Şəhidimiz Ağamalıyev Şəhriyarın anası Cəfərova Gülxanım nəvələri Ağamalıyev İmran və Ağamalıyeva Şəhrinurun problemləri üçün Narınc Psixologiya Mərkəzinə üz tutdu. Şəhid Ağamalıyev Şəhriyar Əvəz oğlu 28 sentyabr 1989-cu ildə Hacıqabul rayonunda dünyaya gəlib və 44 günlük Vətən müharibəsi zamanı qəhramanlıqla döyüşmüşdür. Azərbaycan ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Leytenant Şəhriyar Ağamalıyev sentyabrın 30-da Kəlbəcər rayonu ərazisində gedən Murovdağ döyüşləri zamanı şəhid olub. Şəhid Leytenant Şəhriyar Ağamalıyev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra, “ Vətən uğrunda” medalı və “ Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidimizin övladları olan İmran balamızın 3, bacısı Şəhrinur balamızın isə 2 yaşı var və onlarda nitq qüsuru müşahidə olunur. Belə ki,İmran və Şəhrinur balamızın artıq müəyyən yaşları olmasına baxmayaraq heç biri danışa bilmir. Ataları şəhid olduqdan sonra onların yaşadığı stess və həyəcan da onların psixologiyasına mənfi təsir göstərib. Balalarımız ünsiyyət qura, fikrini ifadə edə və danışa bilmirlər. Nəvələrinin bu problemlərindən qurtulmaları, yaşıdları kimi olmaları üçün nənələri Gülxanım ana bizə müraciət etmişdir.
Biz də Narınc ailəsi olaraq Şəhidimizin övladlarının tezliklə bu problemlərinin korreksiya edilməsi və yaşıdları kimi danışa bilmələri, fikirlərini ifadə edə bilmələri üçün əlimizdən gələn bütün yardımları edəcəyik. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!
Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!