Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Əkiz uşaqların psixologiyası”

Valideynlərə maraqlı olan və sual ünvanladıqları mövzulardan biri də əkiz uşaqların psixologiyası haqqındadır. Qeyd etmək olar ki, bu mövzuda valideynlərin doğru bildiyi yanlışlar çoxluq təşkil edir.

İlk öncə vurğulamaq lazımdır ki, əkiz uşaqlar eyni və ya oxşar görünüşə sahib olsalar da , tək yumurta əkizləri və s. olsalar da bu uşaqların hər biri ayrı-ayrı fərdlər, şəxsiyyətlərdir. Bu əkiz uşaq tərbiyəsində diqqətə alınmalı ən vacib nüanslardan biridir. Əkiz uşaqları olan bəzi valideynlərin uşaqları müqayisə etdiyini, eyni münasibət bəslədiyini, eyni geyindirdiyini müşahidə edirik. Bu kimi və başqa hallar onlarda qısqanclıq, inkişafdan geri qalma şəklində özünü göstərə bilər. Təbii ki, bunu da bildirmək lazımdır ki, əkizlərin bir-birinə bağlılıq duyğusu digər uşaqlara və bacı qardaşlara nisbətən daha çoxdur. Lakin, bu bağlılıq duyğusu da xəstəlik dərəcəsində olmamalı, bir-birlərinin həyatına, kimliklərinə təsir göstərməlidir. Ancaq qeyd etdiyimiz kimi bu valideynlərin onları eyni görünüşə sahib olsalar da, olmasalar da eyniləşdirməyi, eyni münasibət göstərməyi anlamına gəlməməlidir. Yəni fizioloji görünüşləri oxşar və ya eyni olsa da ana-atalar onları xarakterləri ayrı-ayrı fərdlər kimi düşünməli və qiymətləndirməlidirlər. Bu səbəbdəndir ki, çox zaman əkizlərin eyni geyindirildiyini, eyni bağçaya qoyulduğunu, eyni sinifdə oxuduğunu və s. kimi doğru olmayan hallara rast gəlirik. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, əgər  əkizlərin psixi, fiziki, nitq inkişafında problem yoxdursa yaşları etibariylə eyni bağçaya və ya məktəbə gedə bilərlər, ancaq valideynlər yaxşı olar ki, onları eyni qrupa və ya sinifə yox fərqli, davamlı birlikdə olmayacaqları qrup və sinifə yönləndirsinlər. Belə uşaqlar evdə davamlı müqayisə olunmağa məruz qalırsa, artıq bağça və məktəbdə də birlikdə olduqda istər-istəməz müəllimləri və ya ətrafdakı insanlar tərəfindən yenə də müqayisə olunacaqlar. Bu da onların psixologiyasına mənfi təsir göstərən amillərdən biridir ki, uşaq bu zaman özünü aktuallaşdıra bilmir və əskik, yetərsiz hiss edir. Belə ki, zamanla uşaq davamlı kiməsə oxşamağa çalışır və şəxsiyyətini tapa bilmir. Beləcə davamlı bu müqayisələrdən sonra əkiz uşaqlar arasında qısqanclıq duyğusu yaranmağa başlayır. İrəli dönəmlərdə bu müqayisələrin dairəsi də genişlənə bilər, belə ki,bu vəziyyət artıq təhsil həyatında, ailə həyatında müqayisələrə gədər gedib çıxa bilir. Təsadüfi deyil ki, əkizlərdə ruhi-əsəb problemlərinə meyillilik daha çox olur.

Övladlarınız əkiz olsa da ayrı-ayrı şəxsiyyətdir,təkdir, müqayisə olunmaz və əvəzolunmazdır. Valideynlərin bunu davamlı övladına hiss etdirmələrinin istər övladlarının psixoloji, istərsə də emosional inkişafına danılmaz şəkildə müsbət təsiri olacaqdır.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!