Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“ Valideynlər övladı İlə dost olmalıdır”

“ Valideynlər övladı İlə dost olmalıdır”

18 yaşlı Masallı sakini Rüqəyya Hüseynova 5 dekabr gecə saat 23:00 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edib. Xəbərimiz.az saytının bildirdiyinə görə araşdırmalardan sonra 2004-cü il təvəllüdlü Rüqəyya Hüseynovanın qeri-rəsmi münasibətdə olduğu şəxsdən beş aylıq hamilə olduğu ortaya çıxıb. Gənc qızın intiharı və baş verən hadisənin psixoloji tərəfləri ilə bağlı Uzman-Klinik Psixoloq Narınc Rüstəmova narınc.az saytına öz fikirlərini bildirib.

“Səhər bu acı xəbərlə hamımız sarsıldıq. 18 yaşında gənc bir qızımızı itirdik. Allah Rüqəyyaya rəhmət eləsin, günahlarını bağışlasın. Ailəsinə isə səbr arzu edirəm. Xəbər saytlarında deyilənə görə Rüqəyya Hüseynova hamilə imiş, onun intihar xəbəri hər birimizi məyus etdi. İntihara insanları sövq edən faktorlardan biri də ümidsizlikdir. Belə ki, son araşdırmalar göstərir ki, insanların ümidsizliyə qapılması, ümidini itirməsinin intihar faktorunda müəyyən rolu var. Biz bilmirik bu hal onda hansı formada baş verib, bəlkə o zorakılıq qurbanı olub, bəlkə də aldadılıb. Yəni, baş verən hadisənin pərdə arxasında bizim bilmədiyimiz bir çox nüans ola bilər. Məyusedici tərəf budur ki, gənc qızımız kömək istəyə, ailəsindən və ya yaxınlarından yardım ala bilməyib.

Valideynlər uşaqları ilə dost münasibəti qurmağa çalışmalıdır ki, övladlar sıxıntılarını, başlarına gələn çətinliyi öz valideynləri ilə çəkinmədən, qorxmadan bölüşüb onlardan yardım ala bilsin. Valideyn-övlad münasibəti yaxşı olanda uşaq başına gələn hər hansı çətinliyi aradan qaldırmaq üçün çıxış yolu kimi sosial şəbəkələrə və ya hansısa dostuna, tanışına müraciət etmir, bu çətinliyi valideynləri ilə bölüşməyi seçir. Əgər gənc qızımız bunu ailəsi ilə paylaşsaydı bəlkə də belə bir hal yaşanmazdı. Düzdür, mən heç bir valideynə belə bir şey yaşamağı, gənc qızının belə bir xəbərini, yəni deyilənə görə qeyri-qanuni münasibət yaşadığı birindən hamilə qaldığı xəbərini övladının dilindən eşitməsini arzulamıram. Bu xəbər təbii ki, ailə üçün ağırdır və onu qəbullanmaq çox çətindir.  Ancaq belə hesab edirəm ki, bu onun ölümü qədər ağır olmazdı. Qeyd etdiyim kimi, məsələ doğru şəkildə aydınlaşdırılıb vaxtında gənc qıza dəstək olunsaydı, bəlkə də, bu hadisə yaşanmazdı. Çünki bir uşaq heç vaxt təkbaşına yaranmır, yəni bu mövzuda hər iki tərəf məsuliyyət daşımalıdır. Günahı təkcə gənc qızda axtarmaq da doğru deyil, burada həmin adam da tapılmalı və hərəkətinin cəzasını çəkməliydi. Az öncə də qeyd etdiyim kimi, gənc qız bəlkə də, zorakılıq qurbanı olub. Son dövrlər cəmiyyətdə bu hallarla kifayət qədər taz-tez qarşılaşırıq.

Vurğuladığım kimi, belə problemlərin əsas yaranma səbəblərindən biri kimi valideyn-övlad arasında paylaşımın, dostluğun olmaması soyuq münasibətin olmasınını göstərə bilərik. Nəticədə, uşaq özünü köməksiz hiss edir, hətta bəzən təqsirləndirilməkdən, anlaşılmamaqdan və valideyn tərəfindən ağır cəza almaqdan qorxduğu üçün çıxış yolunu intihar kimi görür. Sanki elə hiss edir ki, intihar bütün problemlərin həlli olacaq. Ancaq, təbii ki doğru bir yanaşma, sağlıqlı bir düşüncə deyil. İnsanın daxilində hər zaman güvənəcəyi bir insan olmalıdır. Bu hissin də formalaşması bildirməliyik ki, ailədən, valideynlərdən başlayır.  Valideyn övladına- “səni həm yaxşı, həm də pis xüsusiyyətlərinlə və etdiyin yanlışlarla qəbul edirəm. Sənə dəstək olmağa həmişə hazıram” mesajını verməlidir.

Təbii ki, biz bilirik ki, hər bir ailənin öz qayda-qanunları var və bunlar uşaqlara kiçik yaşlardan izah edilir. Ancaq heç kim heç nədən sığortalanmayıb və uşaqlar bəzən təqdir edilməyən, xoşagəlməz davranışlar edə bilir. Lakin, bu zaman valideynlər səbrli davranmalı övladlarının səhvlərini, yanlışlarını uyğun dillə onlara izah etməlidir. Belə olduqda valideyn-övlad münasibəti möhkəmlənir və uşaq hər hansı problemi qorxmadan valideyninə deyə bilir və onun dəstəyi ilə əl-ələ verib həmin problemi həll edəcəyinə inanır.

İntihar edən gənc qızımız bəlkə də, gələcəkdə oxuyub gözəl bir peşəyə yiyələnib, qayğıkeş ana olacaqdı. Qeyd etdiyim kimi, biz hələ bilmirik bu hadisə necə olub. İntihar edən insanlar öncədən depressiv hallar keçirir, bədbin əhvali-ruhiyyədə olur, özünə qapanır, ətrafı ilə ünsiyyətə girməkdən qaçır və daha çox intihar, ölüm xəbərləri ilə maraqlanmağa başlayır. Ona görə də, intihar edən insanın anidən affekt vəziyyətinə düşərək buna qərar verməsinə az hallarda təsadüf olunur. Çox zaman intihar əvvəlcədən planlanan bir hadisə olur. Bu zaman valideynlər çox yaxşı müşahidəçi olmalıdır və bu prosesləri əvvəlcədən görüb ona müdaxilə etməyi bacarmalıdırlar. Bəzən isə belə hal da olur ki, valideyn bunu görmək istəmir. Yəni uşağın özünə qapanmasını, pessimist olmasını gözardı edir və düzələcəyini düşünür.  Ancaq, bildirmək istəyirəm ki, valideynlər bu halı müşahidə etdikdə diqqətli olmalı, övladı ilə söhbət aparmalıdır. Əgər bundan sonra da uşaqda düzəlmə halları müşahidə edilməzsə, valideynlər mütləq vaxtında müdaxilə etməli və psixoloqa müraciət etməlidirlər. Ümid edirəm ki, psixoloq dəstəyi və ailə sevgisi sayəsində gələcəkdə belə xoşagəlməz hadisələr yaşanmaz və sağlam düşüncəli gənclərimiz formalaşar.

Son olaraq bir daha qeyd etmək istəyirəm ki, intihar çıxış yolu deyil “

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!