“Enurez(alt islatma) necə korreksiya olunur?”

Enurez(alt islatma) bəzən nəinki kiçik yaşlı uşaqlarda, həm də, müəyyən yaş dövrünü keçmiş, məsələn: ibtidai sinifdə oxuyan uşaqlarda da özünü göstərir. Bəzi valideynlər bu vəziyyətdən narahat olur və məsələnin psixoloji tərəflərin üçün psixoloqlara müraciət edirlər. Artıq bir müddət sonra bu halı özlərinə kompleks edən və ya əksinə kompleks etməyən uşaqlar da müşahidə edilir.

İlk öncə vurğulamaq lzımdır ki, bu problem təkcə psixoloji deyil, eyni zamanda nevroloji, uroloji və digər səbəblərdən qaynaqlana bilər. Uşaqlarda 18 ayından tez tualet tərbiyəsinə başlamaq düzgün deyil. Uşaq 18 aydan sonra zamanla bezdən çıxmalı və 3 yaşına qədər tualet vərdişi aşılanmalıdır. Həmçinin enurez 5 yaşından erkən müşahidə olunmur və bu diaqnoz erkən qoyula bilməz. Ancaq təbii ki, 5 yaşına qədər arada altını islatma halları ola bilər. Burda anormal vəziyyət yoxdur. Lakin, bu təkrarlanma ildə 3-4 dəfədən çox olmamalıdır. Ancaq, 5 yaşından sonra uşaq davamlı altını isladırsa və ya 4 yaşında uşaq həftənin 5-6 günü altını isladırsa və bezdən çıxmırsa, gecə və gündüz islatmalırı varsa biz artıq bunu enurez kimi dəyərləndirə bilərik. Belə hallarda uşaq mütləq şəkildə bir neçə həkimin müayinəsindən keçməlidir. İstər uroloji,i stərsə də nevroloji müayinədən keçməlidir. Çünki, qıcolması olan və eplepsiyalı uşaqlarda enurez halları müşahidə edilir. Eyni zamanda paralel olaraq psixoloqa da yönəlməli və psixoloq bu halın psixoloji faktorlarla əlaqəsi olub-olmadığını araşdırmalıdır.

Belə uşaqlarda stress, həyəcan-təşviş və özgüvən əskikliyi müşahidə olunur. Həmçinin onlar məktəbdə sosiallaşa bilmir, ünsiyyətdən qaçır, çəkingən olurlar, özlərini aktuallaşdıra bilmirlər və belə uşaqlarda selektiv mutizm hallarına rast gəlinir.

Bu prosesdə ailənin, xüsusilə ana və atanın övladına münasibəti, onun yanında olmaları vacib nüanslardan biridir. Belə olan halda bunu ayıblamaq, uşağı buna görə danlamaq doğru bir addım deyil. Bu zaman uşaq daha da stressə düşəcək və həyəcana qapılacaqdır.

Enurezin gündüz və gecə kimi növləri var. Burada xüsusilə gündüz enurezi olan, bu problemi yaşayan uşaqlar üçün vəziyyət daha kəskindir. Çünki, onlar bağçaya və ya məktəbə gedə bilir ki, bu problemin orda yaşanması da uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu zaman kənardakılar, həmyaşıdları tərəfindən gülüş obyektinə çevrilə bilirlər ki, bu da bir müddət sonra onlarda çəkingənlik, özgvən və ünsiyyət probleminin yaranmasına gətirib çıxarır. Qeyd etdiyimiz kimi, belə vəziyyətdə mütləq ixtisaslaşmış bir mütəxəssis dəstəyi alınmalı və hazırlanmış proqram vasitəsilə zamanla ondakı enurez problemi aradan qaldırılmalıdır.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!