Bəzi uşaqların yalan danışmasında günahkar kimdir?

Bəzi uşaqların yalan danışmasında günahkar kimdir?

“Yalan hamı tərəfindən ayıblanan bir haldır. Azyaşlı uşaqların yalan danışması halları ilə tez-tez rastlaşırıq və bu valideynləri narahat edən məsələlər sırasındadır. Ancaq valideynlər uşağın xəyal gücü, təxəyyülü ilə nəyisə ifadə etdiklərini və ya yalan danışdığını ayırmalıdır. Çünki, 3-5 yaş arasındakı uşaqların xəyal gücləri çox zəngin olur”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, xəyali hadisələr, hekayələr danışırlar və danışdıqları şeylərə özləri də inanırlar: “Hətta bəzi uşaqların xəyali dostları olur. Valideynlər bu halı düzgün dəyərləndirməsələr uşağın yalan danışdığını düşünərək narahat ola bilərlər. “Mənim uşağım çox yalan danışır” deyə psixoloqa aparılan bir çox sağlıqlı uşaq var. Uşağın yalana danışmasına bəzən də yetişkinlərin ziddiyyətli halları səbəb olur. Həmçinin qeyd etmək lazımdır ki, uşaqlar yalana qarşı çox həssas olurlar. Bəzən valideynlər bu və ya digər şəkildə istəmədən də olsa uşaqları yalana ortaq edirlər. Ancaq bu doğru deyil, ana və ya ata öz yalanına uşağı ortaq etməməlidir. Uşaq bu cür yalanları sonra ana və atasına qarşı istifadə edir. Müəyyən dönəmdən sonra belə uşaqlar nəinki ata-anaya, hətta ətrafına, münasibət qurduğu insanlara da yalan deməyə başlayır.

Uşaq tez-tez yalan danışırsa bu önəmli bir haldır. Çünki bu ana-ata ilə uşaq arasındakı inamın sarsıldığının götəricisidir. Uşaq yalana valideynlərinin gözləntiləri öz gücünə uyğun olmadıqda və ya cəzadan qaçmaq məqsədi ilə əl ata bilər. Yalan söylədiyi üçün uşağı döymək olmaz, bu düzgün çıxış yolu deyil. Çünki, bunu etdiyinizdə və ya reaksiyanız sərt olduqda o həqiqəti deməkdən qorxacaq və yalanlara davam edəcək. Belə hallarda uşağın yalan demə sıxlığı, dozası diqqətə alınmalıdır və ehtiyac yaranarsa mütləq psixoloq dəstəyi alınmalıdır. Ancaq bu o demək deyil ki, davamlı yalan danışan uşağa valideyn cəza verməməlidir. Əvvəlcə valideyn övladı ilə bu barədə söhbət aparmalı, onun anlayacağı dildə ona izah etməlidir. Növbəti dəfə təkrarlanarsa artıq valideyin yüngül cəza üsulları tətbiq edə bilər. Məsələn, uşaq yalan danışdığına görə sevdiyi cizgi filminə əvvəlki kimi yox, 10 dəqiqə baxmağa icazə verilə bilər və ya 1 gün oyun saatlarını müəyyən dərəcədə azalda bilər və s. Bu proseslərdən sonra da problem korreksiya oluna bilmirsə, valideynlər zamanında psixoloqa müraciət etməldir.

Psixoloq söhbət aparmalı və məsələnin dərinliyinə enməlidir. Belə ki, terapiyalar sayəsində problem daha çox irəliləmədən müəyyən zamanda korreksiya oluna bilər”.

https://sia.az/az/news/social/1073672.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!