baxırlar, istədikləri vaxt oyun oynayırlar, yemək yeyirlər və istədikləri vaxt yatırlar. Valideynlər bu məsələlərdə nə qədər disiplinli olmağa çalışsalar da, müəyyən məqamdan sonra bunu təmin edə bilmirlər. Uşaq bağçalarında isə hər şeyin vaxtı müəyyəndir. Oyun vaxtı bitdikdən sonra uşaqlar oyuncaqları yığmalıdırlar. Yemək yeməyə hazırlaşanda vacib olan təmizlik qaydalarına birmənalı riayət etməlidirlər, bişirilən yeməkdən hamı kimi yeməlidirlər, yatmaq zamanı paltarlarını dəyişməli, durduqdan sonar geyinməli və s.

Bağçaya gedən uşaqların istedadları daha tez kəşf oluna bilir. Evdə bir çox ailələr övladlarının istedadlarını görə bilmir və ya uşaqlar məhdud fəaliyyətlə məşğul olduqları üçün bu istedadlar üzə çıxa bilmir. Bağça dövrləri təhsil nisbətən daha az olduğu, uşaqların bacarıqlarının inkişaf etdiyi dövrlər olduğundan, onların istedadları daha tez üzə çıxır və üzərində işləməklə bu istedadları daha da inkişaf etdirmək olar.
Ümumiləşdirsək, uşaq bağçalarının uşaqların həyatında, onların sosiallaşmasında, lap körpə yaşlarından kollektivə uyğunlaşmasında böyük rolu var. Uşaq yaşlarında bağça təhsili almış uşaqlar gələcək həyatlarında daha inamlı, qərarlı ola bilirlər. Özünümüdafiə instinki də bağçaya getmiş uşaqlarda daha yaxşı formalaşır. Bir sözlə, uşaq bağçası olmadan təhsil sistemi natamamdır, ifadəsi tam doğrudur”.

Xəyalə Rəis

Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.

Mənbə:

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!