Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Narsist şəxsiyyət tipi olan İnsanlar empatiya qura bilmir“ – PSİXOLOQ DANIŞDI

“Əvvəlcə onu bildirməliyəm ki, praktikamda narsist şəxsiyyət tipi ilə çox qarşılaşmışam. Son zamanlar bununla bağlı da çox suallar alırıq. Məsələn: “Qarşımızdakı insanın narsist olduğunu hansı hərəkətlərindən anlaya bilərik? Bu cür insanlarla münasibət qurarkən nələrə diqqət etmək lazımdır?” və s. qeyd etmək olar. İlk öncə vurğulamalıyam ki, narsist şəxsiyyət tipi olan insanlar empatiya qura bilmir, daima diqqət mərkəzində olmağa çalışır, özünəvurğun olurlar. Olduqları mühitdə, ətrafındakı insanlardan diqqət görmədikdə narahat olurlar və bu onların ünsiyyət qurmasında çətinliklər yaradır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, narsistlərin uzun zamanlı münasibətləri, dostluqları az müşahidə olunur: “Bir halda onların münasibəti uzun illərə dayalı olur ki, qarşısındakı insan həmin şəxsin narsist olduğunu anlayır və onu kontrol edə, münasibəti tənzimləyə bilir. Bir sözlə narsistlər “mən mərkəzçi” olurlar. Hər zaman özlərini ətrafındakı insanlardan üstün tuturlar. Hər kəsin onlara heyran olmasını istəyər və çevrəsinə daha çox bu tipdə insanlar buraxarlar. Eyni zamanda narsist insanlar heç zaman səhvlərini qəbul etmirlər. Səhvi hər zaman ətrafında, çevrəsində olan insanlara və ya cəmiyyətə yükləyirlər. Onlar üçün 2 önəmli faktor var:özləri və etdikləri şeylər. Etdikləri sadə də olsa, onlar üçün ən önəmlidir və digər insanların etdiklərindən üstündür.

Belə insanlarda terapiya zamanı da ən çətin məqamlardan biri qəbullanmaqdır. Narsistlər çox zaman narsist olduğunu qəbul etmək istəmirlər. Onların davranışının, insanlara münasibətinin normal olduğunu elə bu şəkildə də davam etməli olduğunu qəbul edirlər. Ancaq müəyyən mərhələdən sonra onlarda fərqindəlik yarandıqda və qəbullanmağa başladıqda terapiya effektiv şəkildə davam edir.

Narsist valideynlər övladını daim idarə edir, söz haqqı vermir, basqı altında saxlayır və bunda özlərini doğru hesab edirlər. Ona görə də belə valideynlərin övladı yeniyetməlik çağında,istərsə də böyüdükdə müstəqil şəkildə qərar verə bilmir, daima valideynlərindən asılı olurlar, özgvənləri aşağı olur”.

https://sia.az/az/news/social/1098750.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!