Uzman-Klinik Psixoloq Narınc Rüstəmova “Uşaqların yalnız başına oynaması xəstəlikdirmi?” mövzusunda publika.az saytına müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik.
“ Ümumiyyətlə, uşaqları tək qoymaq onları nəzarətsiz qoymaq anlamına gəlməməlidir. Uşaqların müəyyən yaş dönəmində oyuna, oyuncaqlara qarşı olan tələbatları müxtəlif formada dəyişir. Xüsusilə bildirmək lazımdır ki, 3 yaşa qədər olan uşaqlar tək oyunlara üstünlük verirlər. 3 yaşdan sonra isə “paralel oyun” dediyimiz kollektiv oyunlara maraq göstərirlər. Bunlar da belə dönəmdə uşağın inkişafında müəyyən rol oynayır. 3 yaşına qədər uşaqlar oyuncağı hissələrə bölərək, həmin hissələrə ayırdıqları oyuncaqları yenidən düşünüb birləşdirərək, əşyaları böyükdən-kiçiyə sıralayaraq, rənglərini öyrənərək birtərəfli oyunlar oynayırlar. Qeyd etdiyim kimi, 3 yaşdan sonra uşaqlar həmyaşıdları ilə oynamağa, kollektiv oyunlara üstünlük verirlər. Burada bağça faktorunu da vurğulamaq lazımdır ki, uşaqların bağça yaşı əsasən 3 yaşdan etibarən başlayır. Bilirik ki, bağçanın uşaqların sosiallaşmasında, yeni biliklər öyrənməsində rolu əvəzsizdir. Bu dönəmdə artıq uşaqlar öz yaşıdlarına, onlarla müxtəlif oyunlar oynamağa maraq göstərir. Burada kiçik bir haşiyəyə çıxaraq qeyd etmək istərdim ki, əgər siz bağçaya gedib kiçik yaş qrupundakı, yəni 3 yaşa qədər olan uşaqlara nəzər yetirsəniz azyaşlıların fərdi şəkildə məşğələ otağında hərəsinin bir yanda oynadığını görərsiniz. Bəzən bu hala bir çox valideynlər təəccüb edir və uşağının antisosial olduğunu bildirir. Ancaq bildirdiyim kimi, bu təbii bir prosesdir və bu dönəmdə onların ətrafda həmyaşıdları ilə oynamaq tələbatı olmur. Artıq 3 yaşdan sonra uşaqlar yenə ayrıca oyunlar oynayırsa, həmçinin həmyaşıdları ilə kontakta girmirsə bu antisosiallığın əlaməti kimi götürülə bilər. Bu zaman artıq valideynlərin narahat olması və təəccüblənməsi normal haldır. Bu xüsusiyyətlər uşaqlarda özgüvənsizliyin, sosial sferada problemlər yaşadığının, çəkingənliyinin xəbərçisi sayılır.
3 yaşdan etibarən uşaqların sosiallaşmasında bağçanın olduğu kimi, valideynlərin də rolu böyükdür. Valideyn uşağı oyunlara, xüsusən digər uşaqlarla, yaşıdları ilə oynamağa cəlb etməlidir. Hətta lazım gəlsə bir müddət, uşaq öyrəşənə qədər özü də oyun zamanı uşaqla birgə fəaliyyətdə olmalıdır. Çünki, oyun uşaqların ən ciddi məşğuliyyətidir, belə ki, bununla uşaq yeni şeylər öyrənir, ətrafını müşahidə edir və anlamağa çalışır. Oynadıqca onlar həm zehni, həm psixi, həm də fiziki cəhətdən inkişaf edir. Ancaq valideynlər uşaqları təkbaşına oynamağa çox da meyilləndirməməlidir, belə ki, zaman keçdikcə bu proses uşaqlarda yalnızlıq hissini artırır. Nəticədə uşaqların kollektiv oyunlara marağı azalır və bu da ünsiyyət probleminin yaranmasına gətirib çıxarır. Valideynlər yaxşı olar ki, oyunu hissələrə bölsün və bu hissələr aralığında uşaqlara müəyyən mənada sərbəstlik versin, məsələn: valideyn övladına oyunun qaydalarını izah etməli və uşağın oradakı qaydaları özü müstəqil şəkildə etməsini gözləməlidir, hətta kiçik bir qum saatı qoyub həmin oyunu daha da əyləncəli hala gətirə bilər. Uşaq da həmin zaman müddətində valideynin tapşırıqlarını müstəqil şəkildə yerinə yetirməlidir.Məsələn: oyundakı rəngli kağızlar olan hissədə rəngləri tapır və sıralayır. Uşaq bu şəkildə davamlı valideyn köməyi olmadan, sərbəst halda ona verilən tapşırığı “başını işlədərək” tapır, yəni belə deyək məcburiyyətdən kəşf etməyi öyrənir. Buna psixoloqlar bəzən “yapon üsulu” da deyirlər. Belə ki, yaponlarda belə bir qayda olur ki, onlar 2 gün çalışması üçün əvvəlcədən uşaqlara tapşırıqlar verir və müstəqil şəkildə heç kimin köməyi olmadan onların çalışması üçün şərait yaradırlar. Uşaq əgər tapşırığı vaxtında yerinə yetirmirsə ona əlavə olaraq zaman verilir. Bu zaman uşaq düşünərək bu tapşırığı həll etməyin yollarını axtarır. Tapşırıqların öhdəsindən gəldikcə artıq onda, həm də, məsuliyyət hissi formalaşmağa başlayır. Beləcə irəli yaşlarda bunlar uşağın cəmiyyətdəki, sosial sferadakı roluna müsbət mənada təsir edir. Lakin, valideyn davamlı şəkildə oyun zamanı uşağa müdaxilə edərsə, sərbəstlik verməzsə onu yalnızca oyunu qazanmağa kökləyərsə, oyunu özü bitirməyə çalışarsa bu doğru hal deyil. Belə vəziyyət uşağın psixologiyasına mənfi təsir etdiyi kimi, eyni zamanda onlarda tənbəllik yaradır və davamlı valideyn dəstəyinə ehtiyac duyurlar.
Qeyd etdiyim kimi, uşaqlara etablı şəkildə tapşırıqlar vermək və bu tapşırıqları yerinə yetirərkən onlara sərbəstlik vermək,tək buraxmaq və müəyyən dərəcədə məsuliyyət yükləmək normal hal sayılır və bu uşaqların gələcək inkişafına fayda verir. “