Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

UŞAQLARDA DOĞRU YUXU REJİMİ

UŞAQLARDA DOĞRU YUXU REJİMİ

Valideynləri narahat edən mövzulardan biri də uşaqlarda olan yuxu problemidir. Onlardan tez-tez sual ünvanlanır ki, “uşaqlarda doğru yuxu rejimini necə tənzimləyək?” Ümumiyyətlə qeyd etmək lazımdır ki, uşaqlar yatmağı sevmirlər və bu da təbii bir haldır. Çox zaman bunu yaradan əsas səbəblərdən  biri yuxunun uşaqlara cəza kimi göstərilməsidir. Məsələn, bir çox valideynlərin dilindən bu cümləni eşidə bilərik- “özünü yaxşı aparmasan, indi yatmağa gedəcəksən!”. Sanki uşağın yatmaq istəməməsini cəzaya çevirdikcə, onda artıq yuxuya qarşı aqressiya formalaşmağa başlayır.

Diqqət ediləsi vacib nüanslardan  biri də uşaqların yuxu saatıdır. Yəni, uşaqlar hər gün eyni saatda yatmağı bacarmalıdır. Belə ki, yuxu vaxtı gecə ən geci  21:00-a qədər, gündüz vaxtı isə günorta 1-2 saat olmalıdır. Normalda uşaqlar gündüz yatmağı əlavə enerji toplamaq üçün edir. Gündüz yuxuları yuxu rejiminin tənzimlənməsi üçün əvəzedilməzdir.  Hiperaktiv uşaqlar 4 yaşından sonra yatmağı sevmirlər, xüsusən gündüz yuxuları onlarda olmur. Çünki hiperaktiv uşaqların enerjisi çox olur və buna görə onlar gündüz yatıb enerji yığmağa ehtiyac duymurlar. Hiperaktiv olmayan uşaqların isə 7-8 yaşına qədər gündüz yuxusu lazımlıdır və valideynlər buna diqqət etməlidir. Burada belə bir sual yarana bilər- “ Yuxu rejimi ilk vaxtlar necə tənzimlənməlidir? “ .

Bilirik ki, yeni doğulan uşaqlar gün ərzində 23 saat yatırlar. Bu dönəm, yəni 23 saatlıq yuxu rejimi uşaqlar böyüdükcə zamanla azalır və 10-12 saata qədər enə bilir. Ancaq uşaq 1 yaşına çatanda da həmin uzun saatlıq yuxu rejimi davam edirsə bu yaxşı  deyil və onun psixi, fiziki inkişafına mənfi təsir göstərə bilər. Yəni uşaqların həm normadan artıq, həm də əksinə az yatması doğru bir hal deyil. Tibbi baxımdan yanaşsaq bu bir çox problemlərdən məsələn: D vitamini əskikliyi, qan azlığı və s. yarana bilir.

Uşaqlarda doğru yuxu rejimini yaratmağın digər bir yolu doğru “yuxu himnidir “. Misal üçün keçmiş adət-ənənələrimizdə analar, nənələr uşaqları lay-lay ilə yatırırdı. Lay-lay və onunla eyni ritmdə olan musiqilər uşağın yuxuya getməsində, rahat yatmasında böyük köməkdir. Burada valideynlər, habelə uşağın sevdiyi musiqilərin səsləndirilməsinə də diqqət yetirməlidir. Eyni zamanda analar çalışmalıdır ki, musiqini öz səsi ilə zümzümə etsin, bu da ana-uşaq təması üçün vacib faktlardan biridir. Çünki uşaq ana bətnində olarkən ilk eşitdiyi səslərdən biri məhz anasının səsidir. Buna görə də, ananın oxuduğu lay-layı və ya hər hansı bir musiqini heç nə əvəz edə bilməz. Beləcə  zamanla yuxuya keçid dediyimiz “ yuxu himnini” uşaqlarda formalaşdırmaq lazımdır. Həmçinin valideynlər bütün bunları zorakı şəkildə deyil, əyləncəli formada təşkil etməyə, evdə yuxu abu-havası yaratmağa səy göstərməlidirlər. Ayrıca bunu da qeyd etmək lazımdır ki, valideyn uşağa oyununu yekunlaşdırmaq üçün icazə verməli, hətta kömək  etməlidir. Onu ani şəkildə oyuncaqlarından, oyun otağından ayırıb yatmağa aparmaq və yatmasını təkid etmək düzgün deyil. Çünki, oyun uşaqların ən ciddi məşğuliyyətidir və oyuncaqlardan birdən-birə ayrılmaq onlar üçün çətindir.

 Uşaqların valideynləri ilə 1 yaş və 1 yaş yarımına qədər yatması tövsiyə olunur. Maksimum 1 yaş yarımından sonra isə uşaqlar sərbəst, valideynlərsiz yatmağı bacarmalıdır. Bu onlarda düzgün yuxu rejiminin yaranması üçün də vacib şərtdir və  ayrıca uşaqlarda ata-uşaq, ana-uşaq, nənə-uşaq və s. simbiozunu formalaşdırır. Uşaqların yuxuya getməsində köməkçi vasitələrdən biri də musiqi və zəif işıqdır. Misal üçün göstərə bilərik ki, bu onların otaqlarındakı zəif yanan lampa işığı  da ola bilər ki, bu da uşaqların tez yuxuya getməsində, özünü rahat hiss etməsində  faydalıdır. Habelə, 3-7 yaş arası uşaqlarda qorxular olur ki, bu da yuxu zamanı arta bilir. Onlar xüsusən qaranlıq otaqda yuxuya getməyə çalışanda belə hallar tez-tez yaşanır. Uşaq stress keçirərkən və ya zorakı şəkildə yuxuya gedirsə bu zaman kabuslar görməyə və yuxudan qorxmağa başlayır. Bunlar da nəticə etibariylə yuxu problemlərinin yaranmasına gətirib çıxarır. Bu səbəbdən də, onların otağında və ya dəhlizdə zəif işıq yandırmaqda fayda var. Uşaq qorxub oyansa və anasını çağırsa belə bu zaman valideyni onun yanına gəlib təlaşını sakitləşdirməli, ilk vaxtlar yuxuya gedənə qədər yanında oturub gözləməli və sonra otağı tərk etməlidir.  Bu proseslər ilk vaxtlar çətin olur, daha sonra uşaq bu vəziyyəti qəbul edir və anlayır ki,  valideynsiz yatmalıdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, övladının rejimə düşməsində çətinlik çəkən valideynlər bağçadan da yardım ala bilər. Çünki orda kollektiv şəkildə yuxuya getmək, kollektiv şəkildə doğru yemək yemə və s. kimi vərdişlər formalaşdırılır. Bir uşağı tərbiyə etmək, doğru yuxu rejimi formalaşdırmaq istəyiriksə mütləq öz yuxu rejimimizə diqqət etməliyik. Əks təqdirdə uşaqdan doğru yuxu rejimi gözləməyimiz , onu tənzimləməyimiz doğru deyil.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova 

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!