“Uşaqlarda ölüm qorxusu”

“Uşaqlarda ölüm qorxusu”

Uşaqlarda artıq müəyyən yaşdan etibarən ölüm anlayışı haqqında suallar yaranmağa başlayır və onlar bu sualları böyüklərə, valideynlərinə ünvanlayırlar.  Hətta müəyyən yaşlı uşaqla bərabər, kiçik yaşlı uşaqlar da ölümlə bağlı suallar verə bilirlər. Bir çox valideynlər bu sualları eşitdikdə narahatlıq keçirir və bunun normal olmadığını bildirirlər. Belə valideynlərin arasında psixoloqlara müraciət edən kifayət qədər insanlar var. Onlar narahatlıqlarını ifadə edərək , “ Övladım ölümlə bağlı suallar verir, bu normaldırmı? Onun psixoloji vəziyyətində hansı problem ola bilər ki, o belə suallar ünvanlasın?” kimi suallarla müraciət edirlər.

Ümumiyyətlə, uşaqların 7 yaşa qədər ölümlə bağlı suallar verməsi, qorxduqlarını ifadə etməsi təbii bir haldır. Xüsusən ölüm halları ailədə və ya çox sevdikləri yaxınlarında baş verdikdə onlarda bu kimi suallar yarana bilər. Hətta evdə ata-analarına “ İnsan qocalanda ölür, mən də qocalanda öləcəm. Qocalmaq istəmirəm” və ya “ Saçınız ağarıb siz də qocalırsınız, qocalanda öləcəksiniz. Mən sizin ölməyinizi istəmirəm” kimi cümlələrdən istifadə edərək fikirlərini ifadə edirlər. Bu, adətən uşaqlarda 4 yaşından başlayır, ən şiddətli dönəm isə 5-6 yaş aralığına təsadüf edir ki, bu yaş aralığındakı uşaqlar bu haqda çox maraqlanır və ətrafındakı insanlara müxtəlif suallar ünvanlayırlar. Artıq 6-7 yaşdan sonra bu vəziyyət, suallar azalan istiqamətdə davam etməlidir. Ancaq qeyd etdiyimiz kimi bu hal azalmırsa, əksinə artırsa və uşaqda davamlı həyəcan, qarın ağrıları, ürək döyüntülərinin sürətlənməsi müşahidə olunursa və ya əlləri tərləyir, bu haqda danışarkən “boğazı düyünlənirsə”, eyni zamanda psixo-somatik əlamətlər varsa artıq bu onda fobiya halını alıb deməkdir.Valideynlər belə halda mütləq bir şəkildə övladını psixoloqa yönləndirməlidir.

Sual oluna bilər ki, “ Ölüm fobiyası nə zaman ciddi bir şəkildə üzə çıza bilər?” – Əgər uşaq ölümlə bağlı ciddi bir travma alarsa bu zaman bu fobiya həmin uşaqlarda şiddətli bir şəkildə özünü göstərməyə başlayar. Bu da çox sevdiyi birinin ölümü, ya da ölüm riskinin olması, sevdiyi bir heyvanını məsələn:pişik, balıq və s. itirməsi, ailədən kiminsə həyatını itirməsi və ya ağır bir xəstəliyiə düçar olması zamanı baş verə bilər.  Bunların hər biri uşaqlarda itirmə qorxusunun və bərabərində fobiyanın yaranmasına gətirib çıxarır. Uşaqların izlədiyi hər hansı bir film və cizgi filmindəki qorxulu fraqment, ölümlə bağlı hissə də onlarda qorxunun yaranmasına səbəb ola bilər. Paralel olaraq təbiət hadisələrini, təbii fəlakətləri də misal çəkə bilərik. Məsələn: zəzələ, sunami, ildırım, göy gurultusu kimi təbiət hadisələri də uşaqlarda, xüsusən kiçik yaşlı uşaqlarda qorxunun yaranmasına gətirib çıxara bilər.

Stess sonrası yaranan ölüm qorxusuna son dövrlər daha çox təsadüf olunur ki, burada yaş faktoru önəmli deyil, yəni hər yaşdan olan insanlarda stress, həyəcan sonrası ölüm qorxusu yarana bilər. Xüsusilə uşaqlar tez-tez ölüm barəsində danışırsa, narahat olursa, baş verən hadisələri ölümlə və ya ölüm riskinin yaranması ilə bağlayırsa və bir müddət sonra bu vəziyyət davamlı təkrarlanırsa valideynlər burda diqqətli olmalıdır.  

Bundan əlavə onu da qeyd etmək olar ki, ölüm qorxusu uşaqlarda bəzən nevrotik, obsessiv-komplusiv pozuntu da yarada bilir. Tez-tez əllərini yumaları, spirtləmələri, təmziliklərinə həddindən çox önəm vermələri və s. proseslərin alt hissəsində əslində xəstələnməyim və ölməyim düşüncəsi var. Xüsusilə corona virus və ondan sonrakı post-covid dönəmində bu hallar daha da artmış, nəinki uşaqlarda, hətta böyüklərdə də rast gəlinir.

Ölüm qorxusuna qalib gəlməyin ən əsas yollarından biri, ilk öncə ölümü kiçiltmək və hər kəsin bunu yaşayacağı mesajını övladımıza ötürmək və qəbul etdirməkdir. Müəyyən zaman sonra ölümün hər kəsin yaşayacağı bir proses olduğunu dərk edən uşaq artıq bu mövzuya əvvəlki kimi yanaşmayacaq, münasibət göstərməyəcəkdir. Ona uyğun dillə, onun anlaya biləcəyi səviyyədə, qorxutmayaraq bunu izah etmək lazımdır. Əgər ölümlə bağlı travması və ya yaşadığı hadisə varsa bu zaman mütləq şəkildə psixoloqa yönləndirilməli və bu fobiya zamanında peşəkar psixoloq tərəfindən korreksiya edilməlidir. Əksinə psixoloqa vaxtında müraciət edilməsə qorxu fobik nevroza keçərsə bu problemin korreksiyası daha da çətinləşər və uşağın psixoloqla bərabər psixoterapevtin və psixonevroloqun da köməyinə ehtiyacı olar.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!