Ailə qurarkan cütlüklər arasında yaş meyarı və bunun gələcək ailənin sosial-psixoloji vəziyyətinə təsiri hər zaman müzakirə olunan mövzulardan biri olmuşdur. Evlilikdə yaş meyarı, fərdlər arasındakı yaş fərqləri, psixoloji vəziyyətləri və bütün bunların evlilikdə rolu haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova sia.az müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
“İlk öncə bildirmək lazımdır ki, evlilik ümumiyyətlə çox məsuliyyətli bir qərardır. Mental dəyərlərimizə əsasən çox zaman kişi qadından ən azı 3-4 yaş böyük olması arzu olunan haldır. Ancaq, əslində insanın fizioloji yaşı deyil, psixoloji yaşı əsas götürülməlidir. Digər nöqteyi-nəzərdən yanaşsaq evlilikdə insanın psixoloji yaşı ilə bərabər emosianal, intellektual yaşı da vacib məsələdir.
Ümumiyyətlə insanın yaşını iki nöqteyi-nəzərdən dəyərləndirmək lazımdır. Birincisi emosional yaş(EQ), digəri isə İQ dediyimiz zəka, intellek yaşıdır. Qeyd etmək olar ki, insanın cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında zəka yaşı (İQ) ilə bərabər emosional yaşı(EQ) da xüsusi rola malikdir. Başqa sözlə ifadə etsək EQ insanların duyğu yaşı, ruh yaşıdır. Emosial yaş insan beyninin sağ yarımkürəsinin aktivliyi nəticəsində yaranır, əksinə zəka yaşı (İQ) isə beyinimizin sol yarımkürəsinin aktivliyi ilə ortaya çıxır. İQ dediyimiz zəka yaşı insanın anlama bacarığı, məlumatları analiz-sintez etmə qabiliyyətini formalaşdırır. Bəzən insanların fizioloji yaşı ilə psixoloji yaşı üst-üstə düşməyə bilir. Belə ki, EQ və İQ yaşı normadan aşağı olan kifayət qədər insanlar var. Məsələn elə insan var ki, 28 yaşı var, ancaq biz onun zəka yaşını yoxlasaq 18-20 yaşında olduğunu görərik. Bu da sözsüz ki, onun yaşam tərzində özünü göstərəcək, belə ki, ətrafında baş verən hadisələrə, evliliyə, ailə münasibətlərinə o 28 yaşlı bir insanın düşüncəsi ilə deyil, 18 yaşlı insanın baxış bucağı ilə yanaşacaq. Bu səbəbdən də qeyd etmək istəyirəm ki, evlilik öncəsi psixoloji hazırlıq diqqət edilməsi nüansdır. Belə ki, insanların bu münasibətə başlamamışdan əvvəl və ya evlilik öncəsi psixoloji müayinədən keçməsi əsas şərtlərdən biri kimi göstərilir. Bu halların əksi ilə də qarşılaşmaq mümkündür, yəni EQ və İQ yaşı fiziloji yaşından çox olan insanlar da var.
Cütlüklər arasındakı münasibətlərin və yaşanan problemlərin psixoloqlar tərəfindən tənzimlənməsi onların gələcək həyatına müsbət mənada təsir göstərə bilər. Cütlüklər arasında yaş fərqi kifayət qədər çox olan ailələrdə uğurlu münasibətin olduğu halına da rast gəlirik. Məsələn, fizioloji olaraq fərdlər arasında 10 yaş fərq olsa da, biz onların intellektual(İQ) və emosional(EQ) yaşlarını yoxlayanda bu yaşlarının bir-birinə çox yaxın olduğunun şahidi ola bilərik.
Tibbi baxımdan yanaşsaq və həkimlərin tövsiyəsini nəzərə alsaq fizioloji olaraq, qadının kişidən bir neçə yaş kiçik olması psixoloji, fiziki baxımdan daha məqsədəuğyun hesab edilir. Çünki qadınlarda fizioloji olaraq dəyişikliklər baş verir və bu da irəli yaşlarda onların ana olmağına maneə olar bilər. Ortalama götürdükdə, evlilikdə cütlüklər arasında 5 yaş fərqin olması normal hesab edilir. Ancaq yenidən vurğulamaq istəyirəm ki, burada fərdlərin psixoloji vəziyyəti, emosional və intellektual yaşları vacib məsələdir.
Son olaraq vurğulamaq istərdim ki, ailə kiçik bir dövlətdir və çalışmalıyıq ki, onun təməlləri möhkəm olsun. Bu da ancaq sevgi, bir-birini anlama, sevərək olduğu kimi qəbul etmək və qarşılıqlı hörmət şəklində ola bilər.”