Bakıda Kimyaçılar qəsəbəsində dəhşətli yanğın hadisəsi verib. Üç fərdi evdə baş verən yanğın zamanı 2 və 5 yaşında olan azyaşlı uşaqlar yanaraq dünyasını dəyişib. Məlumata görə ata evdə olmayıb, ana isə məişət tullantılarını atmaq üçün qapını kilidləyərək evdən çıxıb. Elə hər şey də bundan sonra başlayıb. Azyaşlıların ölümü və hadisənin psixoloji tərəfləri ilə bağlı Klinik Psixoloq Narınc Rüstəmova narınc.az saytına öz fikirlərini bildirib.
“ Bu xəbər hamımızı sarsıtdı, iki azyaşlı mələyimizi itirdik. Allahdan onlara rəhmət, ailəsinə səbr diləyirəm. Həqiqətən də çox çətin bir situasiyadır. Görünür ananın əmanət edə biləcəyi kimsə olmayıb və “bir neçə dəqiqəlik yaxın məsafəyə zibili atıb gələcəm”- düşüncəsi ilə uşaqları tək qoyub. Müsahibimiz bildirib ki,
“Əgər sual ünvanlansa ki, “siz bunu edərsiniz?” hər kəs birmənalı şəkildə – “yox, heç vaxt azyaşlı uşağı təkbaşına qoyub getmərəm” cavabını verər. Təəssüf ki, heç düşünmədiyimiz anda böyük bir faciə ilə rastlaşa bilərik.”
Təbii ki, biz psixoloqlar uşaqlara məsuliyyət hissinin, özgüvənin və sərbəstliyin verilməsinin tərəfdarıyıq. Ancaq bu sərbəstlik deyil, özbaşına buraxmaqdır. Valideyn zibil atmağa gedərkən iki azyaşlı övladını da özü ilə apara bilərdi. Bununla da ana uşağa, həm də, sosial bacarıqların və evə qulluğun vacib olduğunu aşılaya bilərdi. Bəzən valideynlərə işlərinin arasında əlavə olaraq uşağı hazırlamaq, özü ilə götürmək, ona nəzarət etmək çətin bir proses kimi gəlir. Bunun da bariz nümunələrindən biri baş verən dəhşətli faciədir. Burada ananın digər bir səhvi isə qapını kilidləyib getməsidir. Azyaşlı uşaqlar xüsusən təhlükəli şeylərə meyl edənlər, alovla, odla oynamağı sevənlər və s. hiperaktiv uşaqlar hesab olunur. Burada istər uşaqların psixoloji vəziyyəti, istərsə də xarakterik xüsusiyyətləri vacib nüansdır. Hiperaktiv uşaqlar qeyd etdiyim kimi, həm də, oda, alova maraqlı olduğu üçün ola bilər ki, iki azyaşlıdan birində hiperaktivlik varmış. Onlar alovla, şamla oynamağı, yandırmağı bununla nəyisə təcrübədən keçirməyi çox sevirlər ki, bəzən düşünmədən yanlışlıqlar edirlər. Bu da son nəticədə xoşagəlməz hallarla, faciə ilə bitə bilir.
İlk dəfə 1902-ci ildə George Fredick Still bu sindromu araşdıran şəxs olub. Ancaq hələ o dövrdə bu “hiperaktivlik sindromu” adlandırılmırdı. Hiperaktivlik sindromu 1957-ci ildə Laufer və Denhoff, 1960-cı ildə isə Stella Chess tərəfindən adlandırılıb. Hətta ilk dəfə hiperaktivlik diaqnozu qoyulan kiçik uşaq da evdə alovla, şamla oynayarkən yanğın baş vermiş və nəticədə uşaq dünyasını dəyişmişdir. Elə hiperaktivlik sindromunun tarixi də təxminən bu hadisədən sonra başlayıb.
Əslində onlara xəstə kimi baxmaq da doğru deyil, hiperaktivlik bir sindromdur. Başqa sözlə desək, xəstəliyə keçid halıdır. Qeyd etdiyim kimi, baş verən hadisədə uşaqlardan biri çox güman hiperaktiv olub və burada ananın qapını kilidləməsi də qəbul olunmaz haldır. Düzdür, bir qrup insanlar ananı günahlandıra bilər, bəziləri isə əksinə bildirə bilər ki, ana uşaqları əmanət edəcək biri olmadığı üçün belə davranmaq məcburiyyətində qalıb. Ancaq, ana bir az əziyyətə qatlaşıb uşaqları geyindirib çətin olsa da hər ikisini özü ilə aparsaydı bəlkə də, bu hadisə yaşanmayacaqdı. Ancaq, təbii ki heç kim heç nədən sığortalanmayıb. Belə ki, ana evdə olan zaman da bu hadisə baş verə bilərdi. Sadəcə təkcə fərq var ki, əgər ana evdə olan zaman hadisə baş versəydi bəlkə də,ana uşaqları xilas edə bilərdi.
Hiperaktiv uşaqlar təhlükə nədir bilmirlər və etdikləri özlərinə əyləncəli görünür. Hiperaktivlik hətta ana bətnində uşağın inkişafının 7-8-ci aylarında belə bəlli olur. Bu sindromdan əziyyət çəkən uşaqlar hadisələrin nəticəsini əvvəlcədən analiz edə bilmirlər, bu səbəbdən də bəzən belə təhlükəli oyunlar özlərinə, yaxınlarına zərər yetirəcək həddə qədər gəlib çata bilir. Buna görə də valideynlər diqqətli olmalı və övladlarında bu kimi hallar müşahidə edərlərsə mütləq zamanında, yəni xoşagəlməz hadisələr baş verməmiş psixoloqa müraciət etməlidirlər. Psixoloq dəstəyi sayəsində həmin uşaqlarda hiperaktivlik, impulsivlik, daxildən gələn hissləri idarə edə bilməməsi, diqqət əskikliyi və s. kimi problemlər aradan qaldırılır. Bu şəkildə zamanında müdaxilə və psixoloq dəstəyi ailələrin gələcəkdə faciə ilə,geridönüşü olmayan hallar ilə qarşılaşmasının qarşısını alan ən optimal yollardan biridir.”
Müəllif- Səbinə Hüseyinova