UŞAQLARDA KAPRİZLƏR

UŞAQLARDA KAPRİZLƏR

Uşaqların aqressiv davranışları, etiraz nümayiş etdirmələri, həddindən artıq israrçı davranışları hətta bəzən əşyaları, oyuncaqları sındırmaları və s. kaprizlərin ən çox görünən hallarıdır. Bəs valideynlər bu halda necə etməlidir? Əsas nüanslardan biri kimi psixoloqlar bildirir ki, uşaq kaprizləri isterik reaksiyadır.Yəni uşağın istədiyini  göstərmək, əldə etmək üçün ifadə etdiyi bir davranış formasıdır. İsterik reaksiya nümayiş etdirən uşaqlar göz kontaktına və səsə qarşı çox həssas olurlar. Bu halda valideynlər iki qrupa bölünür: belə ki, bəzi valideynlər uşaqları belə bir hal yaşadıqda onlara qarşı aqressiv  davranır, əsəbiləşir, hətta bəzən cəzalandırır. Digər qrup valideynlər isə əksinə onlara sevgi ilə, qayğı ilə yaxınlaşırlar. Psixoloqlar isə qeyd edir ki, əslində valideynlərin bu iki davranış şəkli də yanlışdır və bu uşaqların isterik reaksiyalarını azaltmır, sadecə müvəqqəti dayandırır. Müəyyən müddətdən sonra bu situasiya təkrarlana bilir ki, bu da göründüyü kimi problemin həlli yolu deyil. Kaprizli uşaqlar gələcəkdə cəmiyyət daxilində sosiallaşma problemi yaşayır, adaptasiya olmaqda çətinlik çəkirlər. İsterik davranışların ən müsbət çıxış yollarından biri valideynlərin hökmlü davranış sərgiləməsidir. Yəni, nə aqressiv, nə də yumuşaq davranış deyil,daha çox orta mövqe tutmaq lazımdır. Adətən isterik tutmalar 7-10 dəqiqə aralığında olur. Belə situasiyada valideynlər maksimum dərəcədə göz kontaktı qurmadan məkanı dəyişdirməli və baş verənlərə çox reaksiya verməməyə çalışmalıdırlar. Yalnız isterik, kaprizli vəziyyət bitəndən sonra valideynlər uşaqlarının  yanlışlarını onların anlayacağı, həzm edəcəyi şəkildə səbrlə izah etməyə başlamalıdır. Psixoloqlar həmçinin valideynlər tərəfindən cəza tədbirlərinin həyata keçirilməsini də məsləhət görürlər. Bütün bunları təbii ki, növbəli şəkildə icra etmək lazımdır. Bu halda uşaqlar səbəb-nəticə əlaqəsi qurmağa başlayacaq və niyə cəza aldığını anlamağa çalışacaq. Beləliklə, zamanla bu hallar azalmağa və təkrarlanmamağa başlayacaqdır.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova   

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!