Qazimiz Nəsib Həbibov 2001-ci ildə Göyçay rayonunda anadan olmuş və İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 19 yaşlı əsgərimiz müharibə zamanı bir çox istiqamətlərdə vuruşub və 16 nəfər döyüşçü yoldaşından yalnız Nəsib möcüzə nəticəsində, müxtəlif qəlpə yarası alaraq sağ qalıb. O, Cəbrayıl və Qubadlı istiqamətlərində müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib. Daha sonra növbəti dəfə Laçın rayonu uğrunda gedən döyüşlərdə də Nəsib Həbibov qəlpə yaraları alıb. 3-cü qrup əlildir.
Göstərdiyi şücaətlərə görə o, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qazimizdə yüksək səviyyədə həyəcan-təşviş pozuntusu, panik atak və bunların nəticəsində baş verən yüksək ürək döyüntüləri, yuxusuzluq, qıcolmalar, əsəbilik, stress və s. əlamətlər müşahidə olunur. Bunların hamısı müharibə dönəmindən sonra qazimizdə yaranmağa başlayıb və ailəsinə, ətrafına, onlara münasibətində də səbirsizlik, aqressivlik kimi hallar özünü göstərir. Bu kimi problemlərə görə qazimiz Nəsib Həbibov Narınc Rüstəmovaya və Narınc Psixologiya Mərkəzinə üz tutub.
Biz də Narınc ailəsi olaraq daha bir qazimizin bizdən razı ayrılması və problemlərinin həll edilməsi üçün əlimizdən gələn bütün dəstəkləri göstərəcəyik. Ümid edirik ki, qazimiz Həbibov Nəsib tezliklə sağlamlığına qovuşacaq və biz də uğurlu nəticəmizi sizlərlə bölüşəcəyik!