Bəzən oğlan uşaqlarının hərəkətlərində,davranışlarında onlara məxsus olmayan xüsusiyyətlər görə bilirik. Məsələn: qız oyuncaqları ilə oynamaları,irəli yaşlarda qadın aksesuarlarına, paltarlarına maraq göstərmələri, hətta istifadə etmələri və s. göstərə bilərik. Qeyd edək ki,bunun tam əksi də ola bilir, yəni qızların özlərini oğlan kimi aparması, oğlana xas olan xüsusiyyətlər sərgiləməsi və s. deyə bilərik. Bu halda ən çox narahatlığı ailə və valideynlər keçirir. Bu mövzu ilə bağlı psixoloqlara mütəmadi olaraq suallar ünvanlanır və məsələnin psixoloji tərəfləri soruşulur.
İlk öncə onu qeyd etmək lazımdır ki, uşaqlar 6-7 yaşına qədər “təqlid dönəmi” dediyimiz prosesi yaşayırlar, yəni ətrafını öyrənməyə, dərk etməyə və təqlid etməyə çalışır. Bu onun hər hansı cinsiyyət mənsubluğunu göstərmir. Bu dönəm cinsiyyətini kəşf etmə dönəmi hesab olunur, həmçinin valideynlərinə, ailələrinə cinsiyyətlə bağlı və ya “necə dünyaya gəlmişəm?” tipli müxtəlif suallar verməyə başlayırlar. Bu zaman valideynlər həyəcana qaılıb, təşvişə düşməməlidir. Əksinə bütün suallara təmkinlə yanaşmalı və uşaqların yaşına uyğun, onların anlayacaqları dildə lakonik şəkildə cavablandırmalıdırlar. Arıq 7 yaşdan sonra onlar öz cinsi kimliklərini anlamağa başlayırlar və onlarda cinsiyyət haqqında təməl fikirlər formalaşmış olur. Burada rol model, təqlid etdiyi insanlar çox önəmlidir. Belə ki, əhatəsində daha çox qadın olan oğlan uşaqları öz davranış və hərəkətlərində müşahidə etdiyi insanları, yəni qadınları təqlid etməyə başlayacaqdır. Əgər 7 yaşına qədər uşaqda valideynlər belə hallar müşahidə edirsə panikaya, narahatçılığa elə də ciddi səbəb yoxdur. Əksinə 7 yaşdan sonrakı dönəmlərdə də sıx şəkildə bu hallar müşahidə edilərsə bu zaman psixoloqa müraciət olunmasında fayda var.
Bu məsələlər hormonal problemlərdən də yarana bilər. Belə ki, bu zaman bu oğlanın və ya qızın fizioloji quruluşunda da özünü biruzə verəcəkdir. Bu proses daha çox yeniyetməlik yaşlarında daha çox üzə çıxır.
Belə hallarla qarşılaşan valideynlər də iki qrupa bölünür; bir qrup valideyn uşaqlarını danlayır, cəzalandırır, digər qrup valideynlər isə bu halları müşahidə etdikdə çox mülayim davranır və ya uşağın bu davranışına əyləncəli bir proses kimi yanaşırlar. Əslində bu cür yanaşmaların heç biri doğru hesab olunmur. Daha çox uşağın o hərəkəti, davranışı etməməsi üçün yayındırıcı davranışlar sərgiləmək tövsiyə olunur. Məsələn: onu çağırmaq və başqa bir şeylə məşğul etmək və ya cizgi filmi birlikdə izləməyi təklif etmək və s. göstərilə bilər. Yəni, onun bu davranışları ilə diqqət çəkməsinə normal bir şəkildə mane olmaq lazımdır. Uşaq belə hərəkət və davranışlarla diqqət çəkə bilmədiyini anlamalıdır.
Ona görə də bu dönəmlərədə valideynlər xüsusi ilə diqqətli olmalı və bu halları müşahidə etdikdə övladları ilə onları ayıblamadan söhbət etməlidirlər. Əgər ehtiyac olarsa övladlarını mütləq psixoloji dəstək almaq üçün klinik psixoloqa yönləndirməlidirlər.
Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova