Oğlan uşaqlarının qız oyuncaqlarına meyl etməsi, valideynlər arasında narahatlıq yaradan bir məsələdir. Xüsusilə oğlan övladı olan valideynlərdən gələn suallarda tez-tez övladlarının qız oyuncaqları ilə daha çox maraqlandığını bildirirlər. Məsələn, “Oğlumun 7 yaşı var və bacısının oyuncaqları ilə daha çox oynadığını görürəm. Bunun səbəbi nədir?” və ya “Övladım oyuncaq mağazasında maşınlar və oğlan oyuncaqları əvəzinə, kuklalar almağımı istəyir. Bu nədən qaynaqlanır və necə çıxış yolu tapa bilərik?” kimi suallar tez-tez psixoloqlara ünvanlanır. Bəzən isə bu meyl oyuncaqlarla məhdudlaşmır, oğlan övladlarının qız paltarlarına, ayaqqabılarına və hətta ananın makiyaj vasitələrinə maraq göstərməsi kimi hallar da müşahidə olunur.
Oğlan Uşaqlarının Qız Oyuncaqlarına Meyl Etməsi və Psixoloji Yanaşma
Psixoloji baxımdan yanaşsaq, uşaqların 3-6 yaş arası “cinsiyyət kəşf etmə” dönəmi hesab edilir. Bu dövrdə uşaqlar hər iki cinsin xüsusiyyətlərinə maraq göstərməyə başlayırlar. Xüsusilə oğlan uşaqlarının qız oyuncaqlarına, paltarlarına və əşyalarına meyl etməsi, hətta analarının dikdaban ayaqqabılarını geyinməsi bu yaş dövründə tez-tez rast gəlinən bir vəziyyətdir. Bu davranış adətən 3-4 yaşda daha sıx olur, lakin 4 yaşdan sonra azalmağa başlayır və 6-7 yaşında tamamilə keçməlidir. Bu yaşdan sonra isə oğlan uşaqlarının qız oyuncaqlarına meyl etməsi normal sayılmır və patoloji bir problem kimi dəyərləndirilir. Bu halda valideynlər diqqətli olmalı və mütləq peşəkar psixoloq dəstəyi almalıdırlar.
Ata Obrazının Zəif Olması və Digər Səbəblər
Ata obrazının zəif olduğu ailələrdə oğlan uşaqlarının qız əşyalarına olan marağı daha çox müşahidə edilir. Davamlı olaraq evdə olmayan, xaricdə işləyən və ya ailədən ayrılmış atalarla böyüyən oğlan uşaqlarında kişi cinsiyyətini kəşf etmə prosesi zəifləyə bilər. Bu vəziyyətdə ata obrazını əvəz edəcək bir kişi fiquru (məsələn, dayı, baba və ya müəllim) vacib rol oynayır. Eyni zamanda, anaların oğlan övladlarına göstərdiyi həddindən artıq qayğı və diqqət də oğlan uşaqlarının cinsiyyət kəşf etmə prosesini ləngidə bilər. Analar oğlan uşaqlarını daim yanında saxlayanda, hətta rəfiqələri ilə görüşlərə apardıqda, uşağın kişi cinsiyyətini öyrənməsi çətinləşir.
Psixoloji Yardımın Önəmi
Oğlan uşaqlarının qız oyuncaqlarına meyl etməsi erkən yaşlarda normal olsa da, bu davranış 6-7 yaşından sonra davam edərsə, peşəkar psixoloq dəstəyi vacibdir. Problemi vaxtında həll etmək gələcəkdə ciddi psixoloji çətinliklərin qarşısını almağa kömək edir.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova
Əlavə məlumat üçün Narinc Rüstəmovanın YouTube kanalında dərc etdiyi “Oğlan uşaqlarının qız oyuncaqlarına meyl etməsi” mövzusundakı videoya baxa bilərsiniz.