“ Uşaqlar neçə yaşında məktəbə getməlidir?”

“ Uşaqlar neçə yaşında məktəbə getməlidir?”

Valideynlərdən suallar gələn mövzular içərisində uşaqların nə zaman məktəbə getməsi, məktəb yaşının neçə yaş olması və bunun hansı faktorlara əsasən təyin edilməsi kimi fikirlər hər zaman tez-tez ifadə edilir. “Bəs uşaqların məktəb yaşı neçədir və nə zaman onlar məktəbə getməlidir?”

İlk əvvəl onu bildirmək lazımdır ki,  uşaqların məktəb yaşı hər bir cəmiyyət, ölkə üçün eyni olmaya bilər və burada onların emosional, psixoloji vəziyyəti nəzərə alınmalıdır. Cəmiyyətimizdə istər nitq, istər emosional, istərsə də psixi inkişafı normal gedən uşaqlarda məktəb yaşı 6-7 yaş arası təyin olunub.  Ancaq elə ölkələr var ki, orda uşaqların məktəb yaşı daha az, məsələn: 4, 5 yaş kimi təyin edilib. Ancaq uşaq gec danışmağa başlayıbsa, yəni 4-5 yaş aralığını misal çəkə bilərik və ya nitqində hər hansısa qüsur varsa, eyni zamanda əqli, psixo-emosional inkişafı normal getmirsə belə uşaqların 6-7 yaşlarında məktəbə getmələri tövsiyə edilmir. Çünki bilirik ki, psixi və nitq inkişafı bir-biri ilə əlaqəlidir, yəni nitq inkişafı passiv olan, vaxtında danışa bilməyən uşaqlarda paralel olaraq diqqət yayınmaları, qavrama çətinliyi və s. kimi problemlər də meydana çıxa bilir. Əvvəldə də qeyd etdiyimiz kimi, əgər uşağın nitq, əqli və s. inkişaf sferalarında problem yoxdursa, normal olaraq yaş yarımından sonra danışmağa başlayıbsa belə uşaqlar 6 yaşında ən gec isə 7 yaşından məktəbə başlamalıdırlar.

Bəzən valideynlərdən bu tip suallar da alırıq: “Övladımın inkişafı normaldır, heç bir problemi yoxdur biz onu 6 yaşından tez məktəbə qoymaq istəyirik. Bu onun psixologiyasına necə təsir edəcək və bu addım nə dərəcədə düzgündür?”. Burada uşağın sosial inkişafı ən vacib faktorlardan biridir. Yəni uşaqda əqli və nitqi inkişafda problem yoxdursa bu hələ onun məktəbə tam hazır olması demək deyildir, uşaq həm də sosial cəhətdən hazır olmalıdır. Bu mövzuda ən çox problem yaşayan uşaqlar bağçaya getməyən uşaqlardır. Belə ki, onlar gələcəkdə özlərini məktəbə hazır hiss etmir, hətta məktəb fobiyası yarana bilir və uzun müddət adaptasiya problemi yaşayırlar.  Ona görə də bağça uşaqların həyatında önəmli yerə sahibdir. Ancaq, bəli bəzən biz istisna halların da şahidi ola bilirik, belə ki, bağçaya gedib problem yaşayan sonradan bu problemləri məktəbdə də yaşayan, adaptasiya ola bilməyən və ya çəkingən uşaqlar da müşahidə edirik. Belə halda yaxşı olar ki, valideynlər övladlarını peşəkar psixoloqa yönəltsin və psixoloq belə uşaqlarla məşğul olub, problemin kökünə ensin. Belə problemlər çox zaman özgüvənsizlikdən, həyəcan-təşviş pozuntusundan, məktəb-bağça fobiyasından qaynaqlana bilir. Vaxtında müraciət edildikdə bu problemlərin korreksiya edilməsi, emosional-sosial sferadakı problemlərin həll edilməsi və zamanla aradan qaldırılması da asanlaşır.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!